Veteran futbolçu, Azərbaycan millisinin sabiq hücumçusu Vəli Qasımov Rekord.az-a müsahibə verib:


- Vaxtı ilə millinin tanınan, seçilən futbolçularından olmusunuz. Millimizin hazırkı durumu, Millətlər Liqasındakı son bərbad çıxışı barədə fikirləriniz maraqlıdır...

- Düzdür, nəticələr bərbad olsa da, yeni baş məşqçi gələndə hər zaman ona zaman lazım olur. Yerli futbolu, futbolçuları tanımalıdır, onlarla ünsiyyətdə olmalıdır. Biz də gördük ki, heyətdə də dəyişikliklər oldu. Bir də bəxt deyərdim. Bəzi oyunlarda gördük ki, xal götürə bilərdik, amma bəxt mane oldu.Nəticədə D Liqasına düşdük. Bəlkə də ordan başlamaq yaxşıdır. Yəni sıfırdan başlayaq. Rəqiblər də bizə uyğun olsun. Düzdür, hamı ist\yir ki, güclü rəqiblərlə başabaş, eyni səviyyədə oynasın. Amma reallıq budur ki, bizim futbolçular bu gün buna hazır deyil. 

- Bunun səbəbini nədə görürsünüz?

- Daxili çempionatda yerli futbolçular çox az oynayır. Oynayanlar da daha çox "Qarabağ"ın futbolçularıdı. Hansı ki, beynəlxalq səviyyədə oynayırlar. Qalanları yerli çempionatda oynamaqla kifayətlənir. Bu da Avropa səviyyəsində oynamaq üçün bəs eləmir. 

- Avropaya da futbolçu çıxarda bilmirik. Normal hesab edilən tək Mahir Əmrəlidir, o da II Bundesliqanın ortabab klubunda forma geyinir...

- Bunun üzərində iş aparılmalıdır. 16-18 yaşında futbolçularımızı Avropaya aparmaq lazımdır ki, deyək ki, 10 futbolçudan ikisi, üçünü bəyənən olsun. Heç olmasa hər klubumuzdan iki gənc futbolçu seçib göndərməliyik. 

- DÇ-2026-nın da püşü atıldı, rəqiblərimiz bəlli oldu. Sizcə, bu qrupda nəyə ümid edə bilərik?

- Qrup çətin qrupdu, nəticə istəməyimiz çətin olacaq. Amma heç olmasa öz oyunumuzu tapıb oyun oynasaq, azarkeşlər də gələcəyə ümidlə baxa bilər ki, nəticələr gələcək. Əgər oyun olmasa, çətin məsələdir. Həm baş məşqçinin işi, həm də komandanın nəticələri.

- Sonda bir məsələyə də münasibətinizi bilmək istərdim. Uzun müddətdir Santuşun milli komandadakı məşqçilər korpusunda yerli köməkçi məşqçi postu boşdur. Santuş bu posta mütləq bir məşqçinin götürüləcəyini desə də, bunu reallaşdırmağa tələsmir, səhv seçim etmək istəmədiyini deyir. Siz vaxtı ilə İspaniyada, Portuqaliyada futbol oynamısınız, bu ölkənin dillərini bilirsiniz və bu mənada Santuş üçün ən uyğun köməkçi məşqçi sayıla bilərsiniz. Maraqlıdır, sizinlə maraqlanan, sizə belə bir təklif edən olmayıb?

- Bu sual mənlik deyil, çətin ki, mən bu suala cavab verim. Bizdə kifayət qədər məşqçi var ki, bu posta çalışa bilər. 

- Axı siz həm Santuşun ölkəsində futbol oynamısınız, həm də onun dilini bilirsiniz...

- (Gülür) Orası elədir.

- Sizə təklif olub?

- Yox. Mən hazırda "Şamaxı"dayam, buranın futbol akademiyasında çalışıram, çalışırıq yerli, istedadlı gəncləri tapıəb üzə çıxardaq, Azərbaycan futboluna bəxş edək. İşimdən də razıyam, hər şey yaxşı gedir. Təiklif olsa, baxarıq.


Anar XANLAROV