2022/23 mövsümündə birinci diviziona cəlb olunacaq daha bir komandanın adına aydınlıq gəlmək üzrədir.

Rekord.az xəbər verir ki, AFFA “Energetik”dən sonra “Xan Lənkəran”ı da ikinci dərəcəli Azərbaycan çempionatına buraxmağı planlaşdırır.

Bu mövsümdən Region Liqasında mübarizə aparan Lənkəran təmsilçisi yavaş-yavaş peşəkar futbola qədəm qoyacaq.

Komanda Cənub zonası üzrə yarışın ilk 4 oyununda rəqiblərini böyük hesabla məğlub edib.

Xan Lənkəran” rəhbərliyi I diviziona tələb olunan sənədləri hazırlamaq üçün indidən hərəkətə gəlib. Hətta orada komandaya rəhbərlik edəcək baş məşqçi də seçilib.

Lənkəranlılar “Xəzər Lənkəran”ın formasını geyindiyi zaman yerli əhalinin sevimlisinə çevrilən Adrian Piti baş məşqçi təyin etmək arzusundadır.

Adrian Pit 2011-2014-cü illərdə “Xəzər Lənkəran”ın şərəfini qoruyub.

Hazırda ölkəsi Rumıniyada aşağı liqa təmsilçisi “Lunka-Teuz Çermei”nin heyətində çıxış edən 38 yaşlı yarımmüdafiəçi mövsümün sonunda karyerasını bitirəcək.

“Xan Lənkəran” da bundan yararlanaraq ona baş məşqçilik təklif edəcək. Hətta onun oynayan baş məşqçi olması da istisna edilmir.

Bu, həm də azarkeşlərin matçlara daha böyük maraq göstərmələrinə səbəb ola bilər. Ancaq bütün bunların həyata keçməsi üçün “Xan Lənkəran” ilk növbədə birinci divizion üçün tələbləri qarşılamalıdır. (sportinfo.az)