Yığmanın sabiq üzvü, iki ilə yaxındı klubsuz olan Vaqif Cavadov, deyəsən, artıq böyük futboldan uzaq qalması ilə barışıb. Və artıq özünü başqa sahədə sınamağa qərar verib. Bugünlərdə Cavadovun “Azleader” adlı uşaq futbol klubu yaratması haqda xəbər yaylıb. Deyilənlərin nə dərəcədə düz olduğunu aydınlaşdırmaq üçün Vaqiflə danışmağa qərar verdik. Sabiq milli üzvü söylənilənləri təsdiqlədi və yeni layihəsi haqda ətraflı məlumat verməklə yanaşı, başqa məqamlara da toxundu.

 


- Klubda 4-14 yaş aralığında uşaqlar məşq edə biləcək. “Azleader”in ofisi paytaxtda, Xətai prospekti, 15-də yerləşir. Uşaqlar yayda məşqlərini "Sevgililər parkı"nda yerləşən süni örtüklü meydanda, qışda isə Xətai prospektində yerləşən "Azfar"ın qapalı meydanlarında keçirəcək.
- Son illər istər paytaxtda, istərsə də bölgələrdə çoxlu özəl futbol məktəbi açılır. Sənin təsis etdiyin “Azleader”in özəlliyi nə olacaq ki, övladını futbol məktəbinə yazdırmaq istəyən valideyn bu klubun qapısını döysün?
- Əsas özəlliyi odu ki, bu məktəbin təsisçisi mənəm. O biri məktəbləri kimlərin açdığından xəbərsizəm. Bir onu bilirəm ki, Vüqar Nadirov icraçı direktor kimi “Sportinq”də çalışır. Həmin klubun rəhbərliyinin bu addımını təqdirəlayiq hal kimi dəyərləndirirəm. Vüqar futbolu dərindən bilir və inanıram ki, təcrübəsini futbolumuzun inkişafı yönündə bölüşəcək. Açdığım məktəbə gəlincə, bu sahədə savadım və təcrübəm yetərincədi. 27 il futbolun içində olan biri kimi deyə bilərəm ki, “Azleader” bu sahədə öncüllərdən biri olacaq. Çalışacağam məktəbin uşaqları ən yaxşı idman geyimləri ilə təchiz olunsun, ən yaxşı gənc məşqçilərlə birlikdə çalışaq. Biz çalışacağıq ki, uşaqlarımız nəinki futbol, ondan kənarda da seçilsinlər. Bu gün uşaqlar 3-5 gün məşqə gələndən sonra bezirlər, topa yaxın düşmək istəmirlər. Elə edəcəyik ki, azyaşlılar hər məşqə həvəslə gəlsinlər, məşq günlərini səbirsizliklə gözləsinlər. Onlara həm futbolun sirlərini öyrədəcəyik, həm də əyləncəli vaxt keçirmələrinə şərait yaradacağıq. Zamanla hamı “Azleader”in frəqli məktəb olduğunu görəcək.
- Yəqin ki, bu bir günün qərarı deyil. Bu addımı atmamışdan öncə çox fikirləşmisən...
- Belə bir məktəbi açmaq böyük məsuliyyət tələb edir. Cavadovlar soyadı, Vaqifin adı olan yerdə hər şey mükəmməl olmalıdı. Mən bu layihəni sırf pul qazanmaq naminə reallaşdırsaydım, bəlkə də hər şeyə fərqli yanaşardım. Dediyim kimi, adıma layiq futbol məktəbinin olmasını istəyirəm.
- Puldan söz düşmüşkən, ödəniş haqqı dəqiqləşib?
- Ödənişin nə qədər olacağı hələ dəqiqləşməyib. Məktəb açılandan sonra valideynlərə məlumat veriləcək.
- Məşqçi korpusunda kimlər yer alacaq?
- Təbii ki, artıq kimlərlə yola çıxacağımı müəyyənləşdirmişəm. Gələn həftə bu haqda ictimaiyyətə ətraflı məlumat verəcəyik. Hər bir məşqçinin karyerası barədə dəqiq informasiya olacaq. Uşaq futbolu elə sahədi ki, burda məşqçi seçimində səhvə yol vermək olmaz. İzlədiyim oyunlar, fəaliyyət göstərən məktəblərin iş metodu ilə tanış olarkən görürəm ki, Azərbaycanda uşaq futbolu sahəsində bəzi nüanslar var. Onları mütləq aradan qaldırmaq lazımdı. Məşqçi dərin futbol biliyinə sahib olmaqla yanaşı, uşaqlarla da işləməyi, onlara diqqət və nəvaziş göstərməyi bacarmalıdı. Əks halda uşağı futboldan diksindirərik.
- “Azleader”də çalışacaq məşqçilər yəqin ki, vaxtilə futbol oynayan veteranlar arasından seçilib.
- Buna heç kimin şübhəsi olmasın. Məktəbdə nə bank işçisi, nə də mühafizəçi məşqçilik edəcək (gülür). İndi məşqçi olmaq çox asandı. Gedib müəyyən vəsaiti ödədikdən sonra kurslara qatılıb, qısa vaxtda kateqoriya alırlar və bununla da olurlar məşqçi. Oxumaqla məşqçi olmaq olar, ancaq futbolun incəliklərini bilmək çox vacibdi. 5-10 il oxumaqla lap PRO kateqporiyasını ala bilərsən. Ancaq sən bilmirsən axı, mən bu səviyyəyə çatmaq üçün 27 il hansı əziyyətə qatlaşmışam. Bu səbəbdən məktəbdə çalışacaq məşqçilərin hər biri uşaq futbolundan başlayaraq, peşəkar komandaya qədər uzun yol keçiblər.
