Rekord.az yeni yaranan "Xan Lənkəran" futbol klubunun kapitanı Mahsun Qənbərlinin XL Müsahibə səhifəsinə verdiyi müsahibəni sizə təqdim edir:

 

 

- "Xan Lənkəran"a transferiniz necə baş tutdu?

- Klub rəhbərliyi tərəfindən mənimlə əlaqə saxlanıldı. Klubun hədəflərindən danışdılar. "Xan Lənkəran" futbol klubu doğma şəhərimin klubu olduğu üçün təklifi geri çevirə bilməzdim . Çünki, "Xəzər Lənkəran" dönəmindən Lənkəran futbolunda yarım qalmış xatirələrim və arzularım var, onu tamamlamaq üçün mən də bu təklifi qəbul etdim .Gördüyünüz kimi hər şey yüksək səviyyədə davam edir .

- "Xəzər Lənkəran"da da əsas heyətdə çıxış etmisiniz, hazırda isə "Xan Lənkəran"ın kapitanısınız . Çılğın olan Lənkəran azarkeşləri məğlubiyyəti sevmir.  Üzərinizə böyük məsuliyyət düşür .Özünüzü komandanın kapitanı olaraq necə hiss edirsiniz?

- Bildiyiniz kimi Xəzər Lənkəran fəaliyyətini dayandırdıqdan sonrada Azərbaycanın digər klublarında futbol oynadım və sonra Tailand çempionatında da legioner həyatı yaşadım .Bir onu deyə bilərəm ki, dünyanın heç bir yerində Lənkəran azərkeşləri kimi futbola bağlı olan ikinci bir azarkeş yoxdur . Başqa klublarda oynadığım dönəmlərdə də bunun şahidi olmuşam . Futbolçu nə qədər peşəkar olur olsun, Lənkəran azarkeşlərinin önündə futbol oynamaq çox məsuliyyətli bir işdir və biz də bu məsuliyyəti dərk edirik. Onlar üçün əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq .Azarkeşlər üçün meydanda canımızı qoymağa hazırıq Gələcəkdə də Lənkəran futbolunu təkcə Azərbaycanda yox, Avropada da tanıtdırmaq istəyirik .

-Klubun hədəfi nədir ?

- Bildiyiniz kimi cari mövsümdə "Region liqası"nda çıxış edəcəyik. "Xan Lənkəran" rəhbərliyinin hədəfi Lənkəranda yenidən futbolu dirçəltməkdir .Qarşımıza bu yöndə tapşırıqlar verilib .Rəhbərlik də, biz futbolçular da istəyirik ki, Lənkəran gəncləri idmanla məşğul olsun, pis vərdişlərdən uzaq olub sağlamlıqlarını düzgün yöndə sərf etsinlər, vətənimizi, xalqımızı gözəl şəkildə istər ölkə daxilində, istərsə də ölkə xaricində layiqincə  təmsil etsinlər. "Xan Lənkəran" rəhbərliyinə bunun üçün bizə hər cür şərait yaratdıqları üçün təşəkkür edirik .

- "Xan Lənkəran"ın "Region Liqası"nda yer alan digər komandalardan əsas üstünlüyü nədir və komandanıln çempionluq şansını necə görürsünüz?

- "Region liqası"nda hansı klubların çıxış edəcəyi hələ bizə məlum deyil. Amma ötən mövsüm oynamış bəzi komandalar haqda məlumatım var. "Ağsu city" çox yaxşı komandadır .Cəlilabadın "Ümid", Qusarın "Şahdağ" komandaları da güclüdür. Bizim "Xan Lənkəran" olaraq digər klublardan üstünlüyümüz isə "Xəzər Lənkəran" dönəmindən istər əsas heyətdə, istərsə də "Xəzər Lənkəran"ın aşağı yaş qruplarında uzun müddət bir yerdə oynamağamız, bir birimizin oyun üslubunu çox gözəl tamamlamağımızdır . Buna görə digər klublarla müqayisədə çempionluq şansımız daha yüksəkdir . Ən əsas üstünlüyümüz isə Lənkəran azarkeşləridir.

-3 yoxlama görüşündə 3 qələbə qazanmısınız. Komandada ümumi ab-hava necədir ?

- Komandada ab-hava əladır. Məşqlərimizə davam edirik. Baş məşqçimiz İqbal müəllim (İqbal Babayev) və məşqçilər korpusu da bizi peşəkar səviyyədə oyunlara hazırlayır . Bu məşqlərin nəticəsidir ki, 3 ardıcıl qələbə qazanmışıq. İnşAllah ki, bu ardıcıllığı davam etdirəcəyik. Bu arada növbəti rəqibimiz Cəbrayılın "Mübariz" komandasına Lənkərana bizimlə qarşılaşmağa gəldiklərinə görə təşəkkür edirəm .

- XL müsahibənin Qonağı olduğunuz üçün sizə təşəkkür edir, karyeranızda uğurlar arzulayırıq . Ən sonda azarkeşlərə kapitan olaraq sözünüz varsa deyə bilərsiniz .

- Mən də sizə təşəkkür edirəm .İşlərinizdə uğurlar arzulayıram .Azarkeşlərə də demək istəyirəm ki, onlar üçün çox darıxmışdıq Şükürlər olsun ki, yenidən onların qarşısında futbol oynamaq bizə qismət oldu . Mənə və bir çox komanda yoldaşıma bu hisslər nostalji və xoşbəxtlik yaşatdı . Bizim onların dəstəyinə daima ehtiyacımız var və onların da bizə daima dəstək olmasını istəyirik .Lənkərana böyük futbolu birlikdə birləşərək qaytaracağıq .Bizim azarkeş ordumuz qələbələri sıralamağa layiq azarkeşlərdi və onları sevindirmək üçün  bir kapitan olaraq əlimizdən gələnin ən yaxşısını edəcəyimizə komanda adından söz verirəm .