U-17 liqanın "Vətən" - "Neftçi" matçında yaşanan qalmaqal bir nüçə gündür müzakirə mövzusudur.

Rekord.az saytı məsələnin təfərrüatları, o cümlədən "Neftçi" tərəfinin fikirlərini işıqlandırıb.

Obyektivliyi qorumaq üçün "Vətən" tərəfinə də tribuna verməyi lazım bildik. Hadisənin iştiralçılarından olmuş sözügedən komandanın baş məşqçisi Elvin Həsənov əlaqə saxladıq. Çünki qalmaqal zamanı onun rəqib futbolçunun ünvanına qeyri-etik söz işlətməsi, eləcə də "Neftçi"nin baş məşqçisinə kəllə atan şəxsin onun dostu olmasına dair də iddialar var. Nəsibov yaşananlarla bağlı bunları dedi: "Əvvəla deyim ki, bizim bir sıra komandalarla oyunlarımız çox gərgin və maraqlı mübarizə şəraitində keçir. O cümlədən də "Neftçi" ilə oyunlarımız. Amma təbii ki, son yaşananlar heç də xoş deyildi. Futbol adına belə halların yaşanması çox üzücüdür.  Əslində hər şey qaydasında gedirdi, heç bir problem yox idi. Lakin hardasa 69-70-ci dəqiqədə bu hal yaşandı. Həmin anda bizim futbolçu ilə "Neftçi"nin futbolçusu arasında mübahisə oldu. "Neftçi"nin səhv etmirəmsə, 9 nömrəli futbolçusu bizim kapitana iki əli ilə zərbə endirdi. Mən də buna öz etirazımı bildirdim. Özü də mən etirazımı rəqib futbolçuya yox, hakimə bildirdim ki, "görmürsən vurur". Bu zaman isə "Neftçi"nin 6 nömrəli futbolçusu mənə qayıtdı ki, sən də qıraqdan hər şeyə dillənirsən. Mən də ona irad bildirdim ki, futbolçusan, məşqçi ilə belə danışmazlar, danışığına fikir ver. Mənim bu sözümə də "Neftçi"nin baş məşqçisi Asif müəllim etirazla qarşılıq verdi. Bu zaman kənarda, soyunub-geyinmə otağına gedən dəhlizin qarşısında dayanan məlum  şəxs müdaxilə edərək Asif müəllimi qucaqlayıb "Neftçi"nin texniki zonasına tərəf apardı. Özü də dava niyyəti ilə yox, sakitləşdirmək niyyəti ilə. Videodan da açıq şəkildə görünür. Nə baş verdisə, orada baş verdi. Özü də hadisələr elə qısa zamanda baş verdi ki, anında müdaxilə edə bilmədik. Dava nəticəsində Asif müəllim də zərbə aldı, həmin şəxs də. Hər ikisini də oradan müxtəlif xəstəxanalara apardılar. Bununla belə, oyunu yekunlaşdıra bildik. Müəyyən iddialar var ki, həmin şəxs mənim dostumdu, xeyr, bizim o şəxslə xüsusi dostluğumuz yoxdur. O adam heç bizim işçimiz də deyil. Sadəcə, münasibətimiz, bir-birimizə hörmətimiz var. O adam futbol fədaisidir, azarkeşdi. Özü də tək bizim oyunlarımızda yox, bütün oyunlarda görə bilərsiniz. "Səbail"in də oyununda, "Qarabağ"ın da oyununda, "Sabah"ın və s. oyunlarda da stadionlarda olur. Əynində "Vətən"in geyimi olduğunu da əsas gətirirlər, ona da aydınlıq gətirərək deyim ki, həmin şəxs kimsəsiz insandı, hər klub ona geyim dəsti, müəyyən məbləğdə pul verir, o da elə bununla dolanır. "Vətən" kurtkasının altından bəlkə də "Qarabağ"ın və yaxud "Neftçi"nin köynəyini də geyinmiş ola bilər. İstənilən halda, girişdə dediyim kimi, baş verənlər xoş deyil, futbola zərbədir. Yəqin ki, AFFA da məsələyə hüquqi qiymət verəcək, günahlarlar cəzasınəı alacaq. Ümid editəm ki, bundan sonra bu tip hallar yaşanmayacaq"