Xaçmaz şəhər 6 nömrəli tam orta məktəbdə Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Xaçmaz rayonu üzrə gənclər və idman sektorunun və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Xaçmaz rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə orta ümumtəhsil məktəblərinin 2010-2011-ci il təvəllüdlü qız şagirdləri arasında minifutbol idman növü üzrə rayon turniri keçirilmişdir.

Rekord.az xəbər verir ki, 4 komanda tərkibində 30 futbolçudan ibarət yarış dairəvi sistem üzrə keçirilmiş və gərgin mübarizənin sonunda Xaçmaz şəhər 7 nömrəli tam orta məktəbin komandası I yerin sahibi olmuşdur.

II yerə Qaracik-Zeyid kənd tam orta məktəbin, III yerə Xaçmaz şəhər 1 nömrəli məktəbin və IV yerə Arzu qəsəbə tam orta məktəbin komandası layiq görülmüşdür.

İlk 3 yerin sahibləri Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin müvafiq dərəcəli diplom və medalları, IV yerin sahibi isə diplomlarları ilə təltif edilmişdir.

Turnirin keçirilməsində məqsəd orta ümumtəhsil məktəblərin qız şagirdləri arasında mini futbol idman növünə marağın artırılmasından və ölkə birinciliyində iştirak edən rayon komandasına yeni futbolçuların seçiminin aparılmasından ibarət olmuşdur.