"Yaş limitinə düşən" futbol veteranlarımız... SORĞU
- 22 Apr 2020 20:10
- 946
Nazirlər Kabinetinin aprelin 18-də verdiyi qərarla xüsusi karantin rejimi daha 2 həftəliyə uzadıldı. Bu isə o deməkdir ki, mayın 4-ə kimi qadağalar qüvvədə qalacaq. Onlardan biri də hələ martın 24-də qəbul olunan və yaşı 65-i keçmiş şəxslərin evdən çıxmaması barədə yasaqdı.
Azərbaycanda "65"i adlamış insanlar az deyil. Aralarında futbola veteranlarımız da var. Onlar karantin rejimini necə keçirirlər? Səhhətləri necədir? Qaydaları pozmurlar ki? Bu suallarla futbolumuzun elə futbol dilində desək "yaş limitinə düşən” nümayəndələrinin bir neçəsi ilə əlaqə saxladıq.
"Veteranlar veteranı" pandemiyanı dünya müharibəsinə bənzətdi
Futbolumuzun həyatda olan ən yaşlı nümayəndəsi Çingiz İsmayılov karantin rejimini Bakıxanov qəsəbəsindəki evində keçirir. 65 yaşdan yuxarı insanlara evdən çıxmaq qadağan edildikdən sonra veteran futbolçu küçəyə-bayıra çıxmayıb: "Sonuncu dəfə martın ortalarında evdən çıxmışam. Qərar qüvvəyə minən gündən evdəyəm. Bir az həyət-bacada vaxtımı öldürürəm, bir az televizora baxıram... Başqa nə edə bilərəm ki? Dünyanın düz vaxtlarında hər gün səhər 5-6 kilometr piyada gəzirdim. Özümü də gümrah hiss edirdim. İndi də səhhətim pis deyil. Amma əvvəlki kimi hərəkətdə olmuram. Koronavirus pandemiyasını dünya müharibəsinə bənzədirəm. Bir bioloji müharibəyə. Hətta bunun dünya müharibəsindən qat-qat pis olduğunu deməliyəm. Dünya müharibələrində bir neçə dövlət vuruşurdu. Amma indi bütün dövlətlər bu virusla mübarizəyə qalxıblar".
Daha çox "Mədəniyyət" və idman kanallarını izləyən Çingiz müəllim klassik musiqilərimizi dinləməkdən zövq alır. Amma bu cür musiqilər heç də günboyu yayımlanmır: "Pult əlimdən düşmür. Daha çox xəbərləri, musiqi verilişlərini izləyirəm. 1952-ci ildən bu evdə yaşayıram. Öyrəşmişəm. Amma nə qədər də öyrəşsəm, şəhərdən, əsas da futboldan ötrü darıxıram. Karantinin bitməsini səbirsizliklə gözləyirəm".
Aprelin 12-də veteran futbolçumuzun 85 yaşı tamam oldu. Çingiz İsmayılov yubileyini təmtəraqsız qeyd etdiyini söylədi: "Təbrik edənlər oldu. Haradasa, 40-a yaxın təbrik zəngi gəldi. Aralarında veteran futbolçular, AFFA-nın baş katibi Elxan Məmmədov da var idi. Oğlum da təbrik elədi. Amma nəvələrim gələ bilmədilər. Şəhərin o biri başında yaşayırlar. 2 saatlıq icazəylə gəlib-getməkləri alınmırdı".
Babayev "Neftçibaza"dan...
Çingiz müəllimdən 4 ay kiçik olan "Neftçi"nin veteran futbolçusu Nağı Babayev də özünü gümrah hiss edir. "Neftçibaza"nın yaxınlığında yaşayan Nağı müəllim koronavirussuz günlərdə hər gün getdiyi "Neftçibaza"dan sarı yaman darıxıb: "Avqustda 85 yaşım olacaq. Bu yaşda hara gedə bilərdim ki? İmkan düşən kimi yolumu "Neftçibaza"dan salırdım. Veteran futbolçular ora yığışırdı. İndi evdən çıxmaq olmaz. Ona görə günümü 4 divar arasında keçirirəm. Başımı əsasən nəvələrim qatır. Qonaq-qara gələndə nərd oynayıram, televizora baxıram. Vəziyyətin düzəlməsini gözləyirəm. "Neftçibaza"dan ötrü yaman darıxmışam".
