Vaxtilə Mənsimovun milyonları arxasınca qaçanlar... YAZI
- 25 Mar 2020 12:00
- 1249
Dünya bir-birinə qarışıb, müharibələr taym-aut götürüb, dini ayrıseçkilik müvəqqəti yaddan çıxıb, ölkələr, insanlar birləşib. Qorxu, məcburiyyət birləşdirib. Gözəgörünməz virusla sivilizasiya təhlükə altındadır...
Tanrı qarşısında sınaq dövrüdür. Daha doğrusu, bütün dövrlərdə həyatın hər anı sınaq olub. Əsrlərdi bəşər aləmi bunları dərk etmir, etmək istəmir. Haqsızlıq epidemiya halını alanda, zaman-zaman böyük varlığın müdaxiləsinə ehtiyac duyulur.
Belə durumda da daxili çəkişmələr səngimir. Səbəbsiz deyil. Dünya xeyirlə şərin amansız mübarizəsidir. Ədalətsizlik o qədər yer alıb ki, koronaviruslar da qarşısını almaqda çətinlik çəkir. İnsan xislətində olan viruslar dünyanı bürüyüb, daha təhlükəli hala gəlib...
Mübariz Mənsimovla şəxsi tanışlığım yoxdur. "Neftçi"-"Xəzər Lənkəran" görüşlərində bir dəfə də olsa üz-üzə gəlməmişik. Bu, o vaxtlar idi ki, Mübariz bəyin arxasınca düşüb əl verib salamlaşmaq, nələrisə həll etmək, xahiş-minnətdə olmaq üçün növbəyə durulurdu.
"Xəzər Lənkəran" rəhbərləri ilə matçların təşkilatçılığını nizamlayır, nəticələrdən asılı olmayaraq münasibətlərimiz qarşılıqlı hörmət çərçivəsində olurdu. İstər Bakıda, istərsə Lənkəranda yanaşı, bir cərgədə əyləşərək görüşləri izləyir, nəzarət edirdik.
Futbol emosional oyundur! Dolu tribunalar qarşısında, yaşıl meydanlarda baş verən narazılıqlar, doğma komandalarına sevgidən yaranan prinsipiallıq, barışmazlıq oyunlara rəng qatırdı. Problemlər yarandığı halda, birgə fəaliyyətimizlə qarşısı alınırdı.
"Korona" pandemiyası əsas müzakirə mövzusu olsa da, insanları təlaş, qorxu içərisində saxlasa da, Mübariz Mənsimovun Türkiyədə saxlanılması da ictimaiyyətin diqqət mərkəzindədir və geniş rezonans doğurub.
Məsələnin dərinliyindən məlumatlı olmadığımıza görə faktlara söykənən dəqiq fikir bildirməyimiz mümkünsüzdür. Zamanı gözləməkdən başqa çarə yoxdur. İctimaiyyət arasında isə məqsədli-məqsədsiz müxtəlif münasibətlər bildirilir...
İndiki məqamda ən çətin vəziyyətdə Mübariz Mənsimovun özü, ailəsidir. Dünya çapında qurduğu şirkət, biznes sahəsi də öz yerində... Emosional, bəzi hallarda populizmə söykənən çıxışlar, rəylər prosesin gedişinə, Mübariz bəyin özünə mənfi təsirini göstərə bilər...
Hadisə Türkiyədə baş verib və bizim sahəyə yaxınlığı olmayan məsələdir. Mübariz Mənsimovun uzun illər ölkə futbolunda olması, "Xəzər Lənkəran" kimi klubu yaratması, hadisələrə futbol prizmasından yanaşmağa şərait yaradır.
Müşahidə etdikdə, vaxtilə Mübariz bəyin milyonları arxasınca qaçanların, yanında, ətrafında olanların böyük əksəriyyətinin susması sezilir. Dənizlilər, redniklər, əsasən də özümüzünkülər başlarını ağrıtmaq istəmirlər. Bir tərəfdən də şirkət rəhbəri bildirir ki, əleyhinə çıxanlar dəstək verdikləri arasındandır.
Məlum durumda ən böyük psixoloji zərbədir. Heç şübhəsiz, müsbət münasibət göstərənlərin sayı daha çox ola bilərdi. "Milyonlar qazananlar susursa, deməli bildikləri nəsə var" düşüncəsi, ən yaxşı halda, "onlar susursa, biz niyə müdafiə edək" təfəkkürü beyinlərdə dolaşır...
