AFFA Kipr üzərindəki qələbəyə görə, milli üzvülərinə yenə pul paylayıb. Deyilənə görə, hər futbolçuya 15-20 min manat veriblər. Əslində gözlənilən idi. Hələ matçdan öncə bu haqda bizə də məlumat daxil olmuşdu və yazmışdıq. Lüksemburq üzərində qələbəyə də mükafat qoyulmuşdu. Sadəcə, həmin oyun uduzulduğu üçün mükafat da olmadı. Bəlkə vurulan qola görə mükafat olub, onu deyə bilmərən. AFFA-dan hər şey gözləmək olar. İllərdi mükafat adı ilə milyonlar siliblər. Hələ indi neftin qiyməti düşüb, pandemiya dövrüdür, əlləri bir az aşağıdır. Neftin qiymətinin fontan vuran vaxtı mükafatların məbləği də fontan vururdu. Foqtsun vaxtında Belçika heç-heçəsi və Qazaxıstan qələbəsi üçün ümumilikdə hər futbolçuya 120 min manata yaxın mükafat verildiyini xatırlatmaq yerinə düşər...

 

Milli komandalarda mükafat sistemi dünyanın hər yerində var. Amma bizdə olan sistem heç yerdə yoxdur. Ən birincisi ondan başlayaq ki, milli komanda pul dağarcığı, qazanc mənbəyi deyil. Milli komanda hər kəsin qürur yeridir. Futbolçu milliyə Vətəninin, dövlətinin, bayrağının adını uca tutmaq üçün gəlir. Heç kim milliyə qazanc gözü ilə baxmamalıdır. Təbii ki, yerli federasiyalar, hətta hökumətlər tərəfindən müəyyən mükafatlar da olur. Amma o mükafat o zaman verilir ki, milli komanda hansısa nəticə qazanır. Məsələn, AÇ və DÇ-a vəsiqə qazanır, AÇ və DÇ-da qrupdan çıxır, müəyyən qədər irəliləyir, orada nəticə qazanır. Hər millinin səviyyəsinə görə mükafatın verilmə forması və məbləği dəyişir. Amma heç bir millidə qrup mərhələsindəki adi oyuna görə fantastik mükafatlar verilmir.

 

Qayıdıram Kiprlə oyuna. Həmin oyunda mükafatlıq nə var idi? Həmin qələbə bizə nə verdi, nəyi həll elədi, bizi hara çıxardı? Adi oyun, adi qələbə idi. Buna görə 200-300 min manatlıq mükafat fondu ayırmaq hansı məntiqə sığır? Elxan Məmmədov bir dəfə demişdi ki, milli üzvüləri millidə iştiraka görə maaş almır, ona görə də onların əziyyətini mükafatla qiymətləndirirlər. Qınamıram, Elxan Məmmədov və AFFA-da çalışan, AFFA-ya bağlı olan çevrəsi milliyə o qədər pul dağarcığı gözü ilə baxıb ki, futbolçulara da bunu aşılayıb. Yuxarıda da qeyd etdiyimiz kimi, hər bir futbolçu üçün millidə oynamaq qürur, fəxarət olmalıdır. Bunun üçün də ən üst səviyyədə əziyyət çəkilməlidir. Futbolçu millidə hansısa oyunu udursa, azarkeşlərin alqışı onlar üçün ən böyük mükafat olmalıdır. Daha futbolçu oyunu pula görə udub, oyundan dərhal sonra da təru qurumamış gözünü federasiyanın kassasına dikməməlidir. Futbolçu ki, buna öyrəşdi, o zaman bayraq, millət, dövlət keçir ikinci plana. Necə ki, bəziləri üçün artıq keçib. Nazarovun yaxın keçmişdə AFFA ilə mükafat davası etməsi yəqin yadınızdadır. Amma görünən budur ki, dəyişən heç nə yoxdur. Heç bir əhəmiyyət daşımayan oyunlarda qazanılan heç-heçə və qələbəyə görə, böyük məbləğdə mükafatların verilməsi ənənəsi davam etməkdədir. Bundan sonra da belə olacaq. Çünki futbolumuzun başında duran dəllallara belə sərf eliyir. Axı büdcədən çıxardılan həmin pullardan onların da cibinə gedir. Milliyə futbolçu dürtən menecerlər də o fonddan öz payını götürməlidir. Mükafat adı ilə büdcədən çıxardılaraq silinən puldan nə qədər şəxs faydalanır. Ona görə də nə qədər ki, hazırkı AFFA rəhbərliyi var, bu sistem də davam edəcək. Ara-sıra qazanılan təsadüfi qələbələrlə başımızı qatıb öz ciblərini dolduracaqlar. Azərbaycan futbolu isə yerində saymaqda, bəzən isə geri getməkdə davam edəcək.

 

Anar XANLAROV