Molla Nəsrəddinin çox məşhur lətifələrindən birində bundan bəhs olunur. Bir gün padşah molladan “üzrü günahından betər” məsəlinin nə demək olduğunu soruşur. Mollanı fikir götürür ki, padşaha bunu necə başa salsın. Qəfildən padşahın yanından bir çimdik götürür, yerindən dik atılan əlahəzrətə deyir ki, “bağışlayın, elə bildim arvadımsız, ona görə çimdiklədim”. Bunu eşidən padşahın gözləri kəlləsinə çıxır, bərk əsəbləşir. Molla da qayıdır ki, zati-ailələri, üzrü günahından betər budur. Mən bir günah işlədim, sonra üzrü elə forma istədim ki, işlətdiyim günahdan daha çox sizi əsəbləşdirdim.


“Turan Tovuz”un 23 yaşlı yarımmüdafiəçisi Veysəl Rzayev “Səbail”lə oyundan sonra tribunalara qalxıb, azarkeşlərlə əlbəyaxa dava etmək fikrinə düşüb. Yaxşı ki, həmin yerdə asayiş keşikçiləri olub. Yoxsa nə baş verəcəyini təxmin etmək çətin deyil. Qəzəbli kütlə Veysəli vurmağa başlasaydı, onları kim sakitləşdirəcəkdi? Futbolçunu azarkeşlərin əlindən kim alacaqdı? 23 yaş heç də az deyil. Rzayev həm insan, həm də futbolçu kimi müəyyən bir təcrübəyə malikdir. Belədə onun futbolçulara qınaq bildirən azarkeşlərə doğru hücuma keçməsinə anlam vermək çox çətindir. Guya ki, o çoxluqda kimə nə edəcəkdi? Veysəl hansısa azarkeşi vursaydı, digərləri dayanıb ona baxacaqdı? Əlbəttə ki, yox. 


Dərd orasındadır ki, Veysəl oyundan sonra buraxdığı səhvləri davam etdirib və azarkeşlərdən çox qəribə formada üzr istəyib. Deyib ki, məni təhqir edənləri çıxmaq şərtilə, bizi dəstəkləyən azarkeşlərdən üzr istəyirəm. Sanki futbolçuyla münaqişə yaşayanlar 90 dəqiqə ərzində onu dəstəkləməyib, “Turan Tovuz”un qələbə qazanmasını arzulamayıb. Elə onların qəzəblənmələrinin səbəbi də o olub ki, Tovuz təmsilçisi aşkar autsayder sayılan “Səbail” üzərində qələbə qazana bilməyib. Bununla da qələbə həsrəti beş oyuna çatıb. Bəli, düz beş qələbəsiz oyun. Maraqlıdır ki, “Turan Tovuz” “Səbail”i bundan əvvəlki iki qarşılaşmada da yenə bilməyib. 3-cü dövrəyə təsadüf edən və 1:1 hesabıyla nəticələnən oyun Tovuzda keçirilmişdi. Həmin qarşılaşmadan sonra komandanın baş məşqçisi Kurban Berdıyev azlıqda qalmalarını bəhanə etmiş, futbolçusuna verilən qırmızı vərəqəni xal itkisinə səbəb göstərmişdi. Bu dəfə bəhanəyə əl yeri qalmadı.


Bəli, “Turan Tovuz”un problemlərinin yeganə səbəbkarı Veysəl Rzayev deyil. Əsas məsuliyyət futbolçuları oyuna hazırlayan, onlara taktiki-texniki tapşırıqlar verən, mövsümün əvvəlində və qış fasiləsində heyəti formalaşdıran Kurban Berdıyevin üzərindədir. Ondan da əvvəl klub rəhbərliyi məsuliyyət daşıyır ki, uğursuz baş məşqçi seçimi ediblər. Müasir futbol tamam başqa şeylər tələb edir. Xüsusən də Tovuz kimi futboldan baş çıxaran və tələbkarlıqları ilə seçilən azarkeşlərin olduğu bölgə komandasına daha gənc və enerjili mütəxəssis rəhbərlik etməliydi. Berdıyev 90 dəqiqə ərzində ehtiyat oyunçular skamyasında təsbeh çevirir, onun oyuna hansısa müdaxiləsini görmürük. Rusiyalı mütəxəssisin Tovuza gətirdiyi legionerlər də bərbaddır, yerlilərdən daha zəifdir. Əsas günah sahibləri qaçıb gizlənir, Veysəl Rzayev özünü uşaq kimi aparıb, azarkeşlərlə üz-göz olur. 


Bu gedişlə “Turan Tovuz”un çəkdiyi xərc və əziyyət boşa gedəcək, komanda qarşıya qoyulan məqsədə çata bilməyəcək. Görək onda əsl məsuliyyət sahibləri azarkeşlərdən hansı formada üzr istəyəcəklər?!