... Qurbanov isə nəvələri üçün darıxır
Səməd Qurbanovu da darıxanlar sırasına aid etmək lazımdı. 67 yaşlı veteran futbolçumuz şəhərdə bina evində yaşayır. Gününü televizorun qarşısında keçirən "Jiquli" ləqəbli Qurbanov hər gün Sankt-Peterburqda yaşayan nəvələri ilə görüntülü danışır. Səməd müəllimin digər nəvəsi isə Türkiyədə təhsil alır. Onlardan ötrü darıxdığını deyir. Bu yaşda özünü gümrah hiss etdiyini söyləyən Qurbanov alış-veriş sarıdan da çətinlik çəkmir. Çünki mağaza düz bloklarının qarşısındadı.
Abdullayev gözətçiliklə...
"Neftçibaza"dan söz düşmüşkən, buranın əsl adı Olimpiya İdman Oyunları Üzrə Yığma Komandaların Təlim-Məşq Mərkəzidir. Sovet dövründə "Neftçi"nin təlim-məşq bazası olduğu üçün adı el arasında "Neftçibaza" kimi qalıb. Neçə ildir ki, buraya veteran futbolçumuz Oqtay Abdullayev rəhbərlik edir. Oqtay müəllim də "limitə düşənlər" siyahısındadı. Martın 20-də 65 yaşını qeyd etdikdən cəmi 4 gün sonra məlum qadağa "işləri korlayıb". İndi Oqtay müəllim evdən SMS-lə deyil, xüsusi icəzə ilə çıxa bilər. Amma bunların heç birinə ehtiyacı yoxdur. Çünki karantindən əvvəl ailəsini Qəbələyə yola salan Abdullayev mart ayından "Neftçibaza"da məskunlaşıb, bazaya təkbaşına göz-qulaq olur: "Bazada qalıram, günüm burada keçir. Arada yaxınlıqdakı mağazaya çıxıram, vəssalam. Adi günlərdə qaynayıb-daşan bazada indi sakitlikdi. Nə yarışlar keçirilir, nə də gələn-gedən var. Əslində, gəlmək istəyən çoxdur. Ancaq bəzilərinin yaşı 65-i keçib, nisbətən cavanlar isə icazə almalıdılar. Hər şənbə-bazar veteranlar yığışıb futbol oynayırdıq. İndi o da yoxdu. Formadan düşməmək üçün təkbaşına idman edirəm".
... Mircavadov bağbanlıqla...
Apreldə daha bir veteran futbolçumuzun ad günü idi. Söhbət 72 yaşlı Ağasəlim Mircavadovdan gedir. Təəssüf ki, Məşqçilər Komitəsinin üzvü təbrikimizi qəbul etmədi. Səbəbsə, sadədir. Demə, Mircavadovun doğum tarixi Vikipediya və idman kanallarında göstərildiyi kimi, aprelin 11-də deyil, oktyabrın 22-də imiş: "Neçə dəfə xahiş eləmişəm, ay bala, bunu düzəldin. Amma yenə də aprelin 11-də dünyaya gəldiyimi yazırlar". Düzəldərlər, Ağasəlim müəllim. Ad gününüzü də əmin-amanlıqda, koronavirussuz dünyada qeyd edərsiz. Bəs, karantin rejimini necə yola verirsiniz? Ağasəlim müəllim "yaş limiti" qoyulduqdan sonra evdə qaldığını, yalnız 1 gün, o da icazə ilə evdən çıxdığını söylədi: "65 yaşdan yuxarı insanlara evdən çıxmaq qadağan ediləndə şəhərdəki evimdə qalırdım. Gün ərzində nə qədər evə girib, eyvana çıxmaq olardı? Adam bezirdi. Aprelin 4-də ailəmlə Şüvəlandakı bağa köçdüm. Burada xeyli rahatam. Günümü bağçada keçirirəm, ağaclara, güllərə qulluq edirəm. Təbiətin canlanan vaxtıdı, adama ləzzət edir".
