Voleybol üzrə tələbə oğlanlardan ibarət Azərbaycan millisi XXXI Ümumdünya Yay Universiadasında iştirak edəcək. "Rekord.az" xəbər verir ki, Çinin ev sahibliyi edəcəyi yarışda komandamız C qrupunda mübarizə aparacaq. Çendu şəhərində keçiriləcək yarışda Azərbaycan millisinin rəqibləri Ukrayna, Yaponiya və Çin yığmaları olacaq.

Komandamız Ümumdünya Yay Universiadasında ilk oyununu iyulun 29-da Ukrayna kollektivinə qarşı keçirəcək. Voleybolçularımız bir gün sonra Yaponiya ilə üz-üzə gələcəklər. Yığmamızın qrupdakı son matçı avqustun 2-də baş tutacaq və rəqib ev sahibi olacaq.

Qeyd edək ki, hər qrupda ilk iki pilləni tutacaq komandalar çemponluq uğrunda mübarizəni davam etdirəcəklər. Üçüncü və dördüncü olacaq yığmalar isə 9-16-cı yerlər üçün mübarizə aparacaqlar. XXXI Ümumdünya Yay Universiadası avqustun 7-də başa çatacaq.