Xəyal Nəcəfov: "Sona iki tur qalmış bu suala cavab verməyim daha məntiqli olardı" MÜSAHİBƏ
- 18 Mar 2024 21:00
- 490
"Turan Tovuz"un futbolçusu Xəyal Nəcəfov "Qarabağ"la oyundan sonra (1:3) Rekord.az-a müsahibə verib:
- Uzun müddətli fasilədən sonra start heyətində meydançaya çıxdın, özü də "Qarabağ"a qarşı. Başlayaq oyundan...
- Zədələrim çox oldu. Bir ara heç "18-liy"ə düşmürdüm. Sonradan tədricən formaya düşməyə başladım və bilirdim ki, nə zaman tam formada olsam, Ayxan müəllim mənə şans verəcək. O da bu günə qismət oldu. Mən də əlimdən gələnin artığını etməyə çalışdım ki, komandaya kömək edim. Hesabda da 1:0 önə keçdik, ikinci qolu vurmaq üçün də imkanlarımız oldu, bəlkə də o imkanlardan birini vursaydıq, oyun başqa cür gedərdi.
- Həmin imkanları vura bilməməyiniz nə ilə bağlı oldu, həyəcan, tələskənlik, yoxsa...?
- Nə həyacan var idi, nə tələskənlik. Olmayanda olmur da. Futbolçularımız istədi ki, vursun, amma alınmadı.
- Oyunun gedişində "Qarabağ"da dəyişikliklər oldu, aparıcı futbolçular Zubir, Juninyo oyuna daxil oldu. Bunların təsiri oldu?
- Bizim üçün fərqi yoxdu. Əksinə, ilk hissədə oynayanlar özlərini göstərmək istəyirdi, daha istəkli idi.
- "Qarabağ"a məğlubiyyətə baxmayaraq, ilk "dördlüy"ə düşmək şansınız hələ də var. Bunun üçün nə etmək və necə oynamaq lazımdı?
- Açığı bu dəqiqə ilk "dördlüy" haqda düşünmürük. Dördüncü dövrəyə yeni giririk, bütün oyunlardan xal götürmək istəyirik. Yenə deyirəm, ilk "dördlük" haqda fikirləşmirik.
- Bəs nə haqda fikirləşirsiniz?
- Bütün oyunlardan xal götürmək istəyirik.
- Demək ki, 4-cü pilləyə iddialısınız...
- İddialı demirəm, amma niyə də olmasın? Amma bu dəqiqə bu haqda fikirləşmirik.
- Bildiyim qədəri ilə komandanızın, ümumiyyətlə, hədəfinfə avrokubok yoxdu. Əsas hədəf Premyer Liqada möhkəmlənməkdi. Sadəcə, vəziyyət elə gətirib ki, avrokuboklar üçün də şans var...
- Hədəf yoxdu deyəndə, olacaqsa, olacaq. Gedə biləcəyiksə, niyə də olmasın. Amma bu dəqiqə qarşımıza belə məqsəd qoyulmayıb.
- Gələcəyini "Turan Tovuz"da necə görürsən?
- Ona hələ çox var.
- İki aya mövsüm bitir...
- Yox hələ 9 tur var. Sona iki tur qalmış bu suala cavab verməyim daha məntiqli olardı.
- Bəs özün qalıb oynamaq istərdin? "Sumqayıt" və "Neftçi"dən sonra ilk dəfə əyalət klubunda forma geyinirsən...
- Burda hər şey əladı, komanda olaraq, kollektiv olaraq, hər ey qaydasındadı, bir ailə kimiyik, bundan gözə klub ola da bilməz. Amma yenə də sona iki tur qalmış dəqiq cavab vermək olar.
Anar XANLAROV