Bağbanlıqdan savayı Ağasəlim müəllim qalan vaxtını köhnə futbolları izləməklə keçirir, dost-tanışla futbolla bağlı müzakirələr aparır. Hə, bir də rusiyalı məşqçi Hacı Hacıyevin avtobioqrafik kitabını oxuyub. Dediyinə görə, maraqlıdır, hamıya oxumağı məsləhət görür.
Mircavadov bağ evində gününü nə qədər maraqlı keçirməyə çalışsa da, şəhər həyatı üçün darıxdığını söyləyir: "Bayır adamıyam, evdə çox qalmaq da adamı təngə gətirir. Bircə bu bəla yoxa çıxsaydı..."
... Qasımovsa yerölçməklə məşğuldur
Digər veteran futbolçumuz Nadir Qasımov da bütün gününü evdə keçirir. Ağasəlim müəllimdən fərqli olaraq, Nadir müəllim NZS-də bina evində yaşayır. "Bu ev 1932-ci ildə tikilib. 2 mərtəbəli "qamış" evlərdi. Bina evində nə etmək olar? Köhnə futbollara baxıram, film izləyirəm, veteran futbolçularla telefonla dərdləşirəm, balıqlarıma qulluq edirəm. Evdən 200 metr məsafədə gəzməyə icazə olduğundan arada məhləyə düşürəm. Yoxsa, ayaqlarım şişər. Demə, binanın uzunluğu 49 metr, qonşu bina ilə arasındakı məsafə isə 10 metr imiş. Hamısını bekarçılıqdan ölçmüşəm".
Nadir müəllimdən yarızarafat-yarıgerçək pilləkənləri sayıb-saymadığını soruşduq. Gülərək hələ buna vaxtının çox olduğunu söylədi. Bina evində bir qədər darıxdığından aprelin əvvəlində dostunun bağ evinə köçmək istəyən Nadir müəllim DİN-ə müraciət edib. Amma icazə ala bilməyib: "Bağa köçə bilsəydim, bir az həyət-baca ilə başımı qata bilərdim. İcazə vermədilər. Qanun qanundur, pozmaq olmaz. Görünür, karantinin sonuna qədər burada qalmalı olacam. Yaxşı ki, yoldaşımın 65 yaşı tamam deyil, yayda olacaq. İcazə alıb alış-verişə gedə bilir".
Yaşdan söz düşmüşkən, iyunun 27-də Nadir müəllimin 70 yaşı tamam olacaq. O vaxta kimi hər şeyin qaydasına düşəcəyinə inanan veteran futbolçumuza koronavirussuz yubiley arzu edirik.
"Sanki ev dustağıyam, oturmaqdan ayaqlarım şişib"
Karantin dövründə ən çox darıxan sabiq beynəlxalq dərəcəli hakim Rüstəm Rəhimovdur desək, yanılmarıq. Rüstəm müəllim gününü "Malakan bağı" tərəfdəki evində keçirməyə məcburdur. Üstəlik, eyvana da düz-əməlli çıxa bilmir: "Dekabrda əməliyyat olmuşam, ona görə soyuq havada çox dayanmaq olmaz. 2-3 dəqiqəlik eyvana çıxıram, sonra yenə otağa qayıtmağa məcburam. Qocalıq bir şey deyilmiş, yaşım 65-i keçdiyi üçün heç icazə alıb mağazaya da gedə bilmirəm. Sanki ev dustağıyam, oturmaqdan ayaqlarım şişib".
Martın 6-da 72-i yaşı tamam olan Rüstəm müəllim gününü televizora baxmaqla, mütaliə etməklə keçirir. Arada veteran futbolçularla dərdləşir: "Azərbaycandakı veteranlardan başqa, Moskvada yaşayan Vitali Şevçenko ilə, Nyu-Yorkdakı həmyerlimiz Arif Zərbailovla tez-tez əlaqə saxlayıram, oradakı vəziyyətlə maraqlanıram. Karantin rejimi mayın 4-ə kimi uzadıldı, bəlkə icazə alıb bağa köçdüm. Orada isə şərait yaxşı deyil".
