Vüqar Nadirov “Sportinq Bakı”nın hədəflərindən danışdı: “Bir günlük klub yaratmamışıq”
- 03 Sen 2020 17:00
- 1483
Bir müddət bundan əvvəl Bakıda yeni yaranan “Sportinq Bakı” adlı futbol klubu haqda məlumat vermişdik. Keçən ilin sonlarında isə millimizin sabiq üzvü Vüqar Nadirovun bu kluba idman direktoru təyin edilməsi “Sportiqn Bakı”ya marağı daha da artırdı. Daha çox uşaq futbolu üzrə ixtisaslaşmağı hədəf seçən komandanın hədəfləri də böyükdür. Pandemiya səbəbindən bir müddət məşqlərinə ara verən klub avqust ayından yenidən məşqlərini bərpa edib. Biz də burada baş verən yenilikləri, görülən işləri və baş verən dəyişiklikləri əyani görmək üçün klubunj məskunlaşdığı “Ruslan 93” bazasına baş çəkdik. Səhər saat 09:30-da sözügedən məkana çatanda klubun kiçikyaşlı komandasının məşqi artıq başlamışdı. İdman direktoru olmasına baxmayaraq Vüqar Nadirov özü də forma geyinib uşaqlara şəxsən məşq keçirdi. Bundan başqa, millimizin başqa bir sabiq üzvü Elşən Məmmədovu da “Sportinq Bakı”nın məşqçiləri sırasında gördük. Sabiq “9 nömrə” Nadirovunm dəvəti ilə bu klubda çalışmağa başlayıb. Ümumilikdə iki yaş qrupundan ibarət komandaların məşqləri saat 11:00-a qədər davam etdi. Məşq başa çatandan sonra klubun ofisinə qalxdıq. Burada bizi həmkarımız, bu yaxınlarda kluba mətbuat katibi təyin olunan Anar Nəbi qarşıladı. Anar bəy özümüzü qonaq kimi hiss etməmək üçün əlindən gələni etdi. Bu arada, qeyd edək ki, “Sportinq Bakı” “Qarabağ”ın sabiq ofisində məskunlaşıb. Gəzdiyimiz otaqlar bizi illər öncəyə, Ağdam təmsilçisinin yeni-yeni dirçəlməyə başladığı dönəmlərə apardı. Maraq üçün deyək ki, hazırda Vüqar Nadirovun əyləşdiyi və qapısına “İdman direktoru” yazılan otaqda bir vaxtlar Qurban Qurbanov oturardı...
Nadirovla söhbətə onun futbolla vidalaşmasından başlamaq istəyirdik, amma məlum oldu ki, sən demə sabiq milli üzvü hələ karyerasını bitirməyib: “Hələ karyeramı bitirməmişəm. Günü bu gün də məşq edirəm ki, formamı qoruyum. Hansısa ciddi təklif olsa yenidən futbol oynamağı düşünürəm”.
Daha sonra əsas mövzuya keçdik: “Sportinq Bakı”ya gəlişim təsadüfi oldu. Şou-biznesdən olan dostlarımızla futbol oynayırdıq. Oyundan sonra spripkaçı Səlim dostumuz mənə dedi ki, belə bir komanda var, səninlə işləmək istəyir. Açığı əvvəl qəti imtina elədim ki, mən uşaq futbolunda işləyə bilmərəm, mənlik deyil. Lakin sonradan düşündüm ki, gedim bir söhbət eliyim. Gəldim klub rəhbərliyi ilə söhbət elədim, klubun strategiyasını, hədəflərini görüb işləməyə razı oldum”.
Nadirov ardınca klubda etdiyi dəyişikliklərdən danışdı: “İlk şərtim o olmuşdu ki, mənə böyük səlahiyyətlər və imkanlar verilməlidir. Çünki bütün işləri peşəkara yaxın qurmaq istəyirdim. Mən gələndə komanda idman akademiyasının stadionunda məskunlaşmışdı ki, orada da şərait yaxşı deyildi. Təsəvvür edin, qapı ağzında bir otaq vermişdilər hamı orda otururdu. Kimin nə iş gördüyü də bilinmirdi. Bunun düzgün olmadığını düşündüyüm üçün klubu “Ruslan 93”-ə gətirdim. Buranın rəhbərliyi ilə “Qarabağ”da oynayandan tanışıq və yaxşı münasibətimiz var. Sağ olsunlar, bütün şəraiti yaradıblar və müəyyən güzəştlər də ediblər. Burada hər kəsin ayrıca otağı var. Futbolçular üçün də bütün şərait yaradılıb. Basseyn, trenajor zalı, iki meydançşa, otel və s. Hazırda daha iki otağın təmiri gedir və orada da tibb personalımızla mətbuat xidmətimiz fəaliyyət göstərəcək”.
