"Vüqar Həsənli müəmması": işi araşdırılır, amma təyinat alır
- 19 May 2021 14:00
- 1072
"Sabah" - "Neftçi" oyunundakı biabırçılığın axırı nə oldu görəsən? Bildiyiniz kimi, qarşılaşmadan sonra AFFA açıqlama yaymışdı ki, oyunun hakim idarəçiliyi araşdırılacaq. 3 qırmızı vərəqə, 3 penalti və çoxsaylı sarı vərəqənin verildiyi həmin oyundakı hakim idarəçiliyi günlərlə müzakirələrə yol açmışdı. Hətta Vüqar Həsənlinin futbolçu keçmişini, şübhəli oyunlardakı iştirakına görə çempionatdan kənarlaşdırılan "Şərurspor"dakı çıxışları da yada salınmışdı. Hər kəs hakimin minimum mövsümün sonuna kimi cəzalanacağını, hətta onun ömürlük hakimlikdən uzaqlaşdırılacağını güman edirdi. Amma nədənsə sonradan bu məsələdən səs-soraq çıxmadı.
Görəsən, nə oldu o araşdırmanın nəticəsi? İş ondadır ki, Vüqar Həsənli o boyda "şou"dan sonra oyunlara təyinat alır. Maraq üçün qeyd edək ki, "Sabah" - "Neftçi" matçı aprelin 24-də baş tutub. Vüqar Həsənli isə mayın 7-də, yəni o qalmaqaldan 2 həftə sonra I Divizion çərçivəsində keçirilən MOİK - "Sumqayıt-2" matçına 4-cü hakim kimi təyinat alıb. Yəni cəmi bir tur dincəlib, sonradan yenidən ona təyinat verilib. Bu adamın idarəçiliyi araşdırılırsa, araşdırma yekunlaşmamış, günahının olub-olmadığı sübut olunmamış ona necə təyinat verilə bilər? Yox, araşdırılıb və günahsız olduğu sübut olunubsa, bununla bağılı ictimaiyyətə niyə rəsmi məlumat verilməyib?
Göründüyü kimi, AFFA həmişəki kimi, yarımçıq, anlaşılmaz və qaranlıq fəaliyyəti ilə yadda qalır. O da görünür ki, Ştuxlik bu boyda hakim biabırçılıqları fonunda nəinki cəza metodu tətbiq edir, əksinə, həmin səhvi edən hakimlərin kürəyinə vuraraq sanki, "kef elə, işində ol" deyir.
Anar XANLAROV