Xaricə gedən "Zaqatala"nın futbolçusuna hədə-qorxu gəldilər, sonra da aldatdılar!
- 07 Yan 2020 18:00
- 1184
"Zaqatala"nın futbolçusu Famil Camalovun Cənubi Kiprdə legioner həyatı yaşayacağı ilə bağlı mətbuata yalan məlumat verdiyi üzə çıxıb.
Rekord.az xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi AEL-in düşərgəsinə deyil, Şimali Kiprə yollanıb.
Hansı ki, Şimali Kipr bir ölkə olaraq beynəlxalq ictimaiyyət, o cümlədən, UEFA və FİFA tərəfindən tanınmır. Aydın məsələdir ki, bu ölkənin çempionatı ali futbol qurumlarından qəbul görmür.
I Divizionun ilk dövrəsində 9 qol vuran və bombardirlər yarışında ikinci-üçüncü yeri bölüşdürən Camalovun "Zaqatala" ilə müqaviləsi mövsümün sonunda bitəcək.
Futbolçunun bunu bildiyi halda, klubdan xəbərsiz adaya üz tutması təəccüb doğurmaya bilməz. Təkcə ona görə yox ki, UEFA və FİFA-nın transfer qaydaları Şimali Kiprdə keçərsizdir.
AEL belə etsəydi, təbii ki, cəzanı göz önünə gətirəcəkdilər. Azərbaycanlı oyunçu Limassol təmsilçisinə lazım olsaydı, öncə "Zaqatala"ya rəsmi şəkildə müraciət edər, razılıq olsaydı, sonra Camalova dəvət göndərərdilər.
Şimali Kipr tanınmayan ölkə olduğundan, bura gələn futbolçunun əvvəlki komandasıyla müqaviləsinin mövcudluğu heç bir önəm daşımır.
Oxşar hadisə daha əvvəl də Azərbaycan futbolunda baş verib. Pius İkedia AZAL-ın formasını geyindiyi vaxt, dəqiq desək, 2010-2011-ci il mövsümünün qış vasiləsində qəfildən yoxa çıxmış, az keçmiş, Şimali Kiprə yollandığı məlum olmuşdu.
Şüvəlan klubunda keçirdiyi ilk dövrədə cəmi 1 qol vuran nigeriyalı yarımmüdafiəçi "Mağuşa Türkgücü"nə üz tutmuşdu.
AZAL "Ayaks"ın yetirməsi olan legioneri geri qaytarmaq üçün çox cəhd göstərsə, hətta UEFA və FİFA-ya baş vursa da, bir nəticə əldə edə bilməmişdi.
İndi isə Azərbaycanın gənclər yığmasına namizəd göstərilən Famillə bağlı qeyri-müəyyənlik yaranıb.
O, "Zaqatala"dakı komanda yoldaşlarıyla əlaqə saxlayaraq, menecerlər tərəfindən AEL-in adıyla aldadıldığını, sonra da məcburiyyət qarşısında Şimali Kiprə gətirildiyini bildirib. Camalov burada hədə-qorxuya məruz qaldığını, bununla belə, işinin hələ alınmadığını söyləyib. (sportinfo.az)