Vaqif Sadıqov klublarımızın transfer siyasətini tənqid etdi
- 03 Avq 2021 14:00
- 728
Futbolumuzda hərəkətli günlər yaşanır. Klublar avrokuboklarda mübarizə aparır, transfer bazarında önəmli keçidlər reallaşır. Başverənlərlə bağlı fikrini öyrənmək üçün AFFA-nın vitse-prezidenti, Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqovla danışdıq.
- Avrokuboklardakı təmsilçilərimizin çıxışını necə qiymətləndirirsiz?
- İlk görüşlərdən sonra gözləntilərimiz böyük idi. Amma cavab oyunları ürəkaçan olmadı. Nəticələr bizi qane etməsə də, bunun klublarımıza böyük təcrübə qatdığını düşünürəm. “Keşlə” və “Sumqayıt” məğlub olaraq turnirlə vidalaşdı. Qələbə münasibəti ilə "Qarabağ"ı və azarkeşlərini təbrik edirəm. "Neftçi" uduzsa da, mübarizəni dayandırmayıb, yoluna Avropa Liqasında davam edəcək. Hər iki klubumuza uğurlar arzulayıram. Ümid edirəm ki, əldə edəcəkləri nəticələrlə hamımızı sevindirərlər.
- “Sumqayıt”ın Serbiyadakı oyunu hamını ümidləndirmişdi və “kimyaçılar”ın mərhələ adlayacağına inam yaranmışdı. Nəticə isə tam fərqli oldu. Sizcə, “Sumqayıt”ın uduzmasının səbəbi nə idi?
- Əvvəla onu qeyd edim ki, mən “Sumqayıt”ın hər iki oyunundan həqiqətən zövq aldım. Açıq oyun nümayiş etdirdilər. Azarkeşlər stadionda ayrılan yerlərin hamısını doldurmuşdular. Bu onların komandalarına sona qədər dəstək olmalarının əyani sübuti idi. “Sumqayıt”ın məğlubiyyətinin əsas səbəbini avrokubok təcrübəsinin olmamasında görürəm. Onlar uğurlu nəticə göstərmək üçün sona qədər mübarizə apardılar. Rəqib uğurları bol olan bir klubdu. Təəssüf ki, təcrübə sözünü dedi və mərhələni “Çukariçki” keçdi.
- Azərbaycan premyer-liqasının püşkü atıldı və yeni mövsümün başlamasına az qalıb. Komandaların transferlərini necə qiymətləndirirsiz?
- Premyer-liqadakı hər bir klub büdcəsinə uyğun transferlər edib. Yeni legioner oyunçular klublara qoşulacaq. Biz bu transferlərin nə dərəcədə uğurlu olduğunu çempionat ərzində görəcəyik. Amma mənim narazı olduğum məqam başqadı. Ötən mövsüm transfer olunan legionerlərdən artıq 30-u ilə yollar ayrılıb. Bunu düzgün saymıram. Təəssüf ki, bu halla hər mövsüm qarşılaşırıq. Elə olur ki, müəyyən məbləğ qarşılığında transfer olunan legionerlərin müqaviləsinə növbəti mövsüm qarşılıqlı razılıqla xitam verilir. Bu, klubun öz büdcəsinə ziyan vurmasından başqa bir şey deyil. Mən onlara daha çox oyun şansının verilməsinin və komandaya uyğunlaşmasının tərəfdarıyam. Önümüzdəki mövsümdə də yeni simalarla qarşılaşacağıq. Ümid edirəm ki, bu transferlər klublarımız üçün uğurlu olar.
- Yaxın illərdə Avropada daha çox futbolçumuzu görə bilərik?
- İnanıram ki, yaxın zamanda futbolçularımız Mahir Emreli kimi Avropanın tanınan klublarında çıxış edəcəklər. Bunun üçün də çalışmaq, yerli oyunçuları o səviyyəyə çatdırmaq lazımdı. Futbolçular da öz üzərində işləməlidilər. Hazırlıqlı olmasan, nəticə əldə etmək mümkün deyil. Düşünürəm ki, yeni mövsümdə oyunçularımız yüksək performans göstərəcək və biz onları Avropada legioner kimi görəcəyik.