Vaqif Sadıqov Qurban Qurbanovun təklifini dəstəklədi MÜSAHİBƏ
- 08 Sen 2021 17:00
- 972
AFFA-nın vitse-prezidenti və Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqovu çoxdan axtarırdıq. Onunla ölkə futbolunda baş verən olaylarla bağlı söhbət etmək istəsək də, zənglərə cavab vermirdi. Nəhayət, təcrübəli mütəxəsisslə dünən əlaqə saxlamaq mümkün oldu.
- Lüksemburqla qarşılaşmadan başlayaq. Bu görüş haqda fikirləriniz necədi?
- Hər birimizin millidən gözləntiləri böyük idi. Düşünürdük “dişimizə görə” rəqiblə üz-üzəyik və maksimum xal qazanacağıq. Təəssüf ki, nəticə bizi sevindirmədi. Baxmayraq ki, millimiz ikinci hissədə tam fərqli oyun sərgilədi. Həmin 45 dəqiqədən sonra İrlandiya ilə oyun üçün nikbin idik.
- De Byazinin Lüksemurqa qarşı buraxdığı start heyəti sizi təəccübləndirdi?
- Nəticə müsbət olsaydı, fikirlər də indikindən fərqli olacaqdı. Amma məğlubiyyətdən sonra hər birimiz səbəb axtarırıq, səhvin harda olduğunu tapmağa çalışırıq. Öz təcrübəmə əsasən deyə bilərəm ki, heyətə görə baş məşqçi cavabdehdi. O, komanda ilə bizdən qat-qat artıq yaxındı və daim təmasdadı. Məşqlərdə olur və futbolçularla fərdi söhbətlər edir. Oyunçuların hansı vəziyyətdə olduğunu da bizdən yaxşı bilir. Hər birimiz istərdik ki, yığmanın hücum potensialı yüksək olsun. Bu gün Azərbaycanı xarici ölkələrdə laiqincə təmsil edən futbolçular var. Onlara ilk dəqiqədən şans verilsəydi, bəlkə də tam fərqli oyunun şahidi olacaqdıq. Necə ki, ikinci hissədə bunu gördük. Yenə deyirəm, De Byazi heyətin hər cəhətdən oyuna hazır olmasına cavabdehlik daşıyan şəxsdi. Onun nə düşündüyünü biləndən sonra bu haqda nəsə söyləmək olar.
- Lüksemburqdan sonra İrlandiya ilə qarşılaşdıq və qələbəni son dəqiqələrdə əldən verdik…
- Millimiz İrlandiyaya qarşı görüşdə layiqli nəticə əldə etdi. Səfərdən qələbəylə də dönə bilərdik. Ümumiyyətlə, Lüksemburqla da, İrlandiya ilə də qarşılaşmadan sonra çox düşündüm. Təəssüflə qeyd edirəm ki, hər iki görüşdə yığmanın psixoloji hazırlığı istənilən səviyyədə deyildi. Lüksemburqla matçda ilk dəqiqədən inamsızlıq göstərməklə bərbad oyun nümayiş etdirdik. Ancaq ikinci hissədə risk etdik. Daha məzmunlu oynamağa başladıq. İrlandiyada isə ilk hissədə daha yaxşı çıxış etdik. Fasilədən sonra, dediyim kimi, psixoloji hazırlığın yaxşı olmaması təsirini göstərdi. Oyunumuzu davam etdirə bilərdik. Lakin nəticəni qorumağa çalışdıq. Belədə isə üstünlük tam rəqibə keçdi. Bu nəticələrdən sonra dərin təhlilə ehtiyac var. De Byazi və korpusu bunu təhlil edib rəhbərliyə çatdıracaq. İki oyuna diqqət yetirdikdə fərqli situasiya yarandığını görürük. Lüksemburqa qarşı ikinci hissədə məğlub tərəf olsaq da, üstün oyun göstərirdik. Hətta hesabı bərabərləşdirə də bilərdik. İrlandiya ilə matçda isə ilk 10 dəqiqədən sonra rəqiblə başabaş oyun sərgilədik. Baxımlı çıxış etdik. Gözəl qolun şahidi olduq. Bunu vurğulamaq istəməzdim, amma rəqibin futbolçuları Avropanın nüfuzlu çempionatlarında çıxış etsə də, onlara qarşı çox yaxşı oyun göstərdik. Bu da onu sübut edir ki, futbolçularımız da sayılıb-seçilən liqalarda oynamağa layiqdilər və o gücə sahibdilər. Futbolumuza inamı qaytarmaq çox vacibdi. O inam olduqdan sonra lazımi nəticəni əldə edə bilirsən. Belə bir deyim də var ki, “hədəfi olmayan gəmiyə rüzgar da kömək etməz” . Böyümək , inkişaf etmək istəyiriksə, hədəfimiz də böyük olmalıdı. Rəqibin adından asılı olmayaraq, başabaş mübarizə aparmalıyıq. Nəyə qadir olduğumuzu yaşıl meydanlarda göstərməliyik.
