“Uotford”da koronavirusa yoluxan futbolçu bəlli oldu
- 20 May 2020 20:30
- 526
İngiltərənin “Uotford” klubunda üç nəfərdə koronavirus aşkarlandığını xəbər vermişdik.
Rekord.az xəbər verir ki, klubun mətbuat xidməti ad açıqlamasa da, onlardan birinin futbolçu, digərlərinin isə klub işçisi olduğunu bildirmişdi.
Artıq koronavirus aşkarlanan futbolçunun kimliyi də bəlli olub. “The Telegraph” nəşrinə açıqlama verən müdafiəçi Adrian Mariappa həmin futbolçunun özü olduğunu bəyan edib. Yamayka yığmasında çıxış edən 33 yaşlı ingilis oyunçu bunları söyləyib:
“Test nəticəm müsbət çıxandan bəri koronavirusa necə yoluxduğumu anlamağa çalışıram. Mənim üçün bu, çox böyük sürpriz oldu. Çünki arabir uşaqları gəzdirməyimi çıxmaq şərtilə, bu müddət ərzində evdə olmuşam. Hazırda səhhətim də yaxşıdı. Heç bir simptom özünü göstərmir”.
Xatırladaq ki, İngiltərə Premyer Liqasının rəsmi saytı ötən gün bütün elita təmsilçilərində sadəcə, 6 nəfərdə koronavirus aşkarlandığını açıqlamışdı. Onlardan biri də “Bernli”nin köməkçi məşqçisi Yan Voandı.