Bakının Xəzər rayonunda "Heydər Əliyev İli" çərçivəsində rayonun ümumtəhsil müəssisələrinin müəllimləri arasında şahmat yarışı keçirilib.

Rekord.az xəbər verir ki, martın 29-da Xəzər Rayon Gənclər və İdman İdarəsi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Xəzər rayon komitəsinin birgə təşkilatçılığı ilə 156 nömrəli tam orta məktəbin idman zalında "Heydər Əliyev İli"nə həsr olunmuş rayon ümumtəhsil məktəblərinin kişi və qadın müəllimləri arasında şahmat yarışı təşkil edilib.

Yarışın açılış mərasimində ATİAHİ Xəzər rayon komitəsinin sədri Həzəlxan Əbilov və oyunun baş hakimi Rəşad Rəhimov iştirak ediblər.

Yarışın yekun nəticələrinə əsasən kişilər arasında birinci yerə Mahir Əliyev (26 nömrəli tam orta məktəb), ikinci yerə Anar Məmmədov (230 nömrəli tam orta məktəb) və üçüncü yerə Nəsimi Nəsirov (256 nömrəli tam orta məktəb) layiq görülüblər.

Qadınlar arasında olan yarışın nəticələrinə əsasən birinci yerə Mədinə Cəfərova (149 nömrəli tam orta məktəb), ikinci yerə Leyla İbrahimova (119 nömrəli tam orta məktəb) və üçüncü yerə Nailə Zakirli (156 nömrəli tam orta məktəb) layiq görülüblər.