Uşaq Liqalarının hakim bəlası: başla ötürməyə cərimə zərbəsi təyin edirlər...
- 30 Okt 2024 15:00
- 403
Yazsaq ki, uşaq liqalarında tək təşkilatı işlər yox, hakimlik də bərbad durumdadı, yazacaqsınız ki, Premyer Liqada hakimlik bu gündədirsə, uşaq liqalarından nə gözləyək? Haqlı arqumentdi, amma istənilən halda, bu, əsas vermir ki, biz uşaqlarımızı aşağı yaşdan hakimlikdə xəbəri olmayanlarla üz-üzə qoyaq.
Rekord.az-a son günlər bununla bağlı daxil olan şikayətlərin sayı artıb.
Müəyyən araşdırma apardıqdan sonra məlum oldu ki, sözügedən məsələ ilə bağlı vəziyyət ildən-ilə pisləşir. Son dövrlər AFFA aşağı liqalara xanım hakimlərin cəlb olunmasını intensivləşdirib. Yəni oyunlara təyinat alan xanım hakimlərin sayında artım var. Məhz bu məqam da narazılıqları kəskin artırıb. Söhbət ayrı-seçkilik, gender məsələsi deyil. İş ondadır ki, xanım hakimlərin əksəriyyərinin hakimlik bir yana, heç futboldan düz-əməlli anlayışı yoxdur. Təsəvvür edin, futbolçu başla topu öz qapıçısına ötürür və qapıçı topu əlinə götürən kimi hakim cərimə zərbəsi təyin edir. Elə xanım hakimkər var ki, künc zərbəsi ilə penaltini səhv salır. Hansısa epizoda etiraz edən məşqçilərə isə dərhal qırmızı vərəqə göstərilir. Bütün bu proseslər də 9-10-11 yaşlı uşaqların gözü önündə baş verir.