Azərbaycan futbolunun tarixinə düşmüş oyunlar və həmin oyunların qəhrəmanlarına həsr olunan layihə çərçivəsindəki yazılarımız davam edir.  Növbəti yazımız 1996-cı il UEFA kubokunun ilkin təsnifat mərhələsi çərçivəsində keçirilən “Neftçi” – “Lokomotiv” (Sofiya) matçı haqqında olacaq. Bu oyun da Azərbaycanın futbol tarixinə düşüb. Belə ki, Bolqarıstan təmsilçisini Bakıdakı ilk oyunda 2:1 hesabı ilə məğlub edən paytaxt klubu bununla da Azərbaycan klubları arasında avrokuboklarda ilk qələbəni qazanıb. Maraq üçün deyək ki, bundan bir il öncə evdə Cənubi Kiprin APOEL klubu ilə 0:0 oynayan bakılılar klublarımız arasında ilk xalı qazanan komanda kimi da tarixə düşmüşdülər. Bir il sonra isə bu heç-heçəni qələbəyə çevirməyi bacarmışdılar. Düzdür, komanda növbəti mərhələyı keçə bilməmişdi. Ancaq bu və digər məsələlər haqda bir qədər sonra ətraflı yazacayıq. Öncə isə “Lokomotiv”lə oyuna qədər olan dövrə qısa nəzər salaq.

 

 

OİK məğlubiyyəti ilə başlayan islahatlar


Dördüncü çempionatda bürünc medalları və ölkə kubokunu qazanan “Neftçi” beşinci çempionata çempionluq hədəfi ilə başladı. Ümumiyyətlə, AFFA 1996/97-ci il mövsümünün reqlamentini dəyişdi. Belə ki, ilk çempionatda olduğu kimi, 5-ci çempionatda da iki mərhələli sistem seçildi. Əvvəlcə komandalar iki dövrəlik ilkin mərhələdə mübarizə aparmalı idi. İkinci mərhələdə isə 1-6-cı yerləri tutan komandalar medallar uğurunda mübarizə aparacaqdı. İkinci mərhələdə qızıl xalların saxlanılması ilk mərhələnin daha gərgin keçəcəyinə işarə idi.


Mövsümə uğurlu başlayan “ağ-qaralar” ilk 11 turda məğlubiyyət üzü görmədi. Yalnız 12-ci turda səfərdə “Turan”a 0:1 hesabı ilə uduzaraq mövsümdə ilk məğlubiyyətlərini aldılar. Növbəti turda komanda “Kəpəz”i çətinliklə məğlub etsə də (3:2) ilk dövrənin son matçında gözlənilmədən OİK-ə 1:2 uduzdular. İslahatlar da burdan başladı. Tovuza səfərdən öncə, məğlub olmadan və öz istəyi ilə postundan gedən baş məşqçi Vaqif Sadıqovun ayrılması qısa zamanda öz sözünü demişdi. Onun yerinə təyin olunan Asif Əliyevin ayağı düşərli olmadı. Kağız üzərində baş məşqçi olan mütəxəssisi faktiki olaraq Kazbek Tuayevin "yönəldirdi". Tuayev həmin vaxt həm də millinin baş məşqçisi idi. Qış fasiləsində heyətdə də ciddi dəyişikliklər oldu. Xaqani və Füzuli Məmmədov qardaşları Rostova üz tutdu. Hücum xəttinin lideri Nazim Əliyev isə “Qarabağ”dan gələn təklifi qəbul edib ora yollandı. Bəxtiyar Musayev hərbi xidmət səbəbindən OİK-ə keçməli oldu. Əli Abışov, Kamil Bayramov və Qulammirzə Əsədullayev da “Neftçi”ni tərk edənlər sırasında yer almışdı. Əvəzində “Turan”dan İlham Məmmədovla Vidadi Rzayev, “Qarabağ”dan isə Rasim Abuşov “Neftçi”yə transfer olundu. 
Qış fasiləsində komandada baş verən dəyişikliklər fasilədən sonra özünü tam olaraq doğrultmadı. Bele ki, ikinci dövrəni o qədər də uğurlu keçirməyən “Neftçi”ilk mərhələnin yekununda 5-ci pilləni tutdu. Lakin əsas olan qızıl xallar idi. Görünür bu səbəbdən də komanda zəif rəqiblərlə oyunlara o qədər də ciddi yanaşmır, əsas diqqəti liderlərlə oyunlara yönəldirdi. Bunun nəticəsində ilk mərhələdən sonra “ağ qaralar” qızıl xalların sayına görə “Kəpəz”dən 2, “Xəzri”dən isə 1 xal geri qalırdı. 