- Futbol məktəbini açan Vaqif, deyəsən, artıq futbolçu karyerasının başa çatması ilə barışıb...
- Həmişə demişəm, yenə təkrarlayıram: futbol oynamağa gücüm var və istənilən an meydana çıxıb bunu sübut edə bilərəm. Buna heç kimin şübhəsi olmasın. Nə artıq çəkim, nə də hansısa problemim var. İndi Azərbaycan futboluna baxanda kimlərin oynadığını görürük. Futbol oynamağıma imkan verməyənləri yenə Allaha tapşırıram. Mən hələ peşəkar karyeramı bitirməmişəm. Məktəbi isə ona görə açdım ki, bu sahədən uzaq düşməyim. Ümumiyyətlə, bizim dövrün futbolçuları – Rəşad Sadıqov, Kamran Ağayev, Mahir Şükürov, mən və adını çəkmədiyim başqaları niyə sevdiyimiz, bacardığımız sahədən getməliyik? Ölkə futboluna nəsə vermişik ki, bizləri tanıyırlar, getdiyimiz, olduğumuz yerlərdə hörmət edirlər. Bu gün yığmaya əcnəbi məşqçi dəvət etməkdənsə, Rəşada o postu tapşırmaq olmazmı? Bunu azarkeşlər, idman mediası istəyirsə, futbol camiəsi onu sevirsə, niyə ona bu şans verilməsin? Sadıqov bu günə kimi U-19-da çalışıb, U-21-in “sükanı arxasında” olub. İşi ilə də etimadı doğruldub. Kamran Ağayevi küsdürürük. O ölkə futboluna az xeyir verib? Yığmanın ən yaxşı vaxtlarında “1 nömrə” olan indi necə olur ki, unudulur? Xasiyyətin pis-yaxşı olması vacib deyil. Futbolçunun işinə meydanda qiymət vermək lazımdı. Kamran kimi qolkiperin klublara lazım olmaması fəlakətdi. Onun potensialı hələ bir neçə il də “1 nömrə” olmağa imkan verir. Eyni zamanda özümü və Vüqar Nadirovu da nümunə göstərə bilərəm. 32 yaşlı adama yaşlı damğası vururuq, xasiyyətindən narazılıq edirik. Belə şeyləri qabartmaq düz deyil. Azərbaycanda heç kimlə prinsip aparmaq lazım deyil. Bizim o qədər çox futbolçumuz yoxdu ki, birini sıradan çıxaran kimi yerinə yenisini tapmaq asan olsun. Nə olsun o düz danışandı, ağa “ağ”, qaraya “qara” deyəndi. Buna görə onu silmək nə dərəcədə düzdü? Mahir Şükürov bu gün heç yerdə çalışmır. Onun danışıq qabiliyyəti olmaya bilər, bəs təcrübəsi, ad-sanı? O hansısa klubun idarəçilik sistemində çalışa bilər və futbol biliyi ilə az da köməyi dəyməz. AFFA rəhbərliyi, Məşqçilər Komitəsinin üzvləri, görəsən, bu haqda düşünürlər? Orda olanların hamısı bizim ağsaqqalardı, onlara da hörmətimiz var. Biz də nə vaxtsa qocalacağıq. Ancaq nədənsə onlar da bizim işlə təmin olunmağımızda maraqlı deyillər. Heç olmasa, müxtəlif yaş qrupu üzrə yığmalarda ikinci məşqçi kimi çalışmağımıza imkan yaradılmalıdı. Vaqif Cavadov, Kamran Ağayev bunu bacarmaz? Bacararıq, özü də ən yaxşı formada. Ancaq nədənsə bizə bu şəraiti yaradan yoxdu. Deməsinlər ki, kateqoriyaları yoxdu. Bu gün o qədər klub var ki, baş məşqçilərinin lazımi kateqoriyası yoxdu. Onlar necə işləyir? Biz də oxuyacağıq. Mən gedib hansısa klubun U-12 komandasında ikinci məşqçi işləyən deyiləm ki? Ən azı karyeram var, uzun müddət yığmada çıxış etmişəm, legioner həyatı yaşamışam. Bizə laqeyd münasibətin kökündə nə durur, hələ də başa düşə bilmirəm. Bilirsiz, bu gün bizim futbolun ən bəlalı yeri nədi?
- Çatışmazlıqlar çoxdu. Hansını nəzərdə tutursan?
- Gənclərimiz arasında lider çatışmır. Nə mətbuata çıxıb ürəkli danışa bilirlər, nə də meydanda bu missiyanı yerinə yetirirlər. Hamısı ancaq özünü fikirləşir, “birdən nəsə deyərəm, məni sıxarlar” düşüncəsi ilə yaşayırlar. Bizim vaxtımızda isə belə deyildi. Kamran, Rəşad, Elnur Abdullayev, mən heç nədən çəkinmədən həmişə hər şeyi olduğu kimi dilə gətirmişik. İndikilər klubda bir yerdə oynadıqları orta səviyyəli legionerə də söz deməkdən çəkinirlər. Bunun sabahı necə olacaq? Həmişə demişəm ki, futbol bu gün var, sabah yoxdu. Təmiz ad isə karyeranı başa vurandan sonra da sənin üstündə olacaq. Ona görə də Vaqif olaraq mən bu gün də heç kimdən və heç nədən çəkinmədən fikirlərimi açıq-aydın ifadə edə bilirəm. Heç kim bu gün ortaya çıxıb barəmdə artıq-əskik nəsə deyə bilməz. Bilirlər ki, heç kimin qarşısında gözükölgəli deyiləm, xoşagəlməz nəsə deyilsə, o söhbətin axırına çıxaram. Özümüzkülərə vaxtında dəyər vermək lazımdı. ("Futbol plus" qəzeti)