Bu gün Bakı İdman Sarayında dünya çempionatının əsas mərhələsinin oyunlarına hazırlığını davam etdirən futzal üzrə Azərbaycan millisinin üzvü Xətai Bağırovun brifinqi olub.

Rekord.az xəbər verir ki, o, bunları söyləyib:

“Toplanış çərçivəsində ikinci məşqimizi keçiririk. Hazırlıq prosesində baş məşqçi rəqiblərimizə qarşı necə oynayacağımızı məşq etdirir. Komandanın qarşısına konkret tapşırıq qoyulub.

“Araz”la UEFA Çempionlar Liqası turnirindəki nəticələrimiz yaxşı olmadı. Turniri 5-6 meydan oyunçusu ilə keçirdik. Dörd gün ərzində ardıcıl 3 oyun keçirdiyimizə görə, yorğunluq var idi. Bakıya döndükdən sonra 3 gün istirahət etdik. İndi hər şey qaydasındadı. Rəqiblərimizdən Slovakiya və Moldova ilə əvvəlki illərdə qarşılaşmışıq, uğurlu nəticələrimiz olub. Bu dəfə doğma meydanda, azarkeşlərimiz qarşısında oynayacağıq. Əlbəttə, yaxşı nəticə qazanmalıyıq”.