Yana Kulan: "Azərbaycan millisi ən yaxşı nəticələrə layiqdir"
- 12 May 2023 15:12
- 439
Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin sabiq üzvü Yana Kulan (Matiasovska-Ağayeva) karyerasını bitirib. Slovak əsilli təcrübəli hücumçumuz bu qərarını şərəfini qoruduğu "Toyota" klubunun Yaponiya çempionatındakı son oyununda açıqlamışdı. Bu münasibətlə 35 yaşlı voleybolçumuzla əlaqə saxlayıb fikirlərini öyrəndik. Yana Kulanın "Rekord.az"a müsahibəsini təqdim edirik:
- Bir neçə gün əvvəl karyeranı bitirdiyini açıqladın. Tez deyildi ki?
- Demək olar ki, 36 yaşım var. Karyeramı zirvədə, kompromissiz bitirmək istəyirdim.
- Son 5 mövsümü Yaponiyada keçirdin. Voleybolla bu ölkədə vidalaşmağı əvvəlcədən düşünürdünmü?
- Bu ölkə ilə bağlı çox gözəl xatirələrim var. Burada mənə hörmət edirlər, insanlar məni sevir və mən də bu insanları sevirəm. Voleybolla məhz Yaponiyada vidalaşmaq mənim aşkar qərarım idi.
- Bir çox ölkələrdə çıxış etmisən. Sənin üçün ən yadda qalan və maraqlı çempionat hansı olub?
- Yaponiyada çıxış etdiyim ilk ildə liqanın finalında tribunalarda minlərlə azarkeşin eyni anda mənim adımı səsləndirməsini deyə bilərəm.
- Çıxış etdiyin çempionatlardan biri də Azərbaycandır. Sənin bizdə oynadığın vaxtla hazırkı vəziyyət arasında fərq var. Bu haqda nə deyə bilərsən?
- Bir neçə il əvvəl Azərbaycan liqası tamam başqa idi, çox yüksək səviyyəli voleybol vardı. Rəqabət kifayət qədər yüksək idi. Təəssüf ki, bu yüksək səviyyəni saxlamaq mümkün olmadı.
- Sən həm də Azərbaycan millisinin üzvü olmusan. Lakin milli karyeranı daha əvvəl başa vudun. Nə üçün? Axı hələ də millidə oynamaq olar. Nəzərə alsaq ki, millidən getdikdən sonra da kifayət qədər yaxşı oyun sərgiləmisən.
- Milli komandadan gedəndə 31 yaşım vardı. Həm fiziki, həm də psixoloji cəhətdən dəyişikliyə ehtiyacım var idi.
- Artıq səni meydanda bir oyunçu kimi görməyəcəyik. Bəs bundan sonra nə ilə məşğul olmağı düşünürsən?
- Karyerası stabil keçməyən bir çox oyunçu var. Nəhayət, mən öz qrafikimi necə sabitləşdirməyi anladım. Fiziki və psixoloji hazırlıq, qidalanma və davranış necə olmalıdır anladım. COVID-19 pandemiyası zamanı mən bununla bağlı onlayn olaraq məlumatlar öyrəndim. Hazırda yoldaşımla birgə öz kompaniyamız var. Təkcə voleybol deyil, digər idman növləri ilə məşğul olan və yüksək səviyyəyə çatmaq istəyən potensiallı gənc idmançılarla işləyirik. Onlara fiziki və psixoloji hazırlıqda kömək edirik. Təcrübəyə əsaslanaraq sistem işləyib hazırlamışıq. Bizimi bu sistemimiz uğur qazanmaq istəyən, lakin bunu necə edəcəyini bilməyənlər üçündür.
- Voleybol fəaliyyətini mütəxəssis kimi davam etdirsən, bunu Azərbaycanda etmək istərsənmi?
- Bəli, əlbəttə. Axı mən Azərbaycan milli komandasının oyunçusu olmuşam.
- Azərbaycan millisi, Azərbacan və azərbaycanlılar haqqında nə deyə bilərsən?
- Azərbaycan millisi ən yaxşı nəticələrə layiqdir. Mən qəti inanıram ki, düzgün insanlarla biz hər çempionatda milli komandanı görə bilərik. Hər dəfə Bakıda Formula1 yarışına baxanda məndə yalnız xoş xatirələr qalır.
- Bir daha bu illər ərzində Azərbaycan voleybolu üçün etdiklərinə görə sənə təşəkkür edirik. Çox şadıq ki, sənin kimi insanı tanıdıq və Azərbaycan millisinin sənin kimi oyunçusu oldu. Çox sağ ol və bundan sonrakı həyatında sənə uğurlar.
- Mən də Azərbaycan voleyboluna mənim üçün etdiklərinə görə təşəkkürümü bildiriəm və çoxlu müvəffəqiyyətlər arzulayıram.