Xəzər rayonunda 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş rayon ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri (qızlar) arasında voleybol  idman növü üzrə yarış keçirilmişdir.

Rekord.az xəbər verir ki, Azərbaycan Voleybol Federasiyasının dəstəyi, Xəzər Rayon Gənclər və İdman İdarəsi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Xəzər rayon komitəsi və 156 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə rayon ümumtəhsil məktəbləri üzrə təhsil alan qızlar arasında yarış təşkil olunmuşdur.

Yarışda Azərbaycan Voleybol Federasiyasının nümayəndələri Teymur Quliyev və Məftun Salmonov, həmçinin Xəzər rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Xəzər rayon komitəsinin sədri Həzərxan Əbilov, 156 nömrəli tam orta məktəbin direktoru Gülər İsmayılova, hakimlər kollegiyası və şagirdlər iştirak ediblər.

Gərgin mübarizə şəraitində keçən yarışın yekun nəticələrinə əsasən birinci yer 156 nömrəli tam orta məktəb komandası, ikinci yer 117 nömrəli tam orta məktəbin komandası və yekun olaraq isə üçüncü yer üzrə 234 nömrəli tam orta məktəbin komandası mükafata layiq görülüblər. Qaliblər isə təşkilatçılar tərəfindən mükafatlandırılıblar.