Ümidləndirən "Sabah"
- 04 Avq 2023 12:00
- 638
RFŞ-lə oyundan sonrakı mətbuat konfransında “Sabah”ın baş məşqçisi Murad Musayevi təbrik etdim, ardınca da ona dözüm və səbr arzuladım. Çünki qarşıda hələ 36 turdan ibarət bütöv bir mövsümlə yanaşı “Partizan”la çətin sınaq var. Ümid edirəm ki, “Sabah” uğurun davamını gətirəcək və sebrləri də qruplara uzanan yolundan kənarlaşdırmağı bacaracaq. Komandanın potensialı, Musayevin məşqçilik bacarığı buna imkan verir.
Murad Oleqoviçə səbr arzulamağım da onunla bağlıdır ki, qarşıdakı bir-birindən gərgin oyunlarda onun həmin səbrə ehtiyacı olacaq. Belə məqamlarda bir qədər soyuqqanlı davranmaq, hər cür vəziyyətə hazırlaşmaq lazımdı. Bu gün qələbə qazanırsan, səni qəhrəman edirlər, tərifləyirlər. İşdir, sabah uduzsan, həm tənqid olunacaqsan, həm də kəskin suallarla üz-üzə qalacaqsan. Riqalılarla oyundan bir gün öncə keçirilən mətbuat konfransında Musayev mənim “RFŞ-i evdə də məğlub etmək üçün sabah bütün “kartları” açacaqsız, yoxsa “Partizan”la oyunu düşünüb, nələrisə gizlətməyə çalışacaqsız” sualına sərt reaksiya göstərmişdi. Bəli, arxı tullanmamış “hop” deməyin Musayevin xarakterinə zidd olduğunu bilirəm. Məlum məsələdir ki, hər bir mütəxəssisin bəlli strategiyası olur. Necə ki, o strategiyanı biz RFŞ-lə oyunun gedişində gördük. Mənim təxminlərim doğruldu. Cənab Musayev mümkün qədər az tər axıtmaqla turu keçməyə çalışırdı. Elə mənim də sualımın məğzi o idi. Bəlkə də, Musayevin planlarına toxunmaq istəyim onu qıcıqlandırmışdı. Amma unutmaq lazım deyil ki, hər kəs öz işini daha yaxşı görməyə çalışır. O cümlədən də biz qələm əhli.
“Sabah”ın həm səfərdəki, həm də Masazırdakı oyununu, Musayevin heyət seçimini görəndə hiss etmək çətin deyildi ki, baş məşqçi müəyyən taktiki gedişlərə əl atıb, aparıcı futbolçuların nəyə qadir olduğunu tam göstərmək istəmir. Növbəti mərhələdəki rəqibin daha ciddi komanda sayılan “Partizan” olduğunu nəzərə alsaq, Murad bəyin bu addımı alqışlanmalıdır. Sadəcə, oyunun gedişində rəqibin azlıqda qalması futbolçularda müəyyən arxayınlıq yaratdı. Necə ki, təxminən 20 il bundan əvvəl keçirilən Azərbaycan – Moldova qarşılaşmasında rəqibin iki futbolçusu meydandan qovulmuş, bizimkilər də arxayınlığın qurbanına çevrilərək oyunda hesabı aça bilməmişdilər. Amma “Sabah” bu səhvi təkrarlamadı. Heç şübhəsiz ki, onları qəflət yuxusundan riqalıların hesabı açması oyatdı. Təzyiqi artıran, oyuna daha ciddi yanaşan meydan sahibləri yersiz riskə getməyərək qələbə üçün daha çox can qoymağa, dəyişikliklərə əl atmağa başladı ki, bunun da mükafatı gözəl qələbə oldu.
Hər şey “Sabah” üçün əla nəticələndi. Heç də zəif olmayan rəqibi iki oyunda da məğlub etmək, debüt ilindəcə avrokuboklarda mərhələ keçmək sevindirici məqamdır. Lakin problemlər də olmamış deyil. Bu problemlərdən də ən böyüyü futbolçuların həlledici məqamda vahid mexanizm kimi çıxış edə bilməməsi, qolla nəticələ bilənəcək ötürmələri verməyə xəsislik etməsidir. Mətbuat konfransında bunu qeyd etdik və gördük ki, cənab Musayev də bizimlə razılaşır. Bunu o da hiss etmişdi. Deməli, qarşıdakı bir həftə ərzində “Sabah” bu problemin üzərində çalışacaq, “Partizan”la oyuna daha hazırlıqlı çıxacaq. Biz də buna inanırıq. Həm sabaha ümidlə baxırıq, həm də “Sabah”a!