Visente Qomes: “Qarşımıza Avroliqaya vəsiqə qazanmaq məqsədi qoyulub”
- 22 Avq 2020 22:24
- 620
“Sabah”ın baş məşqçisi Visente Qomes Azərbaycan Premyer Liqasının 1-ci turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.
Rekord.az xəbər verir ki, paytaxt klubunun ispan çalışdırıcısı 0:2 hesabıyla uduzduqları səfər oyunundan sonra təşkil olunan mətbuat konfransında öncə bunları söyləyib:
- İlk hissədə pis oynamadıq. Külək bizə qarşı idi və irəli çıxmaq çətin idi. İkinci hissədə külək bizim xeyrimizə oldu. Sadəcə, hücumları sonlandırmaqda dəqiqlik çatmadı. "Qarabağ" kimi komandalara qarşı sonlandırmada dəqiq olmasan, cəzalanacaqsan.
- "Sabah"dan hansı futbolu gözləyək? Oyun fəlsəfəniz nədir?
- Gördüz ki, xırda detallar var idi. İrəlidə topu əldə edən komanda olmaq istəyirik. Topu saxlayıb qısa və uzun oynayaraq, rəqibin boşluqlarından istifadə etmək istəyirik. Komanda fiziki yox, mental cəhətdən intensiv olmalıdır. Sürətli düşünərək oynamalıyıq. Sona qədər mübarizə aparan və oyunda təslim olmayan komanda yaratmaq istəyirik. "Qarabağ" kimi komandalarla oyunda top saxlamaq çətindir. Bu oyunda daha çox top saxlamaq istəyirdik, ancaq rəqib bizi geri çəkilməyə məcbur etdi. Müdafiə olunarkən də düzgün müdafiə olunmalıyıq. İlk hissənin sonunda vurulan qolu çıxsaq, demək olar ki, yaxşı işlədik bu gün.
- Azərbaycan Premyer Liqasını izləyərkən hansı məqam diqqətinizi çəkdi?
- Bura gəlməmişdən əvvəl kifayət qədər məlumatım yox idi. Ancaq indi görürəm ki, bərabər səviyyəli oyunlara şahid oluruq. "Qarabağ" və "Neftçi" digər komandalardan bir az üstün olsa da, qalan komandalar bərabərdir.
- Bu heyət istədiyiniz futbolu oynatmağa yetərlidirmi?
- Çalışacam ki, öz istədiyim üslubu yaradım. Mənim üçün ideal olan fəlsəfəni tətbiq etməyə və futbolçuları daha da inkişaf etdirməyə çalışacam. İnanıram ki, qısa zamanda bunu edə biləcəyik.
- Hücumçunu hücumçu ilə əvəzlədiniz. Ramil Şeydayevlə Xulio Sezarı birlikdə oynatmaq istəmədiz, yoxsa necə?
- Bizim oyun strukturumuz var. Başlayanda 4-3-3 sistemiylə oynadıq, amma bəzən müdafiə olunarkən 4-4-2 sisteminə keçirdik. Hücumda da belə oynayırdıq. İki hücumumuz da eyni tiplidir. Kevin Kubembanı da qıraqdan asmalarda kömək olsun deyə oyuna buraxdım. Mənim üçün əsas keyfiyyətli oyundur. 6 müdafiəçiylə oynamaq o demək deyil ki, biz müdafiədə yaxşı oynayacağıq. Eynilə də hücumda.
- Ruslan Abışovla bağlı düşüncələriniz nədir?
- Mövsüm başlamazdan əvvəl bir az problemləri var idi. Ona görə bu oyunu da buraxmalı oldu.
- Azərbaycandakı hədəfləriniz nədir və rəhbərlik qarşınıza hansı hədəfləri qoyub?
- Klub olaraq qarşımıza qoyulan məqsədlərdən biri Avropa Liqasına vəsiqə qazanmaqdır. Çalışacam ki, əlimizdə olan materialdan maksimum yararlanaq və öz oyun üslubumuzu inkişaf etdirək. Bunlar alınsa, lazım olan yerləri tuta bilərik. Mən sadəcə, bizdən asılı olan şeylərə diqqət yetirən məşqçiyəm. (komanda.az)