Azərbaycanın kişi voleybolçulardan ibarət millisi qitə birinciliyinin seçmə mərhələsinə və İslamiadaya hazırlığını davam etdirir. "Rekord.az" xəbər verir ki, yığmamızın üzvü Andrey Vasilenko federasiyanın mətmuat xidmətinə açıqlamasında bu yarıışlardan uğurlu naticə ilə qayıtmaq əzmində olduqlarını bildirib:

"Hazırlığımız yüksək səviyyədə davam edir. Maydan etibarən güclü və gərgin məşqlərimiz keçir. Çıxış edəcəyimiz yarışların vacibliyini və qarşımızda duran məqsədlərimizi bilirik. Həm İslam Həmrəyliyi Oyunları, həm də Avropa Çempionatının təsnifat oyunlarında yaxşı çıxış etməli və Vətənə uğurla dönməliyik".

Hücumçumuz hazırlıq çərçivəsində yoldaşlıq oyunlarının da nəzərdə tutulduğunu deyib: "Məşqçilərimiz hazırlığımızın ilk günündən çalışırlar ki, hər bir oyunçu qarşıdakı yarışlarda ən yüksək formada çıxış etsin. Hazırlığın növbəti mərhələsində yoxlama oyunlarında gücümüzü yoxlayacağıq. Bu oyunlar zamanı komandamızın hansı mövqelərində çatışmamazlıqlar varsa onları aradan qaldırmağa çalışacağıq. İnanıram ki, toplanışın yekununda ən yüksək formada olacağıq və əsas oyunlarda uğurla çıxış edərək azarkeşlərimizi sevindirəcəyik".