"Xəzər Lənkəran", "Bakı", "Qarabağ", "Qəbələ" - hərəsi bir orduya bərabər idi YAZI
- 28 İyn 2020 12:00
- 777
Nikolas Kanales "Neftçi"də çıxış etdiyi dönəmdə ən vacib qollarından birini "Qarabağ"ın qapısından vurduğunu qeyd edib. Təbii, o mövsüm istər avrokuboklarda, istərsə çempionatda bombardirin qolları çox olub. Həqiqətən də qeyd olunan matç "Neftçi"nin üçüncü ardıcıl çempionluğunu təmin edib.
Mövsüm tarixi anlarla yanaşı çox ağır keçirdi. Luqanın səviyyəsi, 5-6 klubun mütləq çempionluq uğrunda oynaması, rəqabəti üst səviyyəyə çatdırmışdı. "Simurq", AZAL kimi rəqiblər də zəif deyildilər, onlar da avrokuboklara can atırdılar. Azərbaycan çempionatı Avropanın orta futbol ölkələri səviyyəsinə yaxınlaşmışdı...
İlk qrup səddi keçilsə də, təəssüf ki, çoxları o vaxt dərk etmirdi. Ölkə birinciliyində hər tur keçirilən minimum 2-3 oyun pley-off, qruplardakı qarşılaşmalardan geri qalmırdı. Klublarımız artıq tam olaraq püxtələşmişdi. "Böyük oyun"lar isə bir başqa aləm idi...
"Neftçi" üç cəbhədə mübarizə aparırdı. Çempionatın sonuna yaxın futbolçularda fiziki, əsasən də psixoloji yorğunluq hiss olunurdu. Öncədən bunu bildiyimizdən qış fasiləsində fiziki hazırlıq üzrə ispan mütəxəssis Rüben Seleş də komandaya cəlb edilmişdi. Yeri gəlmişkən əcnəbi mütəxəssis sonrakı illərdə "Qarabağ"ın uğurları üçün də çalışdı...
Çempionat sona yaxınlaşdıqca, gərginlik, prinsipiallıq daha da artırdı. Zarafat deyil, "Xəzər Lənkəran, "Bakı", "Qarabağ", "Qəbələ", "İnter", hər biri ayrı-ayrılıqda bir orduya bərabər idi. O vaxt dəyər verilmədi. Azərbaycanda hər zaman belə olur, dağılandan, dağıdılandan sonra dərk edilir, nələrin itirildiyi başa düşülür...
"Qarabağ" tək komanda kimi yox, klub olaraq da çempionluq üçün tam təşkilatlanmışdı. Çililinin xatırlatdığı matç böyük ölçüdə çempionluğun taleyini həll edəcəkdi. Hər iki komanda görüşə çox ciddi hazırlaşırdı. Fiziki durum öz yerində, komandanın taktiki, psixoloji hazlrlığı, özünəinamı daha üstün olmalı idi...
Rəhmətlik Böyükağa Hacıyev, məşqçilər korpusu, hamılıqla rəqib analiz edilirdi. "İnstat"dan "Qarabağ"ın ilder komandalarla son 5 oyununun tam çıxarışı istənildi. Eyni zamanda öz aralarındakı qarşılaşmalar yenidən təhlil edildi. Bu görüşdə bir xırda səhv, çempionluğun itirilməsinə gətirə bilərdi...
"Qarabağ"ın onurğa sütununu Rəşad-Almeyda-Reynaldo üçlüyü təşkil edirdi. Heyətdə kifayət qədər milli, təcrübəli futbolçular olsa da, komanda oyunu, xətlərarası əlaqə, bu "üçkükdən", əsasən də Rəşad-Almeyda tandemindən asılı idi. Braziliyalı ya önə, kənarlara oynayır, bağlananda, alınmayanda, mütləq kapitanı axtarır, yeni hücumun başlanılması üçün topu geriyə ötürürdü. Bu göstərici 50%-dən yuxarı idi...
Reynaldo isə fərdiçiliyə meylli, komanda yoldaşlarından asılı futbolçu idi. Top gəlməsə, boş zonalar verilməsə, potensialı xeyli aşağı düşmüş olurdu. Bununla yanaşı ağdamlıların əks-hücumları çox təhlükəli və sürətli alınırdı. "Qarabağ"ın xətlərarası əlaqələri mütləq pozulmalı, dəqiq ötürmələrin qarşısı alınmalı, boşluq verilməməli idi...