Sabiq milli üzvü daha sonra qurulan sistem barəsində məlumatları bizimlə bölüşdü: “Bir günlük klub yaratmamışıq. Hədəflərimiz böyükdür. İstəyirik ki, öz uşaqlarımızı yetişdirək. Çünki Azərbaycanda yetərincə istedadlı futbolçular var. Niyə gedib kənardan legionerlər gətirməliyik? Özümüzdə olmalıdır ki, gəlmələrə ehtiyac duymayaq. Biz də işimizi bu yöndə qurmuşuq. Keçən il iki yaş qrupu üzrə komandamız var idi. Bu il isə yaş qrupunu 4-ə çatdırmışıq. 5-12 yaş arası uşaqlarla işləyirik. Növbəti ildə yaş qruplarının sayını dahja da artıracağıq. Yuxarı yaş qruplarından ibarət komandalarımızı da yaratmağı planlaşdırırıq. “Sportinq Bakı”nın əsas özəlliklərindən biri də məşqlərin təmənnasız olmasıdır. Başqa yerlərdə məşqlər üçün uşaqlardan aylıq pullar yığılır. 20 manat, 30 manat. Amma bizdə bütün məşqlər pulsuzdur. Çünki elə uşaq var ki, istedadı var, amma imkanı yoxdur. Həmin uşaq itib-batmalıdır? Onsuz da futbolçu ancaq kasıb ailələrdən çıxır. Biz də onların imkanlarını nəzərə alırıq. Bütün uşaqlar forma ilə təmin edilir. Onların qidalanmaları da yüksək səviyyədə təmin olunur. Komandamızda çalışan bütün məşqçilərin C kateqoriyası var. Hamısı çalışqan, zəhmətkeş uşaqlardı. Onların sırasında sizin də yaxşı tanıdığınız millimizin sabiq üzvü Elşən Məmmədov da var. Seçimlər zamanı ilk növbədə adamın adına yox, xarakterinə önəm verirəm. Çünki biz burda bir ailəyik və bu ailənin möhkəm olması üçün hamının ilk növbədə insan olması vacibdir”.
Nadirov rəhbər post tutduğu halda məşqləri şəxsən özünün keçməsinə də aydınlıq gətirdi: “Bilirsiniz, kreslo mənlik deyil. Bizim ömrümüz meydanlarda keçib. Ona görə özüm də məşqlərdə şəxsən iştirak edirəm. Çalışıram uşaqlara hər şeyi sıfırdan öyrədim. Sabah başqa yerə gedəndə deməsinlər ki, bunu kim öyrədib, hansı məktəbdən çıxıb. Onların tək futbolla bağlı hazırlığına yox, təhsilinə, rejiminə, hətta qidalanmasına da ciddi fikir veririk. Hər birinin gündəliyini yoxlayırıq. Çünki təhsil də uşaqların həyatında çox vacibdir. Hamı yaxşı futbolçu olmur axı. Ona görə indidən təhsilə də ciddi fikir verməlidirlər ki, gələcəkdə futbolda uğur qazana bilməsələr, təhsildə qazansınlar. Qidalanmaya gəlincə, hər şey xırdalığına qədər deyilir. Hətta nə yeyib nə yeməməklə bağlı. Məsələn, qət şəkildə deyilir ki, çipsi, kola, “ximkat” qidalar qəti yemək olmaz. Uşaqların dırnaqlarını tutub-tutmamasını da şəxsən özüm yoxlayıram. Bir sözlə, fəaliyyətimizdə ən xırda detallara qədər nəzərə alınır”.
Həmsöhbətimiz futbolçularının ölkə xaricinə çıxması üçün də bütün güclərini səfərbər edəcəklərini bildirdi: “Bu məsələdə bütün varantlardan istifadə edəcəyik. Öz imkanlarımızdan da yararlanacağıq, tanış menecerlərin də köməyindən istifadə edəcəyik. Əsas odur ki, uşaqlarımız ilk növbədə ölkə xaricinə çıxsınlar. Əsas hədəflərimizdən biri Portuqaliyanın “Sportinq” klubu ilə əməkdaşlıq etməkdir. İstəyirik bizim “Sportinq”dən çıxan uşaqlar birbaşa Portuqaliyaya yollansın və oranın akademiyasında daha da peşəkarlaşsın. Bir sözlə, planlar, layihələr çoxdur. Sadəcə, işləmək və əziyyət çəkmək lazımdır. O zaman bəhrəsi də mütləq olacaq”.
Anar XANLAROV