Aprelin 25-də Masazırda əsl futbol tamaşası vardı. Düzdü, Azərbaycan Premyer Liqasında baxımlı və gərgin oyun arzulayan, çempionluq mübarizəsinə həyəcan qatılmasını istəyənlər bu tamaşadan zövq aldılar. Amma məsələnin digər tərəfi də var. Masazır stadionunda keçirilən “Sabah” – “Neftçi” qarşılaşmasına hakim Vüqar Həsənlinin mübahisəli qərarları damğa vurdu. 2:2 hesabıyla başa çatan bu gərgin qarşılaşmada uduzan olmasa da, həm “Sabah”ın, həm də “Neftçi”nin ciddi itkiləri vardı. Bir sözlə, qazanılan 1 xal hər iki komandaya baha başa gəldi.


Başlayaq ondan ki, “Neftçi” çempionluq uğrunda mübarizədə ağır zərbə aldı, çox önəmli iki xal itirərək əsas rəqibi “Qarabağ”ı özündən irəli buraxdı. Düzdü, Vüqar Həsənli yanlış penalti qərarıyla “Neftçi”nin penaltidən qol vurmasına şərait yaratmışdı. Bu baxımdan Hondanın “təmiz” qolunun sayılmamasını haqsız yerə verilən penaltiylə kompensasiya etmək mümkündü. Di gəl ki, nə sadiq “Neftçi” azarkeşləri, nə də komandanın baş məşqçisi Samir Abasov bizim bu kompensasiyamızla razılaşası deyillər. Onların fikrincə Həsənli həmin qolu saysaydı, “Neftçi” Masazırdan qələbə ilə ayrılacaqdı. Deməli, məsələyə onların nöqteyi-nəzərindən baxası olsaq, “xalq komandası”nın büdrəməsinin səbəbkarı baş hakimdi.


Vüqar Həsənlinin və onun başçılıq etdiyi briqadanın yeganə mübahisəli qərarı Hondanın qol vurduğu epizodda səsləndirdiyi fit deyil. Hakimlər tez-tez oyunun gedişatına müdaxilə etdilər və süni gərginlik yaratdılar. Bunun da sayəsində futbolçuların da, azarkeşlərin də oyundakı hakim idarəçiliyinin ədalətli olmasına haqlı şübhəsi yarandı. Özü də “Sabah”la “Neftçi”nin bu qərarlardan gördüyü zərər təkcə oyunun nəticəsi deyil. “Sabah” birdən-birə üç futbolçusunu itirdi və oyunu səkkiz nəfərlə başa vurdu. AFFA İntizam Komitəsi Təmkin Xəlilzadənin davranışına görə “Sabah”a 3200 manat, Bəhlulla Filip İvanoviçin hər birinə görə isə ayrı-ayrılıqda 200 manat cərimə kəsdi. Sonra bu üç qırmızı vərəqənin toplam cəzası kimi əlavə 4800 manat da “Sabah”ın “passivinə” yazıldı. “Neftçi”nin də itkiləri “Sabah”dan geri qalmır. “Ağ-qaralar” Samir Abasova görə 4000, 7 futbolçunun sarı vərəqə almasına görə isə 800 manat cərimə olundular. Amma AFFA-nın ürəyi bununla da soyumadı. “Sabah” Miloş Jevtiçin çılğın davranışlarına görə də əlavə 4000 manat xərcə düşdü.


Maraqlısı da məhz bu məqamdı. “Sabah” – “Neftçi” qarşılaşmasıyla bağlı kəsilən cəzaları açıqlayarkən Jetiviç barədə araşdırma aparılacağı qeyd olunmuşdu. Göründüyü kimi, araşdırmalar bitdi və 4000 manat cərimə, 5 oyunluq kənarlaşdırma ilə bağlı yekun qərar verildi. Hələ üstəlik təntənəli surətdə qərara əlavə olundu ki, Jetiviçlə bağlı araşdırmalar bitdi. Bəs Vüqar Həsənli necə oldu? Axı, bütün bu bəlaların başında onun yanlış qərarları, oyunun gedişatında futbolçuların və məşqçilərin əsəblərini gərməsi dayanır. Özü də qarşılaşmadan dərhal sonra Həsənlinin idarəçiliyi ilə bağlı da araşdırmaların aparılacağı haqda informasiya mətbuata sızdırılmış, ertəsi gün bunu təsdiqləyən mətn AFFA-nın rəsmi “feysbuk” səhifəsində yazılmışdı. Rəsmən bəyan edilmişdi ki, qarşılaşmanın hakimlər briqadasının idarəçiliyi ilə əlaqədar AFFA-nın Hakimlər Komitəsi tərəfindən müvafiq araşdırma aparılacaq.


Hanı o araşdırmanın nəticəsi? Nə üçün eyni oyunda Miloş Jevtiçin davranışlarıyla bağlı araşdırmalar bitir, cəza açıqlanır, amma əsas səbəbkarların hərəkətləriylə bağlı suallar cavabsız qalır. Yeri gəlmişkən, artıq Vüqar Həsənliyə etimad da göstərilib, qalmaqallı hakim MOİK – "Sumqayıt-2” oyunundakı “ədalət təmsilçiləri”nin arasındadı. Budurmu, AFFA-nın apardığı araşdırma, verdiyi cəza?