Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Xaçmaz rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə idarə, müəssisə və təşkilatlar arasında minifutbol üzrə Xaçmaz rayon turnirinin final oyunu keçirilmişdir.

Rekord.az xəbər verir ki, final oyunu Xaçmaz Regional Qaz İstismarı İdarəsi komandası ilə Xaçmaz rayon Polis Şöbəsi arasında baş tutmuşdur. Oyun gərgin və güzəştsiz mübarizə şəraitində keçmişdir.

Oyunun əsas vaxtında rəqiblər qapılarını toxunulmaz saxlamış və hər biri 5 dəqiqədən ibarət olan əlavə vaxt təyin edilmişdir. Nəhayət, əlavə vaxtın ilk hissəsində Qaz İdarəsinin komandasının üzvü İsmət Niftəliyev qapının aşağı sağ küncünə gözəl zərbəyə hesabı açmışdır. Oyunun qalan vaxtında hesab dəyişməmiş və Xaçmaz Regional Qaz İstismarı İdarəsi üstünlüyü sonadək qoruyub saxlamağı bacarmışdır.

Beləliklə, Xaçmaz RQİİ Xaçmaz RPŞ üzərində 1:0 hesabıyla qələbə qazanmışdır.

Final matçından sonra mükafatlandırma mərasimi keçirilmişdir. Mərasimdə çıxış edən Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov mükafatçıları və azarkeşləri salamlamış, belə idman yarışlarının keçirilməsinin idarə, müəssisə və təşkilatlar arasında dostluq əlaqələrinin daha da möhkəmlənməsinə, onların asudə vaxtının səmərəli təşkilinə və ümumilikdə minifutbol İdman növünün rayonda kütləviliyinin artmasına rəvac verdiyini qeyd etmişdir. O, qalib komandaları təbrik etmiş, digər komandaları ruhdan düşməməyə çağırmış, gələcək yarışlarda yüksək yerlər qazanmaq üçün daha səylə hazırlamağın vacib olduğunu vurğulamışdır.

Daha sonra yarış iştirakçılarının təltifolunması keçirilmişdir.

Yarışları ədalətli idarə etdiyinə görə, turnirin hakimi Vüqar Heybətov, turnirin ən yaxşı oyunçusu Xələf Mustafayev ("Həyat İnşaat"), ən çox qol vuran oyunçu Qeybulla Kaçayev ("Avromed" QSC) və ən yaxşı qapıçı Mədin Şeydayev ("Maliyyə") QXRGİİ-nin diplom və hədiyyələri, 3-cü yerin sahibi "Avromed" QSC, 2-ci yerin sahibi Xaçmaz rayon Polis Şöbəsi və turnirin qalibi Xaçmaz Regional Qaz İdarəsi QXRGİİ-nin müvafiq dərəcəli diplom, medal və hədiyyələri ilə mükafatlandırılmışdır.