Xəyanət, yoxsa siyasi uğur? YAZI
- 28 İyl 2020 13:00
- 1194
"Qarabağ"ın Uroş Matiçi trransferi bəzi insanlar tərəfindən birmənalı qarşılanmadı. Səbəb onun serb olmasıdır. Bildiyiniz kimi, bu yaxınlarda Ermənistanla Tovuz cəbhəsində şiddətli atışmalar oldu, ordumuz say-seçmə oğullar itirdi. Sonradan məlum oldu ki, bu döyüşdə Serbiya hökuməti düşmənlərimizə əməlli-başlı kömək eliyib, onları silahlandırıb. Bu mənada bəzi həssas insanların bu transferə aqressiv reaksiyasını başa düşmək olar. Yəqin ki, "nə olub, nə haydı, heç olmasa şəhidlərimizin qırxı çıxsın" deyənlər olub. Hətta futbol veteranımız Səmədağa Şıxlarov klublarımıza serb futbolçularına embarqo qoymaqla bağlı çağırış da etmişdi. Şəxsən mən də bu tip mövzularda çox həssasam. Bu mənada döyüşlər səngiyər-səngiməz bir serb futbolçunun "Qarabağ"a, birinin "Zirə"yə gəlişi mənim üçün ilk anda xoş olmadı.
Bundan başqa, bəzi insanlar Uroşun böyük qardaşı Nemanya Matiçin illər öncə İrəvanda çəkdirdiyi şəkli Uroşun adından paylaşaraq hətta "Qarabağ"ı xəyanətkarlıqda da ittiham etdi. Amma oturub bir də məsələyə soyuq başla yanaşmaq lazımdır.
Birincisi, elə o şəkil söhbətindən başlayım. Həmin şəkil 4-5 il, bəlkə də daha əvvəl çəkilib. Serbiya millisinin Ermənistana səfəri zamanı. Qeyd etdiyimiz kimi fotoda yer alan və əlində seperatçı şüar yazılan bayrağı tutan da Uroş yox, onun qardsaşı Nemanya olub. Hansı ki, hazırda "Mançester Yunayted"də forma geyinir. Bunun özü də düşmənlərimizin hiyləgər təxribatı olub. Belə ki, ermənilər əllərində "Kosova Serbiyanındır" yazılmış plakatla böyük Matiçə yaxınlaşıblar. Çünki Kosova da serblərin yaralı yeridir. Yəni futbolçunun həssas damarından tutublar. Şəkil çəkdirən zaman "Qarabağ Ermənistanındır" yazılan başqa bir plakatı da açıblar. Matiç heç orda yazılanları da oxumayıb. Saşa Stamenkoviçin sözü olmasın, Matiç heç Qarabağın harda yerləşdiyin bilmir. Sadəcə, ermənilərin qurduğu tələyə düşüb.
İkinci məsələ, məncə, dərindən təhlil etsək, bu transferi siyasi baxımdan ciddi uğur saymaq olar. Deyərdim ki, kiçik Matiçin "Qarabağ"a transferi böytük Matiçin fotosuna ən yaxşı cavab oldu. Heç şübhəsiz ki, Matiçə burada Qarabağ problemi, işğalçı Ermənistan, 20 faiz itirilmiş torpaqlar, erməni vəhşilikləri haqda yetərincə məlumat veriləcək. "Qarabağ" rəhbərliyinin bu mənada bütün lazımı tədbirləri görəcəyinə şübhə etmirəm. Bir serb Qarabağla bağlı əsl həqiqətləri biləcək, onu öz doğmalarına, dostlarına və elə həmin erməni tələsinə düşən qardaşı Nemanya Matiçə də danışacaq. Bu isə siyasi baxımdan ciddi uğur olacaq. Bundan başqa, Uroşun "Qarabağ" forması ilə beynəlxalq oyunlara çıxması, "Qarabağ"ı Azərbaycan adından təmsil etməsini də bütün Serbiya görəcək, biləcək. Bir daha deyirəm, həssas insanlarımızı başa düşürəm. Özümü də Qarabağ məsələsində o kateqoriyaya aid edirəm. Amma oturub dərindən təhsil etsək, Matiçin transferinin siyasi baxımdan uğurlu olduğunu görərik, nəinki xəyanət. Gəlin, obyektiv olaq, hər şeyə real yanaşaq. Azərbaycanın, Qarabağın beynəlxalq aləmdə tanıdılması baxımından "Qarabağ"ın etdiyinin heç 10 faizini XİN, bütün xarici diaspor təşkilatları etməyib. Elə son Tovuz hadisələrindən sonra hazırda "Qarabağ"da forma geyinən və eləcə də vaxtı ilə forma geyinmiş legionerlərin paylaşımlarına baxın. Şübhə etmirəm ki, gələcəkdə o paylaşımlardan Matiç də edəcək. Bunlar danılmaz faktlardı və üzərinə kölgə salmaq olmaz.
Anar XANLAROV