 

Gərgin mübarizədən sonra gələn ikinci çempionluq


AFFA-nın qərarına əsasən, ikinci mərhələnin oyunları Bakı və Sumqayıtda keçirilməli idi. “Kür nur”u çıxmaq şərti ilə “Xəzri”, “Kəpəz”, “Qarabağ”, “Turan” və “Neftçi” qızıl medallara iddialı idi. Bu faktın özü “altılığ”ın gərgin keçəcəyindən xəbər verirdi. İlk turlardan sonra “Qarabağ” da mübarizəyə tab gətirməyərək kənara çəkildi. “Kəpəz”, “Xəzri”, “Turan” və “Neftçi” isə son tura qədər gərgin mübarizə apardı. “Neftçi” ikinci mərhələyə “Turan” üzərində 3:1-lik qələbə ilə başlasa da ikinci turda “Kəpəz”ə 2:3 uduzdu. Maraqlıdır ki, ikinci mərhələdə “Neftçi” hər iki oyunda “Kəpəz”ə uduzdu. Əvəzində digər rəqiblərinin heç birinə uduzmayan “ağ qaralar” bunun nəticəsində mövsümün sonunda qızıl medalları boynundan asa bildi. Bu, “Neftçi”nin ikinci çempionluğu idi. Komandaya qış fasiləsində qoşulan Vidadi Rzayev isə mövsümün ən yaxşı oyunçusu seçildi.

 

 

Tarixi qələbə


Beləliklə, mövsümü çempion kimi başa vuran “Neftçi” ölkəmizi UEFA kubokunda təmsil etmək hüququ qazandı. Həmin  dövr Azərbaycan  futbolunun nüfuzu və əmsallar cədvəlindəki mövqeyi aşağı olduğundan Avropa futbol təşkilatı bizim çempionu Çempionlar Liqasına yox, UEFA kubokuna buraxırdı. UEFA kubokunun ilkin təsnifat mərhələsində püşk Boqlarıstan “Lokomotiv”ni “Neftçi”yə rəqib etdi. İlk oyun 1996-cı il iyulun 17-də Bakıda oynanılacaqdı. Tarixində ilk dəfə UEFA kubokuna qatılacaq “ağ qaralar” bu oyuna ciddi hazırlaşmalı idi. Lakin oyun öncəsi yaşananlar azarkeşləri üzməyə bilməzdi. İş ondadır ki, çempion heyəti saxlamaq mümkün olmadı. Mövsüm başa çatandan sonra aparıcı futbolçulardan Vyaçeslav Lıçkin Rusiyadan təklif aldığını və ora yollanmaq istədiyini bildirdi. Onunla birlikdə Vladimir Tuayev də getdi. Mais Əzimov “Qarabağ”a, Mehman Yunusov və Vüqar İsmayılov isə Güclülər dəstəsinə vəsiqə qazanmış doğma “Sumqayıt”a keçdilər. Rauf Mehdiyev də düşərgəni tərk etdi. Komandanın kapitanı və ən təcrübəli futbolçusu Yunis Hüseynov da komandanı tərk edənlər siyahısında idi. Lakin son anda fikrini dəyişərək komandada qalmağa razı oldu. Gedənlərin yerinə isə yeni transferlər oldu. Bunların arasında ən tanınanlar Qurban və Musa Qurbanov qardaşları idi. Bundan başqa, “Kəpəz”dən Ceyhun Tarverdiyev və “Turan”dan Azad Mütəllimov da “ağ qaralar”a transfer olundu. Rövşən Əhmədov isə avrokuboklar üçün “Kəpəz”dən icarəyə götürüldü. Qarşıya qoyulan əsas hədəf Bakıdakı ilk oyunda uğurlu nəticə qazanmaq idi. Həmin vaxt komandanın  aparıcı futbolçularından  olmuş Vidadi Rzayev o anları belə xatırırlayır: “Həmin vaxt güclü heyət yığılmışdı. Komandadan gedənlər olsa da onların yerinə yeni futbolçular da gəlmişdi. Həmin dövr üçün yaxşı hazırlıq da keçmişdik. Məlum məsələ idi ki, indiki kimi ölkə xaricinə çıxmaq imkanımız yox idi. O vaxt futbolda indiki qədər pul yox idi. Amma rəhbərlik imkan daxilində bütün şəraiti yaratmışdı ki, oyuna yaxşı hazırlaşaq. “Lokomotiv” Bolqarıstanı təmsil edirdi və həmin dövrdə də Bolqarıstanda futbol inkişaf edirdi. Bununla belə, hədəfimiz ilk oyuna qələbə qazanmaq idi”.

