Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Xaçmaz rayonu üzrə gənclər və idman sektorunun və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Xaçmaz rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə məktəblilər arasında minifutbol idman növü üzrə rayon turniri keçirilmişdir.

Rekord.az xəbər verir ki, yarış 2012-2013-cü il təvəllüdlü oğlan şagirdləri arasında baş tutmuşdur. 140 şagirdin mübarizə apardığı 14 komanda 4 qrupda mübarizə aparmış, qrup qalibləri yarımfinala vəsiqə qazanmışlar.

Qrup oyunlarından sonra yarımfinal qarşılaşmalarlnda C.Cabbarlı adına 6 nömrəli tam orta məktəbin komandası M.Babayev adına 1nömrəli tam orta məktəbin komandasına, A.Səlimov adına 7 nömrəli tam orta məktəbin komandası B.Rəsulov adına 5 nömrəli tam orta məktəbin komandasına qalib gəlmişlər. Hər iki oyun 4:1 hesabı ilə başa çatmışdır.

3-cü yer uğrunda yarımfinal məğlubları qarşılaşmış, bu oyunda 1 nömrəli məktəb üstün olmuşdur- 3:0.

Final oyunu olduqca gərgin və dramatik alınmışdır. Belə ki, oyunboyu 1:0 üstün olan 7 nömrəli məktəbin komandası son 3 dəqiqədə 2 top buraxaraq turnirin qalibi olmaq imkanını əldən vermişlər- 1:2.

Mükafatçı yerlərin sahibləri Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin müvafiq dərəcəli diplomları ilə təltif edilmişlər.

Turnirin keçirilməsində məqsəd rayonun orta ümumtəhsil məktəblərində minifutbol idman növünün kütləviliyinə nail olmaqdan ibarət olmuşdur.