- U-21-in Xorvatiyaya məğlubiyyəti haqda nə deyə bilərsiz?
- Əsas milli kimi, digər yaş qrupları üzrə yığmalardan da gözləntimiz böyükdü. Yüksək nəticə futbolçulara enerji verir. Onlara yola davam etmək üçün psixoloji üstünlük qazandırır. Xorvatiya qrupun favoriti olsa da, mübarizə aparmaq mümkün idi. İnanıram ki, gənclərimiz növbəti qarşılaşmalarda daha inamlı oyun göstərəcəklər.
- Qurban Qurbanov əvəzetmə sayının artırılması üçün müraciət etdiyini söyləyib. Bununla bağlı çempionatımızda mübarizə aparan klubların baş məşqçiləriylə danışmışıq. AFFA-nın rəsmisi kimi sizin də fikrinizi öyrənmək istəyirik.
- Düşünürəm ki, Qurban bəyin təklifi pis deyil. Digər ölkə çempionatlarında, kubok oyunlarında bu addım atılıb. Hazırda milli komandaların oyunlarında da 5 oyunçu dəyişikliyinə icazə verilibsə, bunu müzakirə edə bilərik və müsbət həllini də tapa bilər. Təkliflərə açığıq. Reallaşarsa, daha çox futbolçu meydanda gücünü göstərəcək. Bu da futbolumuzun inkişafına təkan verirsə, niyə həyata keçməsin?!
- Geniş müzakirələrə səbəb olan “Peşəkar hakim” layihəsi haqda nə deyə bilərsiz?
- Bu gün futbolumuz inkişaf edir. Bu üzdən hakimlik də paralel şəkildə inkişafda olmalıdı. Hakimlərlə AFFA arasında müqavilə bağlanılacaq və onlar buna əsasən fəaliyyət göstərəcəklər. Üstünlükləri də, mənfi tərəfləri də var. İlk növbədə bu siyahıya daxil olmaq üçün hakimlər çalışmalıdı. Statusa nail olandan sonra onlar bunu qorumaq üçün fəaliyyətlərində uğurlu olmalıdılar. Bilirik ki, tezliklə çempionatımızda VAR sitemi də tətbiq olunacaq. Ümid edirəm ki, bu sistem futbolumuzda özünü doğruldacaq. Bir sözlə, bu gün atdığımız hər addımda futbolumuzu kompleks şəklində inkişaf edtirməyi düşünürük. Yalnız klublarımızın nəticələri, oyunçularımızın yüksək çıxışı ilə nəsə əldə etməyi düşünmək yanlışdı. İnkişaf hər sahədə, eyni anda getməlidi. “Peşəkar hakim” layihəsi bu yüksəliş üçün addımlardan biridi. Bunu dəstəkləməliyik. Gələcəkdə faydasını görəcəyik.
- Çoxdandı rəhbərlik etdiyiniz Məşqçilər Komitəsindən səs-soraq yoxdu. Əvvəl sizi yığmaların və klubların düşərgələrində tez-tez görürdük. Son vaxtlar isə fəaliyyətiniz hiss olunmur. Bunun səbəbi nədi?
- Səs-soraq deməyək (gülür). Mətbuatda Məşqçilər Komitəsinin fəaliyyəti ilə bağlı bu cür yazılar gedir. Amma fəailiyyətimiz davam edir. Bunun nəticəsidi ki, 1-ci divizionda klubların sayının artmasına, üç bölgəmizdə Elit layihənin təşkilinə nail olduq. Rəhbərlik də sağ olsun ki, Məşqçilər Komitəsinin təkliflərini nəzərə alır və həyata keçməsi üçün lazımi şərait yardır. ("Futbol plus")