Xaçmaz Uşaq-Gənclər İdman-Şahmat Məktəbində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Xaçmaz rayonu üzrə gənclər və idman sektorunun və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Xaçmaz rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə uşaq və yeniyetmələr arasında sərbəst güləş idman növü üzrə rayon birinciliyi keçirilmişdir.

Rekord.az xəbər verir ki, yarışlar başlamazdan öncə Azərbaycan Respublikasının Dövlət Himni səslənmiş, Vətən uğrunda şəhid olan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Giriş sözü ilə çıxış edən Xaçmaz Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin direktoru Nəriman Babayev yarış iştirakçılarını salamlayaraq, yüksək potensiala malik uşaq və yeniyetmə güləşçilərimizin olduğunu, onların inkişaf etməsi üçün öz üzərlərində səylə çalışmağın vacibliyini vurğulamışdır.

Xaçmaz rayonu üzrə gənclər və idman sektorunun müdiri Elman Məmmədov bu gün yarışan uşaq və yeniyetmə güləşçilərimizin gələcəkdə ölkəmizi beynəlxalq arenalarda təmsil edərək, bayrağımızı yüksəklərə qaldıracaqlarına ümidvar olduğunu qeyd etmişdir.

Natiqlər idmançılara uğurlar diləmiş və yarışlara start verilmişdir.

Rayon birinciliyində 70 güləşçi 11 çəki dərəcəsində mübarizə aparmışdır. Qaliblər Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin diplom və medalları ilə təltif edilmişdir.

Yarışın keçirilməsində məqsəd uşaq və yeniyetmələr arasında perspektivli güləşçilərin aşkara çıxarılması, zona və respublika miqyaslı yarışlara hazırlamaqdan ibarət olmuşdur.