"Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın 10-cu turunda "Qarabağ"a qarşı keçirdikləri oyunu şərh edib.

Rekord.az xəbər verir ki, o, 2:2 hesabıyla bitən matçdan sonrakı mətbuat konfransında bunları söyləyib:

“Bizə də Tovuzda axşam oyun keçirmək qismət oldu. Bu gün hər şey möhtəşəm idi. "Qarabağ"ı burada görmək xoşdur. İddialı olmaq istəyiriksə, bu cür komandalarla oyunda çəkinməməliyik. İkinci hissəyə çox yaxşı başladıq. Təmiz qolumuzu saymadılar. Top göydə olanda hakim fiti çalır. Bu gün VAR sistemi var. Mübahisəli epizodu buraxıb sonra VAR-da incələmək lazımdır. Mənə elə gəlir ki, VAR-da olanlar başqa oyuna baxıb. Faiq Medinaya toxunmadı. VAR-da dedilər ki, rəqibin köynəyini əynindən çıxarıb. Tək bu oyun deyil. "Sumqayıt"la matçda da penaltimizi vermədilər.

1 xal bizim üçün önəmli idi. Uduza da bilərdik. Futbolçularıma təşəkkür edirəm. Son 5 dəqiqədə irəli atılıb qol vurdular. Biz klub olmaq istəyirik. Bunun üçün də bir çox maneələr var. Onlarda biri də ot örtüyüdür. Artıq yeni yerimiz var. Orada meydançalar salınandan sonra buranı təbii örtüklü edəcəyik.

"Qarabağ"la ilk oyunda da müdafiədə oturmamışdıq. Əlbəttə məğlubiyyətlər olacaq. Komanda belə olur. Bir oyun sistemini qurmaq üçün vaxt lazımdır. Oyundan-oyuna fərq var. Qələbə qazanmaq istəyirdik. Hər xal vacibdir. Uduzmamaq lazımdır. "Neftçi", "Zirə" ilə heç-heçə etsəydik, indi yuxarı pillələrdə ola bilərdik. Bizim çəkdiyimiz stress tam başqadır. Amma futbolçuların əzmkarlığı mənə yaxşı siqnal verirdi. Gələcəkdə qələbələr olacaq”.