Azərbaycan millisinin sabiq futbolçusu Vyaçeslav Lıçkin sportinfo.az-a müsahibə verib. Rekord.az həmin müsahibəni sizə təqdim edir:

 

 

- Salam, sizi Bakıdan narahat edirəm. Çoxdandır ki, səs-sorağınız gəlmir. Müsahibə təklifimizə etiraz etməzsiz?
- Salam. Məgər, Vyaçeslav Lıçkinin necə olduğu, necə yaşaması Bakıda kiməsə maraqlıdır?

- Mobil nömrənizi tapmaq çətin oldu. Azərbaycandakı veteranlarla münasibətiniz qalmayıb deyəsən...
- Bəli, təəssüf ki, həyat bizi ora-bura atdı. Ona görə də indi istədiyimiz kimi münasibət yoxdur. Amma məncə, siz Dmitri Kramarenko, Emin Ağayev, Etibar Tarverdiyev, İqor Getman və Bəxtiyar Musayevə müraciət etsəydiniz kömək edərdilər. 15 ildir ki, eyni nömrəni işlədirəm.

- Bakıda sonuncu dəfə nə vaxt olmusunuz?
- Sonuncu dəfə Bakıda beş il əvvəl olmuşam. "Qəbələ" üçün 2000-ci il təvəllüdlü iki uşaq aparmışdım baxışa. Amma təəssüf ki, onlara lazım olmadı. Azərbaycanda olduğum müddətdə demək olar ki, vaxtım Qəbələdə keçdi. Yalnız Rusiyaya dönməzdən əvvəlki axşam Aslan Kərimov və Etibar Tarverdiyev Bakını gəzdirdilər. Onlara öz təşəkkürümü bildirirəm. Özümü nağıldakı kimi hesab edirdim. Şəhər çox gözəlləşib.

- Səhv etmirəmsə, qardaşlarınız akrobat idi. Maraqlıdır ki, hazırda Azərbaycanda gimnastikaya böyük önəm verilir, nəyə görə məşqçi kimi azərbaycanlı gənclərə töhfə vermək istəmədilər?
- Bəli, iki qardaşım var. Hər ikisi də akrobatikada Avropa və dünya çempionu olublar. Təəssüf ki, o vaxtlar Azərbaycanda akrobatika o qədər də populyar deyildi, lazımi qədər diqqət göstərilmirdi. Onlar həmin vaxt heç kimə lazım olmadı. İndi hər ikisi öz işlərilə məşğuldur. Biri universitetdə pedaqoq, digəri isə idman mərkəzində fiziki hazırlıq üzrə məşqçidir. Hər ikisi də Stavropol ətrafında yaşayır.

- Azərbaycandan ayrılığınız qəfil alındı. Son dəfə "Simurq"da oynadınız və 21 oyunda bir qol belə, vura bilmədiz. Buradan gedişinizə səbəb nə idi?
- Əslində mən karyeramı başa vurmaq haqda düşünmürdüm. Daha 2-3 il oynamağı planlaşdırırdım. Amma alınmadı. Dizimə görə əməliyyat olundum. Xəstəxanada olduğum vaxt "Simurq"un baş məşqçisi artıq ona lazım olmadığıma qərar vermişdi. Sifariş vaxtı bitmişdi və mən 3-4 ay gözləyə bilməzdim. Həmin ərəfədə isə qızım dünyaya gəlmişdi. Ailəmin yanına qaçdım, çünki onlara lazım idim. Bax beləcə, butslarımı birdəfəlik çıxardım. Bəli, "Simurq"da qol vura bilmədim. Amma mən orada başqa mövqedə oynayırdım. Təbii ki, bu, bəhanə deyil. Lakin "Simurq"da daha çox müdafiədə oynayırdım.

- Azərbaycan futboluna pulların sel kimi axdığı vaxtda buranı tərk etdiniz. Pul qazanmaq istəmirdiniz?
- Hamı pul qazanmaq istəyir. Mənim "pokoleniyam" üçünsə bu, alınmadı. Amma indiki nəsil adına sevinə bilərəm. Sadəcə, indiki futbolçuların yaxşı qazandıqları kimi yaxşı oynamasını da istərdim.

- Azərbaycan futbolundan hansı hisslərlə ayrıldınız, acı, yoxsa şirin?
- Açığı, heç özüm də bilmirəm. Özümə heç vaxt bu sualı verməmişəm. Sadəcə, ayrıldım, belə alındı.

