Xaçmaz Olimpiya İdman Kompleksində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Xaçmaz rayonu üzrə gənclər və idman sektorunun və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Xaçmaz rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə məktəblilər arasında atletika idman növü üzrə rayon birinciliyi keçirilmişdir.

Rekord.az xəbər verir ki, 12 orta ümumtəhsil məktəbindən 90 nəfər şagirdin qatıldığı yarış gərgin idman mübarizəsi şəraitində keçmişdir. Yarışda 2007, 2008, 2009 və 2010-cu il təvəllüdlü oğlan və qızlar iştirak etmişdir. Oğlanlar 100 m, 200 m, 400 m məsafəyə qaçış, qaçaraq uzununa tullanma, qızlar isə 60 m, 100 m, 200 m və qaçaraq uzununa tullanma növləri üzrə yarışıblar.

Yekunda Xaçmaz rayon Qaracik-Zeyid kənd tam orta məktəbinin atletləri 4 növdə 1-ci yeri, 2 növdə 2-ci yeri və 2 növdə 3-cü yeri qazanaraq, komanda hesabında 1-ci yerin, Xaçmaz şəhər 9 nömrəli tam orta məktəbin komandası 2-ci yerin (2 növdə 1-ci, 1 növdə 3-cü) və C.Cabbarlı adına Xaçmaz şəhər 6 nömrəli tam orta məktəbin komandası (1 növdə 1-ci, 2 növdə 2-ci, 2 növdə 3-cü) 3-cü yerin sahibi olmuşlar.

Mükafatçılar Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin müvafiq dərəcəli diplomları ilə təltif edilmişlər.

Birinciliyin keçirilməsində məqsəd atletika idman növünün orta ümumtəhsil məktəblərində, o cümlədən yeniyetmə və gənclər arasında kütləviliyinin artırılmasından ibarət olmuşdur.