"Vilyarreal"ın prezidenti Bakı səfərindən narahatdır
- 08 Okt 2020 14:00
- 613
“Transfer bazarında fəallıq nümayiş etdirdik və komandanı gücləndirdik. Ötən mövsümdəkindən daha güclü heyətə malikik”.
Rekord.az xəbər verir ki, bunu Avropa Liqasında “Qarabağ”la eyni qrupda yer alan “Vilyarreal”ın prezidenti Fernando Roiq deyib.
La Liqa təmsilçisinin eyni zamanda sahibi olan 73 yaşlı funksioner cari mövsüm qatıldıqları bütün turnirlərdə uğur qazanmaq istədiklərini söyləyib:
“Sevilya” ilə birlikdə ən çox güclənən komandalardan biriyik. Bu da qatıldığımız hər üç turnirdə uğurlu çıxışa imkan verir. Həm La Liqada, həm ölkə kubokunda, həm də Avropa Liqasında yaxşı nəticələr əldə etmək və mümkün qədər çox irəliləmək istəyirik.
Milli komandaların oyunlarından sonra klub yarışlarının təqvimində sıxlıq yaranacaq. Artıq istirahət etmək mümkün olmayacaq, üç gündən bir oyun keçirəcəyik. Avrokubokda uzaq səfərlər və sərt mübarizələr bizi gözləyir”.
“Vilyarreal” Avropa Liqasının İ qrupunda “Qarabağ”la yanaşı, “Makkabi” (Təl-Əviv, İsrail) və “Sivasspor”la (Türkiyə) mübarizə aparacaq. İspaniya klubu Azərbaycan çempionu ilə oktyabrın 29-da Bakıda (II tur), dekabrın 10-da isə Vilyarrealda (VI tur) qarşılaşacaq.