"55 ildir evliyik, bir-birimizə həyan oluruq"
Səhhətində problem olan digər veteran futbolçumuz Yaşar Babayevdi. Dünən 79 yaşını qeyd edən Yaşar müəllim hələ dekabr ayından evdə qalmağa məcbur olub. İkinci dəfə insult keçirən Babayevin səhhəti tədricən düzəlməkdədir. Bu barədə məlumatı onun həyat yoldaşı Toma xanımdan aldıq: "Müalicə alır. Hərəkətlərində problem olmasa da, danışığında çətinliklər qalmaqdadı, fikrini aydın izah edə bilmir. Yaşar müəllim gününü televizora baxmaqla, kitab oxumaqla keçirir".
Toma xanımın da yaşı 65-i keçib. Daha dəqiq, 75-dir. Bəs, lazımi dava-dərmanı, ərzağı kim alır? Toma xanım bu yöndə problemlərinin olmadığını söylədi: "AFFA, "Neftçi" nə lazımdırsa, təşkil edir. Başqa nəsə lazım olanda övladlarımız dadımıza çatır. Evdən çıxmamaq hər ikimiz üçün ağırdı. Amma 55 ildir evliyik, bir-birimizə həyan oluruq".
"Həyat yoldaşımla bir yerdəyəmsə, niyə darıxmalıyam ki?"
"Bürünc "Neftçi"nin canlı əfsanələrindən biri olan Kazbek Tuayevə də həyat yoldaşı həyan olur. Kazbek müəllim bina evində yaşayır. 1 aydır ki, evdə qalmasına baxmayaraq, darıxmadığını söyləyir: "Həyat yoldaşımla bir yerdəyəmsə, niyə darıxmalıyam ki? Televizora baxırıq, söhbət edirik, dost-tanışla əlaqə saxlayırıq. Hə, bir də nərd oynayırıq. Təəssüf ki, həmişə məğlub oluram. Yoldaşım əla zər atır. Qısası, günümüzü maraqlı keçirməyə çalışırıq. Amma nə qədər darıxmasam da, karantinin bitməsini gözləyirəm. Dövlətimizə, Prezidentimizə təşəkkür edirəm ki, virusla mübarizədə vacib qərarlar verdi. İndən sonra da verilən qərarlara əməl edəcəyik".
Söhbət əsnasında noyabrın 13-də 80 illik yubileyini qeyd edəcək Tuayev həyatı haqqında kitab yazdığını, amma kitabın işıq üzü görüb-görməyəcəyi haqqında hələ dəqiq qərar vermədiyni də bildirdi.
"Nəyə görə küçədə oğlum yaşında olan polis mənə irad tutmalıdı?"
"Telefon, televizor olmasa, bəlkə də çoxdan özümü 10-cu mərtəbədən atmışdım". Bu sözlər Mingəçevir futbolunun nümayəndəsi, Əlillər Futbol Federasiyasının prezidenti Şaiq Həmidova məxsusdur. Şaiq müəllim karantin rejimində çox darıxdığını deyir. Oktyabrın 19-da 69 yaşını qeyd edəcək hakim-inspektor evdə ürəyinin sıxılmasına rəğmən, qaydalara riayət edir: "Qadağa tətbiq olunandan evdəyəm. Buna kimi iş-güc çox olurdu, günün necə gəlib, necə keçdiyini hiss etmirdim. Boş vaxtımda yaşlı insanlarla həyətdəki "besedka"da dərdləşirdik. Sonra da quş yuvasına qayıtdığı kimi hərə çəkilirdi öz "quş yuvası"nı. Bina evinə başqa nə ad verəsən? İndi heç biri yoxdur".
Şaiq müəllim arada şəhərə çıxıb gəzmək imkanının olduğunu desə də, bunu yaşına-başına yaraşdırmadığı üçün etmir. Karantin rejimində yalnız 3-4 dəfə həyətə düşüb avtomobili işə salıb ki, akkumlyatoru yatmasın: "Özüm şəkər xəstəsiyəm, mütəmadi olaraq həkimə getməliyəm. İcazə olmadığından özüm özümə həkimlik edirəm. Ürəyim sıxılanda şəhərə çıxıb gəzmək istəyirəm. Amma bunu özümə yaraşdırmamışam, dözürəm. Biz yaşlı insanlar gənclərə nümunə olmalıyıq. Nəyə görə küçədə oğlum yaşında olan polis mənə irad tutmalıdı? Dərmanı, ərzağı oğlum alır".