"Neftçi" matçlarını tək "dayaq"la keçirir, oyuna nəzarət edərək rəqib meydanını ələ alır, orta xətt futbolçularının yerdəyişmələri, fərdi ustalıqları sayəsində mövqe hücumlarına üstünlük verirdi. Kənar müdafiəçilərin davamlı hücumlarda iştirakı, öndə üstünlük qazanılmasına yardımçı olurdu. Komanda əks-hücumlardan da əla istifadə edə bilirdi...
Mövqe hücumları zamanı top itkisi baş verəndə, rəqibin sürətli əks həmlələri üçün əlverişli şərait yaranırdı. Qeyd olunduğu kimi, "Qarabağ" Reynaldo və digər futbolçuları sayəsində bunu çox yaxşı bacarırdı. Rəqibə qabaqda rahat oynamağa imkan verilməməli idi...
Eyni zamanda, iki komanda arasında görüşləri təhlil edərkən, bəlli oldu ki, dayaq bölgəsindən, Ramos kartından da rəqib istifadə edir. Paraqvaylını bilərəkdən sağa-sola çəkərək boşalan bölgəyə arxadan dərhal futbolçular çıxır, bir toxunuşla top dayaq zonasına ötürülür...
Mərkəz müdafiəçiləri məcburən önə çıxır, rəqib isə vingerlərin də kəsərli sıçrayışları sayəsində hücumda çoxluq yaradırdı. Müdafiə, dayaq bölgəsində nizam pozulur, 1-2 ötürməylə cərimə meydanına daxil olur və ya futbolçuların fərdi oyunu ilə qapı qarşısında təhlükəli anlar yaşadıllrdı...
Bir həftə oyun üzərində düşünüldü, bütün variantlar nəzərdən keçirildi. "Qarabağ" hərtərəfli analiz edildikdən sonra, "Neftçi"nin qələbəsinin təmin olunması üçün son mərhələyə start verildi. Ağdamlılar heyət, taktiki baxımdan sürprizlə qarşılaşmalı idi. Ənənəvi oyunla nəticə risk altına atılmış olardı...
Böyükağa Hacıyev nəinki qorxaq futbol, heç ehtiyatlı oyunu qəbul etməyib. Rəqibin kimliyindən asılı olmayaraq, ikinci rolda çıxış etmək "Neftçi"lik deyildi. Oyunun çəkisi isə son dərəcə ağıllı, düşünülmüş gedişlər etməyə vadar edirdi...
Məsuliyyət o qədər yüksək idi ki, qarşıdakı matçda necə və hansı heyətlə oynanılacağı barədə məhdud sayda insanın xəbəri var idi.
Klub daxilində belə müzakirələr tam məxfi aparılırdı. İstəmədən də belə, əks düşərgəyə informasiya sıza bilərdi. Uzun müzakirələrdən, "Qarabağ" tam incələnəndən sonra, baş məşqçi iki dayaq y/m. ilə oyuna çıxmağa, fərqli oyun üslubuna üstünlük verdi...
Almeydanın önə oynama(ma)sının qarşısı Ramos, Denisə tapşırıldı. Artıq dayaq bölgəsini qoruyacaq iki futbolçu olacaqdı. "Qarabağ" heç vaxt düşünməzdi ki, Vobay kimi futbolçu ehtiyyatda saxlanıla bilər. Komandanın əsas fiqurlarından olan futbolçuya öncədən izah edilmişdi və ikinci hissədə oyuna atılacaqdı...
Kanaleslə fərdi söhbətlər, matça hazırlıq indiyə kimi xatirələrdədir. Hücumçudan 14 nömrə soruşulmuşdu, o da əlini üzünə apararaq, "saqqallı kapitan, əla müdafiəçi, futbolçudur", demişdi. Qarşıdakı oyunda kapitana topla oynamağa imkan verməməlidir. Üzündəki qəribə mimikayla, "onlar məni saxlamalıdırlar, bəs qolu kim vuracaq"?