 

 

Vidadi Rzayevin dediyi qələbə qazanıldı da. Baxmayaraq ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyun heç də təmsilçimiz üçün yaxşı başlamadı. Qonaqlar artıq 7-ci dəqiqədə hesabı açdılar. Borisov müdafiəçilərimizin ani diqqətsizliyindən istifadə edərək qapıçı Elxan Həsənovu məyus etdi. Bundan sonra komandamız üstünlüyü tam ələ alsa da ilk hissədə rəqibi məyus etmək mümkün olmadı. Halbuki qol vurmaq üçün kifayət qədər imkanımız oldu. “Neftçi”nin üstünlüyü fasilədən sonra da davam etdi. Hissənin əvvəlindən rəqibi öz qapısına doğru sıxan “ağ qaralar” bolqarlara mərkəzi keçməyə belə, imkan vermirdi. Nəhayət, böyük basqı 57-ci dəqiqədə bəhrəsini verdi. Vidadi Rzayev aşırma zərbə isə hesabı bərabərləşdirdi. Bundan sonrdaha da həvəslənən paytaxt təmsilçisi daha böyük qüvvə ilə hücuma keçməyə başladı. “Lokomotiv” demək olar ki, “Neftçi”yə qarşı heç nə edə bilmirdi.  Lakin təəssüflə qeyd etməliyik ki, bəlkə də beynəlxalq aləmdəki təcrübəsizliyin nəticəsi idi ki, təmsilçimiz qol imkanlarını dəyərləndirə bilmirdi. Halbuki həmin imkanlar qola çevirilsəydi “Neftçi” böyük hesabla qələbə qazanmalıydı. Buna baxmayaraq 90-cı dəqiqədə nəhayət ki, haqq-ədalət öz yerini tapdı və “Neftçi” qol vurdu. Rəqib qapıçı ilə üz-üzə qalan Yaşar Vahabzadə topu onun başı üzərindən qapıya göndərdi – 2:1. Həmin an stadionda yaşanan coşqunu isə sözlə ifadə etmək mümkün deyildi. Həmin qol sayəsində qazanılan qələbə Azərbaycan klublarının avrokuboklarda qazandığı ilk qələbə kimi tarixə düşdü. Vidadi Rzayevin vurduğu ilk qol isə “Neftçi”nin avrokuboklardakı ilk qolu oldu. Həmsöhbətimizlə həmin oyunu və həmin qolu da xatırladıq: “Həmin  oyun çox yaxşı yadımdadır. 90 dəqiqəni tam üstün oynadıq. Rəqib təsadüf nəticəsində bir qol vurmuşdu. Lakin hesabda geri düşməyimizə baxmayaraq fasilədən sonra iki qol vuraraq qələbə qazana bildik. İlk qolu mən vurmuşdum. Həmin epizodu da yaxşı xatırlayıram. Samir Ələkbərov cinahdan asma edərkən top mənə düşdü. Qarşımda oyunçu olduğundan onu aldatmağa qərar verdim və istədiyim alındı. Bu zaman başımı qaldırıb baxdım ki, daha əlverişli mövqeydə olan komanda yoldaşım varsa topu ona ötürüm. Lakin bu zaman qapıçının irəli çıxdığını gördüm. O anda ağlıma ilk gələn topu aşırma zərbə ilə onun başı üzərindən uzaq küncə göndərmək oldu. Ağlıma gələni etdim və hər şey də istədiyim kimi alındı. 1:1-dən sonra daha böyük üstünlüyə sahib olduq. Əldə etdiyimiz imkanları vursaydıq rahat 3-4 top vurardıq. Amma vura bilmədik. Yaxşı ki, sonda ən azı qələbə qolunu vura bildik. Yaşar Vahbzadənin qolu haqq etdiyimi qələbəni bizə qazandırdı. Oyundan sonra çox sevincli idi. Sevincimizin həddi-hüdudu yox idi. Mükafat haqda düşünən də yox idi. Bilirsiniz, biz o vaxt ilk növbədə pula yox, ada oynayırdıq”.

 

 

Qərəzin gətirdiyi məğlubiyyət


Təəssüf ki, komandamız Bakıda qazandığı uğurun ardını Boqlarıstandakı cavab matçında gətirə bilmədi. Əslində səfər matçının çətin olacağını hər kəs bilirdi. Lakin hesabın 0:6 olacağını heç kim gözləmirdi. Bəs görəsən hesabın o cür biabırçı olmasının səbəbi nə olmuşdu? Rzayev bu sualımıza belə cavab verdi: “0:6 hesablı məğlubiyyətin tək səbəbi var idi o da hakim. Onun idarəçiliyi əsl biabırçılıq idi. Təsəvvür edin oyun başlar-başlamaz Rasim Abuşova qırmızı vərəqə göstərdi. Halbuki, o epizodda qırmızı vərəqədən söhbət gedə bilməzdi. Qərəz olar, amma belə də yox da. 1-ci dəqiqədə qırmızı vərəqə olar? Ondan sonra necə toparlanasan, hansı oyunu ortaya qoyasan? Bacardığımız qədər müqavimət göstərsək də qapımızı toxunulmaz saxlaya bilmədik. Ard-arda buraxılan qollar nəticəsində ilk hissədən sonra hesab 3:0 oldu. Fasilədən sonra oynamağın mənası qalmamışdı”.

 

Anar XANLAROV