
"Xocalı" FK ədalət axtarışında
- 11 Mar 2025 15:10
- 277
6 ildən çoxdur fəaliyyət göstərən "Xocalı" FK haqqlarının tapdalanmasından narazıdır.
Rekord.az xəbər verir ki, klubun təsisçisi və prezidenti İlkin Hacıyev hazırda "Region Liqası"nda mübarizə aparan "Xocalı" komandasının fəaliyyətini qeyri-qanuni hesab edir.
Saytımıza açıqlamasında Hacıyev bildirib ki, bu adda klub artıq neçə illərdi fəaliyyət göstərr və eyni adlı başqa bir klubun yaradılması, eləcə də həmin klubun qeydiyyata alınıb AFFA tərəfindən də yarışlara buraxılması heç bir hüquqi əsasa sığmır. Klub rəhbəri məsələnin hüquqi müstəvidə həlli üçün əməli addımlara start verdiklərini bildirdi: "Futbol ictimaiyyətinə də məlumdur ki, "Xocalı" Futbol Klubu 2019-cu ilin noyabrından fəaliyyət göstərir. Həmin ildən də dövlət vergi xidmətində rəsmən qeydiyyatdan keçib. 2020-ci ildən etibarən isə AFFA-nın bayrağı altında keçirilən müxtəlif yaş qruplarından ibarət liqalarda iştirak etməyə başlayıb. Federasiyanın tələb etdiyi bütün hüquqi və idman prosedurlarını yerinə yetirmişik. Yaranan gündən də hədəfimiz və məqsədimiz Azərbaycan futbolunun inkişafında mühüm rol oynamaqdı. Bu ilin mart ayında "Region Liqası"nın püşkatması keçirilir və orada "Xocalı" Fk adı da qeyd olunur. Bundan sonra istər media nümayəndələri, istərsə də azarkeşlər bununla bağlı mənə zəng edib təbrik edirlər. Mən isə baş verənləri təəccüblə qarşılayıram, çünki biz "Region Liqası"nda iştirakla bağlı AFFA-ya heç bir müraciət etməmişik. Qısa araşdırmadan sonra məlum olur ki, başqa şəxslər bu adla çempionata qatılıb. Təbii ki, bizim ilk növbədə incidiyimiz, narazı qaldığımız məhz AFFA olur. Çünki onlar özləri də bilir ki, biz 6 ildir bu ad altında onların bayrağı altında keçirilən yarışda iştirak edirik. Belə olan halda, baş verənlər ən yumşaq formada qeyri-etikdi. Biz 6 ildir sizin bayrağınız altında keçirilən yarışlarda çıxış edirik, bunu özünüz də gözəl bilə-bilə necə olur ki, 5-6 ayda yaradılan hansısa klubu eyni ad altında yarışa buraxırsınız? Azarkeşlər də çaş-baş qalıb ki, nə baş verir, kimə azarkeşlik etsinlər. Bu cür hallar futbola xələl gətirir. Həm də bu cür hərəkətlər futbola sərmayə qoymaq insanları da futboldan küsdürə bilər. Biz bu günə qədər bu komandanı öz gücümüz hesabına, heç kimdən 1 qəpik dəstək almadan saxlamışıq. Bu gün də haqqımızı qoruyacayıq. Artıq rəsmi qaydada dövlət vergi xidmətinə, o cümlədən AFFA-nın baş katibi Cahangir Fərəcullayevə ərizə ilə müraciət olunub. Burdan siz media vasitəsi ilə həmin klubu yaradanlara da demək istəyirəm ki, ədaləti bərpa etmək üçün bütün hüquqi addımlar atılacaq. Bununla bağlı vəkilimizlə də danışmışıq, lazım gəlsə məhkəməyə də müraciət edəcəyik. İmkan vermərik ki, "Xocalı" Futbol Klubunun adına ləkə gəlsin. Çünki bu ad bizim üçün çox önəmlidir, bu adın inkişafı üçün 6 ildə xeyli əziyyət çəkmişik. Sizin vasitənizlə AFFA-dan xahiş edirik ki, bu məsələni obyektib araşdırıb, ədalətli qərar versin. İnanırıq ki. yekunda izim hüquqlarımız vərpa olunacaq".