Məqsədi tam anladandan sonra, "Rəşad Sadıqov nə qapıçıdan, nə də orta xəttən top almamalıdır, qolları da özün vuracaqsan, narahat olma. Digər müdafiəçilərlə işin olmasın". Belə oyunla Almeydanın da əl-qolu bağlı qalacaqdı. "Neftçi" oyuna ehtiyatlı başlayacaqdı. Öncədən vurğulayım, Kanales tapşırığı mükəmməl yerinə yetirdi...
Qalırdı "Qarabağ"ın oyuna necə və hansı heyətlə çıxması. B planı hazır olsa da, rəqib ilk dəqiqələrdən fərqli oynasaydı, "Neftçi"nin işi ağır olardı. Səbirsizliklə protokolun doldurulmasını gözləyirdik. Bəxtiyar Musayev, Gündüz Abbaszadədən heyətləri alan kimi, "oyunu udduq" deyərək rahat nəfəs aldıq. "Qarabağ" istədiyimiz heyətlə meydana çıxırdı...
Kanales tək qeyd etdiyi qolu vurmadı. İlk topu da Elvin Yunuszadənin 40-50 metrlik reydindən(ev tapşırığı idi) və cərimə meydanına ötürməsindən sonra forvard bir toxunuşla qapıya yönəltdi. Rəqib "Neftçi"ni oxuyana kimi 1:0 önə keçilmişdi. İlk hissədə də imkanları olan rəqib, İkinci yarıda oyun planında dəyişiklər edərək "Neftçi" müdafiəsinə çox çətin anlar yaşatdı...
Klub da tam səfərbər olmuşdu. Stadionda çoxsaylı azarkeşlərlə birgə Abdulbari Gözəl də iştirak edirdi və tez-tez elanlar edilirdi. "Qarabağ" cavab topunu vurandan sonra hücuma atılmışdı, təhlükəli epizodlar yaradırdı.
"Neftçi"nin dəyişikləri görüşün sonunda həlledici oldu. Vobayın meydana çıxması və qol ötürməsi oyunun və çempionatın taleyini həll etdi...
Kanales cərimə meydanı kənarından, uzaqdan çox az qol vurub. Ağdamlılar hücumçuya ikinci hissədə qapı civarında, ümumiyyətlə göz açmağa imkan vermirdilər. Futbolçunun uzaq küncə gözlənilməz "sol ayağı" mükəmməl alındı. Qapıçının görmə bucağını müdafiəçilər bağlayırdı və topun trayektoriyasıını müəyyənləşdirənədək artıq gec idi...
Həqiqətən də elə qollar olur ki, heç vaxt unudulmur. Kanalesin yaddaşında silinməz iz buraxmış qol, tək oyunda qələbəni təmin etmədi, çempionluğun taleyini də həll etmiş oldu. Özünün də etiraf etdiyi kimi, usta komanda yoldaşlarının sayəsində qollarını vururdu.
"Neftçi" nadir hallarda 2 müdafiəmeylli dayaq y/müdafiəçilərlə oyunlara çıxırdı. Bu görüşdə sürpriz heyət, taktiki gedişlər özünü doğrultdu.
Risk elementləri də var idi, "Neftçi" belə oyuna alışmamışdı. Risklə yanaşı rəqib üçün gözlənilməzlik də var idi. Bu, eyni zamanda "Qarabağ"ın gücünə verilmiş dəyər, qiymət idi...
O illərdə yuxarıda adları çəkilmiş klubların hər biri bir-birinə layiq idilər. Çempionatdan öncə heç kim deyə bilməzdi ki, mütləq favorit hansı komandadır. 6 klubun hər biri ruhən lider idi. UEFA klub reytinqində ilk 20-liyin bir addımlığında idik. 15-lik əlavə imtiyazlar, əlavə komanda sayı demək idi. Pillə-pillə irəliləyirdik...
İndi geridönüşdür, 30-a yaxınlaşırıq. Nə o çempionat var, nə azarkeşlər, nə də komandalar. Klublar dağıldı, bəs etmədi, müasir stadionlar böyük futbolsuz qaldı, o da yetmədi, "Bakı"nın timsalında milyonlarla xərc çəkilmiş stadion-bazalar yerlə bir edilir, viranə qoyulur. Təsəlli isə, dünyanın o başından, Çilidən Azərbaycan futbolunu xatırlamaq qalır...
Tahir Süleymanov