Son məqamda hər bir şəxs özünə cavabdehdir və kütləvi dəstək verənlərin əksəriyyəti də sıravi insanlardı. Onların heç Mübariz Mənsimovla yaxınlığı olmayıb, yardım almayıb, şirkətlərində, klubunda çalışmayıblar. Milyonları qazananlar fonunda müdafiə etməyə borclu da deyillər. Səmimiyyət, insanlıq amili sadə vətəndaşları dilə gətirir...
Belə qarışıqlıqda dərk edənlər üçün söz demək məsuliyyəti çox böyükdür. Cəmiyyət arasında həqiqətin təmin olunması, maariflənməsi, dövlətçilik, xalq adına birliyin düşünülməsi çox vacib amildir. İctimaiyyətdə tanınan, nüfuz sahibi olanların baxışları həssaslıqla yanaşması çox önəmlidir.
Mübariz Mənsimov "Xəzər Lənkəran"a uzun müddət himayədarlıq edib. Böyük futbolda olmasa da, klub bu gün də yaşayır. Bölgədə müasir tələblərə cavab verən möhtəşəm stadion-baza inşa etdirib. Təbii, bunlar Azərbaycanda yaradılmış şəraitin, dövlət şirkətləri ilə işbirliyinin nəticəsində baş verib.
Futbol industriyasında mənfəət əldə etməyin 4-5 mütləq faktoru var.Teleyayım, müxtəlif sponsorlarla müqavilələr, bilet satışı və s. Bunların heç biri üçün ölkədə münbit futbol mühiti yoxdur. Futbola yatırılan vəsaitin mütləq böyük hissəsi geri qayıtmır. Vaxtilə tribunaları dolu olan Lənkəran stadionunda bilet satışından gələn vəsaitlə ancaq müəyyən cari işlər görülə bilərdi.
Azərbaycan klubları yeganə UEFA səviyyəsində qruplarda çıxış etməklə mövsümlük büdcələrini tam və ya qismən bağlaya bilərlər. Abramoviçlər, ərəb şeyxləri, klub sahibi olan aliqarxlar müxtəlif ölkələrdə biznes maraqlarını güdərək, dövlət orqanları ilə əlaqələrini quraraq futbola yatırım edirlər...
Eyni zamanda futbolda tanınaraq dünya çapında böyük inam, əlavə nüfuz qazanılır. Bunun sayəsində bizneslərini daha da genişləndirirlər. Futbolun gücü, böyüklüyü, əhatə dairəsi budur! Mübariz Mənsimovun geniş anlamda dəstək almasının əsas səbəblərindən biri futboldur. Vaxtilə futbol təsərrüfatındakı fəaliyyəti olmasaydı, bu dərəcədə geniş tanınmayacaq, müdafiə olunmayacaqdı.
Xaricdə yaşayan milyarder, milyoner azərbaycanlılar az deyil. Mübariz Mənsimovdan da qat-qat imkanlıdırlar. Hələ 90-cı illərdən ölkədə biznes şəraiti yaradılmış, bu günə kimi dövlətin dəstəyini hiss edən "Lukoyl" şirkəti "Spartak" kimi Azərbaycanda da hansısa kluba sponsorluq edə, ən yaxşısı isə klub saxlaya bilərdi...
"Çerkizov" bazarının sahibi axtarışa veriləndə, barəsində cinayət işi qaldırılanda ölkədə bu qədər əks-səda doğurmamış, müdafiə edilməmişdi. Futbolda olmaq böyük qüvvə, azarkeş dəstəyi deməkdir. Mübariz Mənsimova münasibət belədirsə, deməli xalqın sevgisini qazana bilib. Bunu olduğu kimi qəbul etmək lazımdır.
Fransada Liqa I rəhbəri fəryad qoparır artıq. 5-6 ay da futbolsuz günlər davam etsə, dövlət yardımı olmadan klublar çökəcək. Tv-müqavilələrdən 1 milyard avro vəsait qazanan liqadan gedir söhbət. İllərdi Azərbaycanda teleyayıma görə klublara ödənilən 0 manatdan xəbəri olanlar varmı?! Belə şəraitdə himayədarlıq edilir klublara...
