"Sumqayıt"ın baş məşqçisi Vaqif Cavadov Rekord.az-a müsahibə verib:


- "Sumqayıt"la rəsmi müqavilə bağladınız və baş məşqçi təyinatınız rəsmləşdi. Öncə bu münasibətlə təbrik edirik. Yəqin ki, gözlənilməz olmadı...

- Çox sağ olun, təbrik üçün minnətdaram. Açığı müqavilə təklifi gözləyirdim. Qışa qədər olan dövrdəki nəticələrə görə yox, ümumiyyətlə, bu dövrə qədər aramızda olan danışıqlarda bir-birimizi başa düşürdük, fikirlərimiz üst-üstə düşürdü. Bu mənada müqavilənin şərtləri və müddəti də üst-üstə düşdü. 

- 2.5 il qısa müddət sayılmır. Bu mənada yəqin ki, qarşınıza hansısa hədəflər, strategiya qoyulub...

- Bu mövsümkü hədəfimiz hər oyunda maksimum nəticə qazanmaqdı. İlin sonunda baxacayıq ki, hansı mövqeydəyik. Mən komandanı götürəndə 8-9-cu yerdə idik. İndi şükür, 6-cı pillədəyik. O ki qaldı növbəti mövsümlə bağlı hədəfə, bunu yayda oturub müzakirə edəcəyik. Çünki limitlə bağlı məsələ də var, bu məsələ də dəqiqləşməlidir. Ümumilikdə, əsas hədəfimiz 2.5 illik müddətdə həm akademiyaya, yerli futbolçulara, həm də komandamızda çıxış edəcək əcnəbilərə lazımı şəraiti yaratmaqdı. 

- Qış hazırlığı, transfer çalışmaları necə gedir?

- Əksər komandalar Azərbaycanda qaldı, o cümlədən də biz.Düzdür, hazırlığa bir qədər gec başladıq. Bunun da səbəbi həm legionerlərimizin uzaq yol qət etməsi, həm də yerli futbolçuların yeni ili daha yaxşı keçirmələrinə imkan yaratmaq idi.  İstədik ki, əhval-ruhiyyələri yaxşı olsun. 4 gündür ki, hazırlıqlara başlamışıq, gündə iki dəfə məşq edirik. Hər şey qaydasındadır, uşaqlar da məsuliyyəti hiss edir və başa düşür ki, qışdan sonra hər şey daha çətin olacaq. O ki qaldı transfer çalışmalarına, yaxın günlərdə 1-2 yeni legioner komandaya qoşulacaq. Bir tək Rəhim Sadıxov komandadan gedib. Rezabalanın məsələsi isə açıq qalır.

- Deyilənə görə, qayıtmaq ehtimalı var...

- Qayıtmaq ehtimalı var.

- Mütəmadi əlaqə saxlayırsınız, yoxsa bir dəfə danışıb cavab gözləyirsiniz?

- Əlaqəmiz var, həm menecerlərimiz, həm  klub rəhbərliyi əlaqə saxlayıb danışır.  Yəni ondan cavab gözləyirik.

- Getmək ehtimalı konkret nə ilə bağlıdır, daha yaxşı təklifləri var, yoxsa başqa səbəb də var?

- Yox, sırf ailəsi ilə bağlıdır. Deyir ki, Azərbaycanda qalmaq mənim üçün çətindir. Bu da normaldı. Bəlkə də daha yaxşı təklifləri də var, bunu dəqiq deyə bilmərəm. Amma bu futboldu, bir futbolçunun müqaviləsi bitibsə, getmək istəyi də normaldı. Çox istərdim ki, komandada qalsın.  Qalmasa, çalışacağıq ki, onu əvəzləyəcək futbolçu tapaq.

- Bu arada, vaxt itirmirsiniz ki? Çünki Rezabaladan mənfi cavab da eşidə bilərsiniz...

- Vaxt itiririk, amma 2 gün ərzində bu məsələ həllini tapmalıdır. 

- Danışıq apardığınız futbolçular hansı mövqeyin oyunçularıdır?

- Hər ikisi hücum mövqeylidir. Biri sırf hücumçudur. biri də hücuma meylli. 

- Qış fasiləsindən sonra ilk oyununuzu evdə "Səbail"ə qarşı keçirəcəksiniz. İlk baxışdan belə görünür ki, autsayderlə oyunda favoritsiniz. Amma rəqibin elitada qalmaq uğurunda mübarizə apardığını nəzərə alsaq, hər oyuna final kimi çıxacaqlar...

- "Səbail" sonuncu yerdə getməsinə baxmayaraq, pis komanda deyil. Mövsümə yaxşı başlamadılar, ola bilsin hələ də toparlana bilmirlər, amma yeni baş məşqçi Cavid Hüseynov yaxşı mütəxəssidir, yaxşı da futbolçu olub. ümidvaram ki, komandanl düzəldə biləcək. Ona görə biz də çiddi hazırlaşırıq, istəyirik ki, qışdan sönrakı dönəmə yaxşı start verək. Amma futboldu, güclü olan qalib gələcək. 


Anar XANLAROV