Xeyriyyə məqsədi ilə II “Qələbə qaçışı” keçiriləcək
- 25 Okt 2022 14:45
- 512
Noyabrın 6-da Gənclər və İdman Nazirliyi müzəffər Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı möhtəşəm zəfərə həsr olunmuş “Qələbə qaçışı” adlı növbəti xeyriyyə yürüşü təşkil edəcək.
“Qürurla irəli” şüarı ilə keçiriləcək qaçışa qoşulmaq istəyənlər qeydiyyat zamanı 20 manat iştirak haqqı ödəməlidirlər.
Rekord.az xəbər verir ki, toplanan vəsait Şəhid ailələrinə xeyriyyə məqsədi ilə sərf ediləcək.
“Qələbə qaçışı”nın iştirakçıları yarışa Dənizkənarı Milli Parkda, “Yeddi gözəl” fəvvarəsinin yanından start verəcəklər. Qaçış 3 müxtəlif (3 km, 5 km və 10 km) məsafəni əhatə edəcək və iştirakçılar həmin 3 məsafədən hər hansı birində finiş xəttinə çıxa bilərlər.
Qaçış çərçivəsində urban (şəhər) idmanı master klasları və maraqlı tədbirlər də təşkil ediləcək.
17 yaşdan yuxarı hər kəs qaçışda iştirak üçün (https://marathon.smartscoring.com/#section-register) linki vasitəsilə 4 noyabr saat 12.00-dək qeydiyyatdan keçə bilər.
Qeydiyyat başa çatdıqdan sonra, müraciəti qəbul edilmiş iştirakçıların e-maillərinə təsdiq məktubu və iştirakçı bələdçisi göndəriləcək.
Xatırladaq ki, ilk “Qələbə qaçışı” ötən il noyabrın 9-da keçirilmişdi.