Rekord.az xəbər verir ki, AFFA Hakimlər Komitəsinin keçmiş sədri Xaqani Məmmədov Premyer Liqanın cari mövsümü və hakimlərin narazılıq doğuran idarəçiliyi ilə bağlı sualları cavablandırıb.

 

 

- “Zirə” – “Keşlə” oyununun baş hakimi Elçin Məsiyevin idarəçiliyi ilə bağlı fikirlərinizi öyrənmək istərdik.

- Hakimliklə bağlı narazılıqlar həmişə olur. Çox maraqlı və gərgin oyun oldu. Çox xoşuma gəldi. “Qarabağ” – “Sumqayıt” matçından da baxımlı oyun idi. Hiss olunurdu ki, “Keşlə” ilk oyundakı məğlubiyyətin əvəzini çıxmaq üçün alışıb yanır. O ki qaldı hakimliyə, mən oyundan əvvəl də demişdim ki, təyinat düzgün deyil. Bu oyunu ya Rauf Cabbarov, ya da İnqilab Məmmədov idarə etməli idi. Nə olsun ki, Elçin Məsiyev FİFA referisidir. Cavan hakimdir, qaydaların yozumu və tətbiqində problemi var idi. Hardasa futbolçuları qıcıqlandıran qərarları olurdu. Məsələn, 25-ci dəqiqədə “Zirə”nin futbolçusuna sarı vərəqə göstərir, bir dəqiqə sonra “Keşlə”nin oyunçusuna daha kobud qayda pozuntusuna görə vərəqə vermir. Bir neçə epizodda qayda pozuntusuna göz yumdu.

- Konkret olaraq “Keşlə”nin futbolçusu Anatoli Abanqın rəqibin cərimə meydançasında yerə yıxıldığı epizod haqda danışaq.

- Bu, mübahisəli epizodların kluminasiya nöqtəsi oldu. Mən Peşəkar Futbol Liqasının təqdim etdiyi görüntülərə baxmışam. Qərar tamamilə düzgündür, qayda pozuntusu var. Lazar Corceviç rəqibini vurdu. Ancaq burada prosedur qaydası başa düşülməyəndir. Sənin yan xətt hakimin mikrafonla deyir ki, qayda pozuntusu var. Bunu eşidirsən və gedirsən onunla məsləhətləşməyə. Hansı ki, buna ehtiyac da yox idi. Təsəvvür edin ki, 84-cü dəqiqədə epizod baş verib və 89-cu dəqiqəyə qədər referi mikrafonla kimləsə danışır.

- Ümumiyyətlə, baş hakim mikrafonla köməkçilərindən başqa kimləsə məsləhətləşməlidir?

- Təbii ki, köməkçin sənə qayda pozuntusu olduğunu deyirsə, sən heç kimlə danışmamalısan. Uzun müddət kimləsə məsləhətləşmək “Zirə”də şübhələr yaradır. Elə ona görə də məşqçilər hakimin başına toplaşdılar. Həmin anda Elçin Məsiyev penalti nöqtəsini göstərsəydi, Rəşad Sadıqov meydana çıxası deyildi. Yəni baş məşqçi və digərlərinin qırmızı vərəqə almasını qabaqlamaq olardı. Get nöqtəni göstər, penaltini vursunlar. Ancaq penalti və Lazar Corceviçə verilən qırmızı vərəqə düzgün idi.

- Düşünürsünüz ki, Elçin Məsiyevin qətiyyətsizliyi bu olanlara gətirb çıxardı?

- Bəli. Əslində Elçin Məsiyev qətiyyətli hakim kimi tanınır. Ancaq həmin epizodda bir qədər qətiyyətsizlik nümayiş etdirdi.

- Əgər yarışda VAR sistemi yoxdursa, baş hakim qərar verməyə tərəddüd edərkən nə etməlidir?

- Ümumiyyətlə, baş hakim ancaq köməkçiləri və ehtiyat hakimlə məsləhətləşə bilər, başqa heç kimlə. Onu mən deyə bilmərəm ki, Elçin Məsiyev kimlə məsləhətləşirdi. Ümumiyyətlə, mikrafon 6 dənə olur, onlardan 4-ü hakimlərə verilir. İndi digər iki mikrafon kimdədir, ümumiyyətlə varmı, onu deyə bilmərəm.

- Elçin Məsiyevin “Zirə” – “Keşlə” oyununa təyin edilməsinin düzgün olmadığını dediniz. Bu oyun o qədər ağır idi ki, FİFA hakimi çətinlik çəksin?

- İstər-istəməz yarımfinal oyununda gərginlik olur. Düzdür, ilk oyunda adamın yuxusu gəlirdi, ancaq bu görüşdə tam başqa mübarizə gördük. Meydanda gərginlik çox idi. Ona görə də bu cür oyunları təcrübəli hakimlərə tapşırmaq lazımdır. Yarımfinal oyunu elə-belə oyun deyil. Elçin Məsiyev FİFA hakimi olsa da, hələ “bişməyib”. Buraxdığı müəyyən səhvlər komandaları qıcıqlandırırdı. Xüsusən də “Zirə”ni.

- Hakimliyin ümumi durumu ilə bağlı nə deyə bilərsiniz?