Demə, Şaiq müəllim yanvarın əvvəli koronavirusun ocaqlarından biri hesab edilən Milandan qayıdıb. Bundan cəmi 1 ay sonra orada baş verənlərdən bütün dünyanın xəbəri var. Yaxşı ki, oradakı turniri ilin əvvəlinə salmışdılar. Yoxsa... Hər halda virusa yoluxub xəstəxanada yatmaqdansa, evdə darıxmaq yaxşıdı, Şaiq müəllim.
"Qanun qanundur, hamımız əməl etməliyik"
Dostlarından sarı darıxanların sırasında "Qəbələ" Futbol Akademiyasının seleksiyaçı məşqçisi Böyükağa Ağayev də var. Bakıxanov qəsəbəsində, "Neftçi"nin Təlim-Məşq Bazasının yaxınlığında bina evində yaşayan Böyükağa müəllimin mənzili 11-ci mərtəbədə yerləşir. Eyvandan gözəl mənzərə açılır: "Aeroport yolu, "Neftçi"nin təzə bazası, dəmiryol stansiyası... Mənzərə darıxdırıcı deyil. Hər halda bütün günümü eyvanda keçirə bilmərəm ki. Başımı köhnə futbollarla, veteranlara zəng etməklə qatıram. Hərdən havamı dəyişmək üçün həyətə düşürəm. Neyləmək olar? Qanun qanundur, hamımız əməl etməliyik".
Karantin dövründə Ağayevlər ailəsində bazarlığı həyat yoldaşı edir. Yanvarın 15-də 72 yaşı tamam olan Böyükağa müəllim "yaş limiti"nə düşsə də, xanımının 1 il vaxtı var. Bu üzdən SMS-lə icazə alıb 2 saatlıq olsa da, evdən çıxa bilir. Böyükağa müəllim zarafatla bu mənada xanımına paxıllıq etdiyini də deyir.
Mirzəyev gününü "Ziko" ilə keçirir
Fevralın 16-da 68 yaşını tamamlayan Rafiq Mirzəyev xüsusi karantin rejimindən xeyli əvvəl, hələ mart ayında Mərdəkandakı bağ evinə köçüb. Sağlığına qismət, dediyinə görə böyük həyət-bacası var, gününü ağaclara, kollara qulluq eləməklə, ot-alaq təmizləməklə keçirir: "Evim "Dağla Arena"nın yaxınlığındadı, düz dənizin kənarında. Səhər 9-dan axşam 6-a kimi həyətdə ağaclara, güllərə qulluq edirəm. Desəm ki, darıxıram, yalançı olaram".
Axşama kimi bağbanlıqla məşğul olan Rafiq müəllim şər qarışandan sonra vaxtını ya televizorun qarşısında "öldürür", ya da qonşusu "Ziko" ilə nərd oynayır: "25-30 il əvvəl bura təzə köçmüşdük. Dəniz kənarında futbol oynayırdıq. Hüseyn kişi hamımızdan hərəkətli idi. Ondan sonra zarafatla Hüseyn kişini "Ziko" deyə çağırmağa başladım. Elə o vaxtdan ləqəbi belə də qaldı. Bu gün Mərdəkanda hamı onu bu ləqəblə tanıyır".
Hüseyn kişi peşəkar olmasa da, yaxşı futbol oynayırmış. Keçmiş zamanda ona görə deyirik ki, indi 85 yaşı var. Rafiq müəllimin bağda günlərinin xoş keçdiyini desə də, karantinin bitməsini də gözlədiyini söylədi. Səbəbsə, dostlarından ötrü darıxmasıdı.
