Moldovanın “Nistru” klubunun sabiq futbolçusu Katalin Likioyunun “Xəzər Lənkəran”la bağlı qalmaqallı açıqlamalarını təqdim etmişdik.

“Moldfootball.com” saytına danışan hücumçu 2005/06 mövsümündə UEFA Kubokunda “Xəzər Lənkəran”la oyunda rüşvət təklifi aldığını açıqlamışdı.

“Xəzər Lənkəran” “Nistru”ya səfərdə 1:3, doğma meydanda isə 1:2 hesabıyla uduzmuşdu. Sözügedən məsələ ilə bağlı həmin dövrdə “Xəzər Lənkəran”da komandanın rəisi vəzifəsində olmuş Vüsal Cəlilovun fikirlərini öyrəndik.

Rekord.az xəbər verir ki, sabiq klub rəsmisi komanda.az-a açıqlamasında bu iddiaların həqiqətəuyğun olmadığını söyləyib.

Cəlilov, “Nistru”nun oyunu satmaq istədiyini, ancaq onların bu təklifinin rədd edildiyini bildirdi: “Biz birinci oyunda uduzandan sonra, onlar hətta ikinci oyundan da qorxurdular.

Özləri də inana bilmirdilər ki, necə oldu ki, oyunu uddular. Onlar Mübariz bəyə (klubun sahibi Mübariz Mənsimov) xəbər göndərmişdilər ki, istəyirsizsə, oyunu sizə verək. Çünki o vaxt onların əlində pul yox idi.

Bir şey ki, hər qələbəyə görə onlara 50 dollar verirdilər. Ən yaxşı futbolçuları da 500 dollar maaş alırdı. Ona görə də, bizdən səhv etmirəmsə, 50000 dollar istəmişdilər.

Hətta Rasim Kara (həmin dördə komandanın baş məşqçisi olmuş türkiyəli mütəxəssis) belə, demişdi ki, lazım deyil, almayın, biz mərhələni keçəcəyik. Ancaq nəticədə onlar ikinci oyunda da bizi uddular və mərhələni keçdilər.

Mənim indiyə kimi yadımdadır, ikinci oyunda onlar meydanda elə döyüşürdülər, elə bil sonuncu oyunlarına çıxmışdılar. Bizim təkliflərinə “yox” deməyimizə çox pis olmuşdular.

Bilmirəm, yadınıza gəlir, ya yox, həmin oyunlardan sonra onlardan Kinqsli Atakoranı transfer etdik. Həmin matçlarda Kinqsli müdafiənin ən keçilməz futbolçusu idi. Rasim Kara onu bəyənmişdi. Lakin bura gəldi, o cür pulları gördü və futbol yadından çıxdı.

O qədər əyləncəyə meylli oldu ki, tez-tez zədələnməyə başladı. Almaniyada əməliyyat etdirdik, ancaq faydası olmadı. Çıxdığı ikinci, ya da üçüncü oyunda zədələndi. Sonra Ağasəlim Mircavadov gəldi və onu komandadan göndərdi. Bax, belə olub söhbət.

Onlar bizə pul təklif edib, biz “yox” demişik. Bir özünüz fikirləşin, necə ola bilər ki, elə pula oynayan futbolçular 250000 dollardan “otkaz” eləsin? Absurd bir şeydir axı”.