- Getdikcə səhvlər daha çox olacaq. Çünki idarəçilik zəifdir. Həmişə deyirəm ki, çempionatın sonuna doğru gərginlik artacaq və hakimlərin psixoloji durumunun hansı vəziyyətdə olduğu üzə çıxacaq. İki təcrübəli hakim Rəhim Həsənov və Rəvan Həmzəzadə normativi yerinə yetirmədiyi üçün oyunlardan kənarda qalıblar. Baxmayaraq ki, mövümün sonuna bir ay qalıb və onlara güzəşt etmək olardı. Son iki ildir ki, hansısa komanda “Qarabağ”la rəqabətə girib. Yəni “Neftçi” rəqabət yaradıb. Görürsünüz, iki komanda çempionluğa oynayan kimi gərginlik artır və hakimlər bu rəqabətə dözə bilmir. Ancaq əvvəllər 4-5 komanda çempionluğa oynayırdı. Onda oyun idarə etmək çox çətin idi. İndi oyun idarə etməyə nə var ki? İndi hakimlər arasında ayrıseçkilik, narazılıqlar var. Eşidirəm ki, Hakimlər Komitəsinin sədrinin öz sevimli kadrları var. Bunlar olmamalıdır.

- Kimdir o kadrlar?

- Bir-ikisinin adını çəkə bilərəm. Məsələn, Elçin Məsiyev, Pərvin Talıbov, Tural var. Yəni bir neçə hakim var ki, onlara açıq-aşkar üstünlük verilir, təcrübəli hakimlər isə aylarla oyun idarə etmirlər.

- Son zamanlar “Zirə” hakimliklə bağlı daha çox narazılıq edir. Bu etirazların əsası varmı?

- Məsələ ondadır ki, “Zirə” heç şikayətlənmirdi. Mən dəfələrlə verilişdə də deyirəm ki, bu il “Zirə” və “Qəbələ”yə qarşı o qədər haqsızlıq edilir ki... Heç biri də heç nə olmamış kimi deyirlər ki, narazılığımız yoxdur. Təbii ki, hər iki komandaya qarşı hakim səhvləri çox olub.

- Premyer Liqanın son turunda keçirilən “Sabah” – “Neftçi” oyunu da hakim səhvləri baxımından çox müzakirə edildi.

- Bəli, hakim idarəçiliyi çox zəif idi. O oyun da Vüqar Həsənli üçün deyildi. Təyinat səhv olmuşdu. Həmişə deyirəm ki, “Neftçi” və “Qarabağ”ın iştirakı ilə keçirilən oyunlara ən təcrübəli, ən yaxşı hakimlər təyin edilməlidir ki, sabah məşqçilər deməsin ki, bizi çempionluqdan filan hakim elədi. Yəni imkan vermək lazım deyil ki, məşqçilər hakim səhvindən danışsın. Mən bu hakimlərin hamısın yaxşı tanıyıram. Kim nəyə qadirdir, psixoloji durumu nə yerdədir, hamısın bilirəm. Vüqar Həsənli həmin oyuna təyin olunanda dedim ki, vəssalam, bu matç başa çatsa, böyük işdir.

- Elçin Məsiyev, Vüqar Həsənli kimi hakimlərə hansı cəza verilməlidir?

- Problemin kökündə duran əsas məsələlərdən biri də elə cəzasızlıqdır. Kimi cəzalandırırlar? Heç kimi. Hakimlər də görür ki, cəza yoxdur, növbəti oyunu da bildikləri kimi idarə edirlər. Bu oyunda kobud səhv edən hakim növbəti turda təyinat alır. Belə olmaz axı. Adın da qoyurlar ki, biz heç kimi cəzalandırmırıq. Necə yəni cəzalandırmırıq? UEFA-dan artıqsan? UEFA Avroliqadakı “Qarabağ” – “İnter” matçındakı səhvinə görə Zelinkaya 6-7 ay təyinat vermədi. UEFA bunu açıqlamasa da, cəzalandırır. Sən də cəzalandır, amma açıqlama. Mən görüm ki, bu adam filan səhvinə görə təyinat almır.

Hakimlər Komitəsinin kodeksi var. İndi bilmirəm onu dəyişiblər, yoxsa yox. Baxır hakimin səhvinə. Səhv var ki, 4-6 oyunluq cəza verə bilərsən, səhv də var ki, mövsümün sonuna qədər və ya ümumiyyətlə, hakimlikdən uzaqlaşdırılmalıdır. Mən belə şeyləri görmürəm.

- Yeni nəsil hakimlərin yetişdirilməsi hansı səviyyədədir?

- Bu da böyük problemdir. Oyun yoxdur ki, gənc hakimlər idarə etsin. Bunlar inkişaf etdikdə Hakimlər Komitəsi baxmalıdır. Eşidirəm ki, hansısa oyunları izləyirlər. Ancaq oyun sayı çox azdır. Təkcə kitab oxumaqla hakimlik olmur ki. Ən əsası praktikadır. Oyun idarə etmək, fiziki hazırlıqlı olmaq lazımdır. İndi hakim hazırlamaq çox çətindir. Ancaq gənclərdən Kamal Umudlunu qeyd edə bilərəm. İdarəçiliyi xoşuma gəlir. Mənim vaxtımda üzə çıxdı. Üzərində işləsə, yaxşı hakim olacaq (qol.az)