“Yanacaqdoldurma məntəqəsinin işçisini yığmaya gətirəcəklər, qardaşıma isə bu fürsəti verməyəcəklər”
- 28 Avq 2021 17:00
- 1034
Canni de Byazinin dəvəti ilə “Neftçi” və “Qarabağ” istisna olmaqla, premyer-liqada çıxış edən klubların şərəfini qoruyan 20 futbolçu avqustun 26-dan 29-na kimi ölkənin əsas komandasının təlim-məşq toplanışına qatılacaq.
Rekord.az xəbər verir ki, siyahıda ilk dəfə yığmaya dəvət olunanlar da var, milli təcrübəsi olanlar da. Ancaq bu dəfə də italyan mütəxəssis Ağabala Ramazanovu yaddan çıxarıb.
Əslində “Zirə”nin kapitanının millidən kənarda qalmasının səbəbi bəllidi. Ağabala qardaşı və agenti Zaur Ramazanova görə “yanır”. Veteran futbolçu artıq neçə vaxtdı AFFA ilə “soyuq müharibə”dədi, hər fürsətdə assosiasiya rəhbərliyinin, yığmanın baş məşqçisinin ünvanına sərt fikirlər səsləndirir, onları tənqid atəşinə tutur. Ancaq bu əsas vermir ki, bir qardaşa görə digər qardaşı gözümçıxdıya salasan, hər dəfə onu ölkənin bir nömrəli komandasından kənarda saxlayasan.
Bizimlə söhbət edən böyük Ramazanov artıq yaşananlarla barışdığını söylədi:
“Ağabalanın toplanışa dəvət olunmamasının səbəbi bəllidi. Nə qədər ki mən AFFA-nı, yığmanın baş məşqçisinin tənqid edəcəm, millinin qapıları qardaşımın üzünə bağlı olacaq. Bu dəfə deyə bilərlər ki, Ağabala zədədən yeni dönüb və bu səbəbdən yığmaya dəvət olunmayıb. Ancaq siyahıda elə oyunçular var ki, çempionatın ilk iki turunda üst-üstə 90 dəqiqə futbol oynamayıb. Necə olur, onlara dəvət göndərirlər, Ağabalaya yox?! Nə qədər ki, italyan baş məşqçi burdadı, gedib yanacaqdoldurma məntəqəsinin işçisini yığmaya gətirəcəklər, qardaşıma isə bu fürsəti verməyəcəklər. 14 ildi əcnəbi mütəxəssislər gəlib burda pulunu qazanıb, sonda nəticə vermədən çemodanlarını götürüb gedirlər. Bunlardan hesabat tələb edən yoxdu ki, sən burda olduğun müddətdə aldığın pulların qarşılığında bizə nə verdin? Futbolumuz çökür. Vaxtilə çempionatımızda 18 komanda var idi, indi isə 8-i qalıb. Onların da, demək olar, hamısı bir əldən idarə olunur. Hər dəfə danışıb özümə düşmən qazanıram. Əslində mənə heç kim heç nə deyə bilmir. Çünki bilirlər ki, söylədiklərim həqiqətdi. Nə olursa, Ağabalaya olur. Ancaq geri çəkilmək fikrim də yoxdu. Sona qədər dediklərimin üstündə duracam”. ("Futbol plus")