Yardımlı rayonunda İdman Kompleksinin açılışı olub.

Azərbaycan Gənclər və İdman Nazirliyinin mətbuat (AGİN) katibi Səmayə Məmmədovanın Rekord.az-a verdiyi məlumata

görə, açılış mərasimində Gənclər və İdman Naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov, Milli Məclisin deputatı, professor Musa Qasımlı və digər rəsmilər iştirak ediblər.

AGİN-in sifarişi ilə 2013-cü ilin iyun ayından tikintisinə başlanmış Yardımlı İdman Kompleksi Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində inşa edilib.

Baş plana əsasən, inşa edilmiş digər bina və qurğular bunlardır:

- Mini futbol meydançası

- Voleybol-basketbol meydançası

- Açıq meydançalara xidmət edən soyunma-geyinmə, duş, sanitar qovşaqdan ibarət bina

- Transformator yarımstansiyası (2x400 Kva gücündə)

- Qazanxana binası

- Nasosxana

- 2 ədəd içməli və yanğın su anbarı (150 m3 və 200 m3)

- Çirkab su anbarı

Kompleksə müstəqil qaz, su-kanalizasiya, elektrik, rabitə xətləri çəkilib, generator quraşdırılıb, ayrılmış sahə hasarlanıb, yaşıllıqlar salınıb, piyada yolları və asfalt-beton yollar çəkilib, binalar müasir idman avadanlıqları, inventarlar, ləvazimat və mebellərlə təchiz edilib, müasir isitmə, soyutma, ventilyasiya, yanğın siqnalizasiya, hidrant sistemi, internet şəbəkəsi, televiziya şəbəkəsi, təhlükəsizlik müşahidə kameraları və digər zəruri qurğu və sistemlərlə təmin edilib.

Fiziki imkanları məhdud tamaşaçıların və idmançıların kompleksdən istifadə etmələri üçün zəruri şərait yaradılıb.