Qəbələdəki Heydər Əliyev Konqres Mərkəzində “Vüqar Həşimov Memorial-2023” superturnirinin açılış mərasimi keçirilib.

Rekord.az xəbər verir ki, tədbirdə rəsmi qonaqlar, mərhum qrossmeysterin yaxınları və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev çıxışında turnirin ilk dəfə Qəbələdə təşkil olunmasından məmnunluğunu ifadə edib, təşkilatçılara təşəkkürünü bildirib. O, həmçinin, yarış iştirakçılarına uğurlar arzulayıb.

Azərbaycan Şahmat Federasiyasının prezidenti, FİDE-nin vitse-prezidenti Mahir Məmmədov da turnirin Qəbələdə təşkil olunmasını sevindirici hadisə adlandırıb. O, Vüqar Həşimovun Azərbaycan şahmatında, qazanılan uğurlarda böyük rolunun olduğunu söyləyib. Yarışı yüksək səviyyədə təşkil etmək üçün əllərindən gələni edəcəklərini deyən M.Məmmədov iştirakçılara uğurlar arzulayıb.

Yarışın Təşkilat Komitəsinin rəhbəri, mərhum qrossmeysterin atası Qasım Həşimov turnirin ənənəvi olaraq hər il yüksək səyyiədə təşkil olunmasına görə başda Prezident İlham Əliyev olmaqla bütün aidiyyəti qurumların əməkdaşlarına minnətdarlığını bildirib. İştirakçılara uğurlar arzulayan Q.Həşimov daha sonra turniri açıq elan edib.

Mərasim bədii hissə ilə davam etdirilib.

Qeyd edək ki, şahmatçılar 8-10 dekabrda rapid, 11 dekabrda isə blits üzrə mübarizə aparacaqlar. Vüqar Həşimov Şahmat Fondu, Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyanın təşkilatçılığı ilə keçirilən 9-cu Vüqar Həşimov Memorialının baş hakimi beynəlxalq qrossmeyster İlahə Qədimovadır.