"Düzünü desəm, heç darıxmağa imkan olmur"
Veteran futbolçuların əksəriyyəti Bakıda yaşayır. Amma bölgələrdə də futbolumuzun yaşlı nümayəndələri az deyil. Onlardan da biri Gəncə futbolunun canlı əfsanəsi Müzəffər Qasımovdur. Müzəffər müəllim fevralın 23-də "80"ə keçib. Gəncədə şəhərin mərkəzində yaşayan veteran karantin rejimində yaranan vaxt boşluğunu daha çox arxivini vərəqləməklə keçirir: "Həyat yoldaşımla köhnə broşüralara, yazılara, şəkillərə göz gəzdiririk. Düzünü desəm, heç darıxmağa imkan olmur. Arada qonaq qəbul edirəm, oğlum, nəvələrim gəlir. Evə bazarlığı onlar edirlər. Uşaqların yoxluğunda vacib bir şey lazım olsa, heç icazəyə ehtiyac duymuruq. 4-cü mərtəbədə yaşayırıq. Bizim binanın 1-ci mərtəbəsində aptek də var, mağaza da. 5-10 dəqiqəliyinə düşüb-qalxırıq".
Müzəffər müəllim hər gün dost-tanışla, qohum-əqraba ilə, köhnə futbol adamlarıyla telefonla danışır, dərdləşir. Hərdən özünün təbirincə desək, qeybət də edir. Müzəffər müəllim, bəs, hərəkət? Axı, siz yaşda insanları həyatda tutan amillərdən biri də hərəkətdə olmaqdı. Gəncəli veteran bunun problem olmadığını deyir: "Evim 3 otaqlıdı. Eyvan da xeyli böyükdü. Gündə 5-10 dəfə hər otağa girib-çıxanda görün nə qədər hərəkət etmiş oluram".
Bəs "Həkim baba" hardadır?
Elə insanlar var ki, futbolçu olmasalar da, futbolumuz adına böyük işlər görüblər. Bu mənada ilk yada düşən şəxslərdən biri Boris Xetaqurovdur. Sonuncu hal-əhval tutduğumuz insan avqustun 8-də 80 illik yubileyini qeyd edəcək Boris Nanayeviç oldu. Demə, Xetaqurov Rafiq Mirzəyevlə qonşu imiş. O da karantini Mərdəkandakı bağ evində keçirir. Dediyinə görə, günü o qədər də darıxdırıcı olmur, başını qatmağa o qədər iş var ki: "Bağ-bağatla əlləşirəm, kitab oxuyuram, televizora baxıram, telefonla danışıram. Ən çox Çingiz İsmayılovla əlaqə saxlayıram. Onunla yada salmalı çox hadisələr var".
Boris Nanayeviç imkan düşən kimi arxivini vərəqləyir. Köhnə yazılara göz gəzdirir, fotoşəkilləri səliqəyə salır. Arxivinin bir hissəsinin əlindən çıxmasından şikayətlənir: "Şəkillərin xeyli hissəsini jurnalistlərə, dost-tanışa vermişəm. Çox az hissəsini qaytarıblar. Tərslikdən kimə nə verdiyim yadımda deyil ki, istəyim".
Şəkildən söz düşmüşkən, "Həkim baba"dan yeni fotosunu istədik. Saqqal saxladığını deyərək, nəzakətlə imtina etdi: "Düzü, telefonun sadədir, şəkil çəkmir. Həm də görüm karantindən sonra yeni imicim bəyəniləcək?"
Söhbət əsnasında Xetaqurov bir həkim kimi "yaş limitinə düşən" veteranlarımıza məsləhət verməyi də unutmadı: "Səhər erkən oyansınlar. Çox yatmaq insana ziyandı. Kimin mənimki kimi həyət-bacası varsa, bir az gəzişsin. Bina evində yaşayanların isə gündə 2-3 dəfə idman hərəkətləri etmələri məsləhətdi. Bizim yaşda insanların əksəriyyəti şəkərdən, təzyiqdən əziyyət çəkir. Bu mənada pəhrizlərinə, yeməklərinə fikir versinlər. Otaqların havasını gündə 2-3 dəfə dəyişsinlər. Ən əsası ruhdan düşməsinlər. Çünki bu, müvəqqəti çətinlikdi, tezliklə həyat öz axarına düşəcək".
İlqar TAĞIYEV
525.az