“Qarabağ” növbəti transferini rəsmiləşdirib.

Rekord.az xəbər verir ki, Ağdam klubu ötən mövsümü Kipr APOEL-ində keçirən Uroş Matiçi heyətinə qatıb.

Bu barədə klubun sosial şəbəkə hesabında məlumat verilib. Transferin detalları açıqlanmasa da, Matiçin “Qarabağ” forması ilə fotosu yayımlanıb. Fotodan 30 yaşlı serb futbolçunun yeni komandasında 8 nömrəli formanı geyinəcəyi bəlli olur.

Qeyd edək ki, Uroş “Mançester Yunayted”in ulduzu Nemanya Matiçin kiçik qardaşıdır. Nemanyadan 1 yaş balaca olan Uroş “Qarabağ”la 6 dəfə üz-üzə gəlib. Bunun ikisi 2017-ci ilə təsadüf edib. Həmin vaxt “Kopenhagen”in şərəfini qoruyan serb Çempionlar Liqasının təsnifat mərhələsində Azərbaycan çempionuna qarşı forma geyinib. Ötən mövsüm isə APOEL-in heyətində öncə ÇL-nın üçüncü təsnifat mərhələ oyunlarında, ardınca Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın önünə çıxıb, hətta Bakıdakı görüşdə qol da vurub.

Balkanlı futbolçu Azərbaycana kimi 6 ölkədə legioner həyatı yaşayıb. Slovakiyada (“Koşitse”, 2009-2013) 4 il keçirən yarımmüdafiəçi daha sonra Portuqaliyaya yollanıb. 1 il “Benfika”nın B komandasında çıxış edib. O, 2014-2016-cı illəri Niderlandda keçirib, “NAK Breda”nın uğurları üçün tər töküb. Növbəti il Avstriyaya üz tutub, “Şturm”da özünü göstərib. 2017-ci ildə Danimarkada peyda olub, “Kopenhagen”də cəmi 1 mövsüm keçirəndən sonra yenidən Avstriyaya dönüb. Bu dəfə Vyana “Austriya”sına. 2019-cu ilin yayında isə APOEL-lə müqavilə bağlayıb.

“Qarabağ” bu yay sabiq futbolçularından Donald Gerye ilə Emil Balayevi yenidən transfer edib, həmçinin kolumbiyalı müdafiəçi Kevin Medinanı heyətinə qatıb.