Rumıniyanın Buxarest şəhərində güləş üzrə U-23 Avropa çempionatı davam edir.

Rekord.az xəbər verir ki, ilk yarış günündə 55, 63, 77, 87 və 130 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizə aparıb.

Xasay Həsənli (77 kq) qitə birinciliyinə inamlı start verib. Ötən il analoji yarışın qalibi olan pəhləvanımız əvvəlcə türkiyəli Şahan Acara (10:0), daha sonra isə litvalı Aistis Liauqminasa (9:0) tam üstünlüklə qalib gəlib. Yarımfinalda ukraynalı Nikita Politayevdən (5:1) güclü olan Həsənli finalda moldovalı Aleksandrin Qutu ilə üz-üzə gəlib. Rəqibinə 3:6 hesabıyla məğlub olan Xasay Avropa ikincisi olub.

Rahim Həsənov 1/4 finalda ermənistanlı Karapet Manvelyana (1:7), Ziya Babaşov (63 kq) ilk mərhələdə bu ölkənin digər təmsilçisi Sahak Hovannisyana (1:3), Məhəmməd Əhmədiyev (87 kq) təsnifat mərhələsində gürcüstanlı Açiko Bolkvadzeyə (4:5), Sərxan Məmmədov (130 kq) isə startda ukraynalı Mixaylo Vişnivetskiyə (1:9) məğlub olub. Sərxanın rəqibi finala yüksəldiyi üçün güləşçimiz təsəlliverici görüşdə rumıniyalı Gean Ali ilə qarşılaşıb və 8:0 hesablı qələbə qazanıb. Ancaq bürünc medal uğrunda görüşdə türkiyəli Muhammet Hamza Bakıra 0:4 hesabıyla uduzaraq 5-ci yerlə kifayətlənib.