- 90-cı illərdə çox yaxşı futbol sərgiləyən Vyaçeslav Liçkin bir neçə il sonra artıq əvvəlki kimi parlamırdı. Səbəb nə idi?
- Hər kəsin öz fikri var. Kimsə 90-cı illərdəki Lıçkini, kimsə sonlardakı Lıçkini bəyənirdi. Hər kəsin yüksəlişi və enişi olur. Məncə, karyeramın sonlarında da yaxşı oyunlarım oldu.

- Özünüzü bəxtsiz futbolçu hesab edirsiz? Çünki "Trabzonspor"la müqavilə imzaladınız və qəzaya düşdünüz...
- Xeyr, belə şey olmayıb. Qəzaya-filan düşməmişdim, düzgün məlumat deyil. Sadəcə, "Trabzonspor"da çox oynamırdım. Çünki məni konkret mövqeyə almışdılar.Türkiyə millisinin aparıcı oyunçusu Abdullah Ərcan həmin vaxt "Şalke"yə keçməli idi. Amma almanlar onu almadı və komandada qalası oldu. Türkiyədə isə özününkülərə yaxşı yanaşırlar. Xüsusilə də həmin oyunçu millidə çıxış edirsə. Ona görə də ehtiyat skamyada oturmağa məcbur idim. Digər mövqedə isə baş məşqçi Şenol Günəş məni prinsipial olaraq oynatmaq istəmədi. Bəxtsiz, yoxsa bəxtli futbolçu olduğuma gəlincə...Özümü bəxti gətirən futbolçu hesab edirəm. Nəzərə alın ki, mən uzun futbolçu karyeramı ciddi zədələrsiz keçirmişəm. Azərbaycanın ən yaxşı klublarında oynamışam, əla məşqçilərlə işləmişəm. Üstəlik, Azərbaycan millisinin heyətində Zinəddin Zidan, Jan Pyer Papen, Marsel Desayi, Ruy Koşta, Luiş Fiqu, Adrian İliye kimi futbolçulara qarşı oynamışam. Demək olar ki, dünyanın yarısını gəzmişəm, demək ki, bəxti gətirən olmuşam (gülür). Yadımdan çıxmamış onu da deyim ki, Sergey Yuran, Yeqor Titov, İlya Tsımbalar, Nazim Süleymanov, Vidadi Rzayev, Yunis Hüseynov və Aleksandr Jidkov kimi futbolçularla komanda yoldaşı olmuşam.

- Millimiz haqda danışaq: Yığmamızın nəticələri əvvəlki illərdən fərqli deyil. Millimiz son görüşdə isə sizə yaxşı tanış olan Macarıstana uduzdu və onlara yenə səfərdə qol vura bilmədik. Yəqin, bilirsiz də, Macarıstana səfərdə vurulan yeganə qolumuzun müəllifi sizsiniz...
- Çox ürəkağrıdıcı mövzudur. Təəssüf ki, səbəblər çox dərinlikdədir. Hər şeyi uşaq futbolundan başlamaq lazımdır. Futbolu dövlət proqramına daxil etmək lazımdır. İslandiyadan örnək götürmək olar. Onlar öncə uşaq futboluna diqqət yetirdilər. Həm də pulu təkcə milli və klubdakı məşqçilərə deyil, uşaq məşqçilərinə də yatırdılar. Avropanın ən yaxşı komandalarında seminarlar, kurslar, təcrübələr keçirilməsi üçün səfələr təşkil edildi.

- Rusiyada və Azərbaycanda uşaq futboluna yanaşmada fərq böyükdür?
- Məncə, elə də böyük fərq yoxdur. Hər yerdə nəticə önəmlidir, özü də dərhal. Yatırım edirlər, inkişafı gözləməyi isə çoxları istəmir.

- Millimizin tsikldəki son iki oyunu Uels və Slovakiyaya qarşıdır. Sizcə, bu iki oyunda hansı nəticəni göstərə bilərik?
- Əslində çox şey edə bilər. Azərbaycan millisi hər zaman proqnoz verilə bilməyəcək komanda olub. Yəni, biz olduqca güclü komandalara qalib gəlib və ya heç-heçə edib, zəiflərə uduza bilərdik. Təəssüf ki, stabillik yoxdur. Üstəlik, biz öz gücümüzə, özümüzə az inanırıq. Millidə indiki vəziyyətin necə olduğunu bilmirəm. Amma bizim vaxtımızda...Biz bir komanda idik, bir məqsəd üçün vuruşurduq. Meydanda və ehtiyat skamyada laqeyd adam yox idi. Nizam-intizam və özgüvən uğurun açarıdır.