Kimliyindən asılı olmayaraq həyatda səhvsiz insan yoxdur. Bunu heç kim iddia edə bilməz. Mübariz bəyin düşdüyü vəziyyətdən istifadə etmək, qarşıdurma yaratmaq, müxtəlif səmtlərə yönəltmək istəyən qüvvələr yetərincədir. Bu, hər zaman varlığı ilə Azərbaycanı sevdiyini dilə gətirən şəxsə heç də divident gətirmir. Əksinə, mane olur...
Belə hallara yol verilməməlidir. Açıqlamalar məntiqə, dərin təhlillərə söykənməlidir. Emosiyalara, üzdənyanaşmalara yer olmamalıdır. Mübariz Mənsimov qardaş ölkədə uzun illərdir fəaliyyət göstərir və şirkətinin dünyada öncüllər sırasında olmasında Türkəyinin böyük rolu var. İnanmıram ki, uzun müddət Mübariz bəy nəzarət altında qalsın.
Dövləti ittiham etməklə prosesə müsbət yöndə təsir edilməsi çətin görünür, gedişata mənfi təsirini göstərir. Hər bir söylənilən fikir pozitiv cərəyana yönəldilməlidir. Bu məsələdə hərtərəfli fərqli çalarların axtarılması uçuruma aparan yoldur. Haqlı olan tərəf, səhvlərə yol verilməməsi şərtilə gec-tez qalıb gələcək...
Vaxtilə Azərbaycan futbolunun xilası "Neftçi"-"Xəzər Lənkəran" klublarının birliyində idi. Olmalı idi. Hələ 2012/13-cü illərdə şəxsi təşəbbüsümlə dəfələrlə "Xəzər Lənkəran" rəhbərliyi ilə söhbətlərim, təkliflərim olmuşdu.
Birmənalı qeyd edirdim, birlik yaradılmasa, yaxın illərdə hər iki klub məhv ediləcək.
Təəssüf ki, əsaslı analizlərə söykənən təkliflərə müsbət yanaşılmadı. Heç şübhəsiz, ola bilər ki, Mübariz Mənsimovun bunlardan xəbəri də olmayıb. Hər iki klubun azarkeşləri ilə görüşlərdə də qızışdırıcı meyllərə yol verilməməsi, bir olmağın vacib olduğu dəfələrlə vurğulanırdı. Sonda hər tərəfdən özümlə bağlı yuxarılara donoslar getməyə başladı. Çünki, "Xəzər Lənkəran"-"Neftçi" birliyi futbolun xilası ilə yanaşı futbolda olanların çoxuna sərf etmirdi...
İndi isə Mübariz Mənsimovun pulları arxasınca Lənkərana qaçanlar susur. 90 faizi belədir. Həmişə də belə olub. Dünən Mübariz bəyin bağında ərik çoxuydu, indi başqaları dəbdədir. Artıq onlara top çilənilir. Sabah da digərləri üçün özlərini çiləyəcəklər. Baş üstələr, iki bükülənlər üçün fərq etməz. Nə yazıq ki, zamanında bunlar dərk edilmir.
Sonda əziyyətini çəkənlər, başları bəlalar görənlər mübariz insanlar olur. Onlarla birlikdə Azərbaycanımıza zərbələr dəyir, futbolumuz bataqlığa sürüklənir, düşmənlər sevinir. Səhvlərdən nəticə çıxarılmalı, ətraf təmizlənməli, dost-düşmən bilinməlidir...
Koronavirusun dünyanı əsir götürdüyü 2-3 ayda neftdən tutmuş var-dövlətə qədər hər şey dəyərdən düşüb. Dəyərini itirməyən tək mənəviyyat telləridir. Gündə minlərlə insan virusun qurbanı olur, nə dövlətli sayır, nə kasıb.
Dünyaya baxış tərzinin dəyişmə zamanıdır...
İnsanlar çətin günlərdə sınanır. Yaşanan ömür bir göz qırpımı da deyil. Qızıldan qiymətli illər keçsə də, gec-tez hər şey öz yerini tapacaq, nizamlanacaq. Dünən ölkənin simasını, ideologiyasını müəyyənləşdirənlər, bu gün haradadırlar?!
Dünya öz siması ilə tanınır. Əsas, simanın itirilməməsidir!
Tahir SÜLEYMANOV