“Xəzər Lənkəran”ın yetirməsi olan İbrahim Qədirzadə fevralda “Samtredia”ya keçmişdi.

O, arxada qalan müddətdə 16 qarşılaşmada meydana çıxıb. İlk vaxtlar Gürcüstan çempionatının oyunlarında daim meydana çıxmaq şansı qazanan futbolçu son 3-4 qarşılaşmada görünmədi. Bu isə zədədən əziyyət çəkməsiylə bağlı idi.

Rekord.az xəbər verir ki, Gürcüstanda mövsüm davam etsə də, Qədirzadə artıq “Samtredia”dan ayrılıb. Bunun səbəbini öyrənmək üçün dünən onunla əlaqə saxladıq:
 

“Ayrılmağımda ciddi bir səbəb yox idi. Sadəcə, qarşılıqlı razılaşıb, komanda ilə vidalaşdım. Onlara da növbəti oyunlarda uğurlar arzulayıram. “Samqurali” ilə qarşılaşmadan bir gün öncə çox ağır zədə almışdım. Həmin oyuna qədər ardıcıl üç görüşdə əsas heyətdə meydana çıxdım. 15 günə yaxın müalicə aldım və oynamadım. Lakin zədəli halda məşqə çıxdım və eyni nahiyədən yenidən zədələndim. Sona yaxın bütün oyunlarda ağrılarım ola-ola iştirak edirdim. Baş məşqçi ilə aramda heç bir problem olmayıb. Təkcə burda yox, harda oynamışamsa, çalışdırıcı ilə heç vaxt anlaşılmazlıq yaşamamışam. Oynatsa da, oynatmasa da, canı sağ olsun”.



Gənc müdafiəçi gələcək planları haqda da danışdı:
 

“Hazırda evdəyəm. Bir az özümə vaxt ayırıb, istirahət edirəm. Çünki dediyim kimi, zədəm var idi. Sağlamlığımı tam bərpa edəndən sonra hər şeyin yaxşı olacağına ümid edirəm. Təbii ki, xaricdən təklif olarsa, dəyərləndirəcəm. Lakin hazırda heç bir klubla danışıq aparmıram”. ("Futbol plus")