- Qrupda cəmi bir xalımız var. Bunu normal nəticə hesab etmək olar?
- Əlbəttə ki, biz hamımız daha çox olmasını istəyirik. Amma hansısa oyunda hakim səhv edir, hansısa oyunda milli zəif oynayır, hansısa oyunda rəqib komanda ən yaxşı oyununu göstərir, bu, futboldur, belə hallar qaçılmazdır. Əsas odur ki, təslim olmayasan. Azərbaycanlı azarkeşlər oyuna laqeyd yanaşmadan savayı onsuz da hər şeyi başa düşür. Əsas odur, laqeydlik olmasın. Məncə, Azərbaycan millisi hələ xallar toplayacaq.

- Tez-tez belə fikir səslənir ki, indi Azərbaycan millisinə xaricdən hansı baş məşqçi gəlirsə-gəlsin, heç nə edə bilməyəcək. Sizcə, yığmaya xarici gətirilməlidir, yoxsa yerli məşqçi daha məqsədəuyğundur?
- Mən xarici məşqçilərə normal yanaşıram. Əsas odur ki, onlar bura yalnız pulu fikirləşib gəlməsinlər, iş üçün də gəlsinlər. Düzgün və keyfiyyətli şəkildə işlərini görsünlər.

- Milli komandamızda xarici ölkədə çıxış edən oyunçular da azdır. Rusiyada oynayan Ramil Şeydayevi izləyirsiz? Sizcə, nəyə görə o, "Dinamo"da yaxşı çıxış edə bilmir?
- Deyim ki, onu hər zaman izləyirəm, yox, elə deyil. Amma haqqında məlumatlıyam. Ramil yaxşı futbolçudur, yaxşı göstəriciləri var, işləməyi sevəndir. Məncə, hər şeyə Ramil özü qərar verməlidir. Burada nəsə məsləhət verməyə ehtiyac da yoxdur. O, özü hər şeyi yaxşı başa düşür. Millimizə də, Ramilə də uğurlar arzu edirəm.

- "Qarabağ"ın Avropa Liqasındakı çıxışını izləyirsiz? Sizcə, "Qarabağ" qrupdan çıxa biləcək?
- Onların çıxışı xoş təəssürat yaradır. Şans hər zaman var, sadəcə inanmaq, sona kimi mübarizə aparmaq lazımdır. Ümidvaram ki, "Qarabağ" qrupdan çıxacaq.

- Çoxları sizi eqoist və soyuq insan kimi qələmə verir. Bəlkə kimsə sizi küsdürüb?
- Haqqımda kimin bu cür düşündüyünü bilmək istəyərdim. Məni yaxşı tanıyan insanlar haqqımda belə danışmazlar. İstənilən halda hamının öz fikri var. Hər zaman meydanda və meydandan kənarda komandamın maraqları üçün hərəkət edirdim. Yunis Hüseynov, Vidadi Rzayev, Arif Əsədov, Vladislav Qədirov, Emin Ağayev, Dmitri Kramarenko, İgor Getman, Tərlan Əhmədov, Bəxtiyar Musayevdən məni soruşun..."Simurq"un baş məşqçisi Roman Pokora komanda yoldaşlarımın yanında olduğuma görə bundan narazı idi. Halbuki həmin vaxtı komandada kapitan idim. Elə bunun özü də karyeramın qəfil başa çatmasının səbəblərindən idi. Ona görə eqoist kəlməsi mənə görə deyil.

- Hansı məşqçi ilə işləmək sizim üçün daha xoş idi - Kazbek Tuayev, Əhməd Ələsgərov, yoxsa Vaqif Sadıqovla?
- Bir çox yaxşı məşqçilərlə işləmək mənə qismət oldu. Öncə mən ilk məşqçim Ələkbər Cəfərovu xatırlamalıyam. Allah rəhmət eləsin, futbola gəlməyimdə ona minnətdaram. Məhz o, mənə başa saldı ki, tək istedadla bu iş bitmir, gərək, istəkli və zəhmətkeş olasan. Ruslan Abdullayev, Rəşid Özbəyov, Böyükağa Ağayev, Ağasəlim Mircavadov, Vaqif Sadıqov, Kazbek Tuayev, Əhməd Ələsgərov, Anatoli Qryazev, Oleq Romanstev, Boris İqnatyev kimi məşqçilərlə çalışmışam. Hər birinin mənim üzərimdə əməyi var. Onların sayəsində indi olduğum adamam.

- "Zenit"dəki işləriniz necə gedir?
- Hazırda "Zenit" futbol akademiyasının filialında böyük məşqçi kimi çalışıram. Bilik və bacarığımı uşaqlara verirəm. Bundan da zövq alıram.

- Azərbaycanda işləmək təklif olunsa, razılıq verərsiniz?
- Əlbəttə ki, təklif gələrsə, gözdən keçirməyə hazıram. Bütün bakılılara atəşli salamlar.