“Kəpəz”in baş məşqçisi Yaşar Vahabzadə Rekord.az-a müsahibə verib:

 

 

-  Yaşar müəllim, komandanız kubokda yaxşı çıxış etdi, heç kimin gözləmədiyi halda “Sabah” səddini keçdi, “Keşlə”yə qarşı da yaxşı mübarizə apardı. Amma çempionatda vəziyyət o qədər də yaxşı deyil. Səbəbini nə ilə izah edərdiniz?

 

- Ümumi götürəndə ab-hava yaxşıdır. Düzdür, çempionatda inamlı çıxış etmirik. Xüsusilə son turda “Zaqatala”ya məğlub olduq. Amma kubokdakı çıxışımız göstərdi ki, komandanın potensialı var. Eyni oyunu niyə çempionatda göstərə bilmirik, bəlkə də kubokdakı nəticənin eyforiyası var. Bu barədə futbolçularla danışıb sözümü demişəm. Bir də yaratdığımız qol epizodlarından maksimum istifadə edə bilmirik ki, bunun da təsiri var.

 

- Qol epizodlarını dəyərləndirmək üçün daha keyfiyyətli futbolçular lazımdır. Demək olarmı, bu tip futbolçuları Gəncəyə dəvət edə bilmirsiniz? Yəni paytaxtdan kənar olması, şəraitsizlik, az maaş və s.

 

- Bilirsiniz, “Kəpəz”ə gələn futbolçu bilir ki, burda maaş nədi, şərait necədi. Mən deməzdim ki, şərait yoxdur. I Divizion səviyyəsinə görə şəraitimiz yaxşıdır. Sadəcə, limit bizə problem yaradır.

 

- Şəraitin yaxşı olduğunu dediniz. Elə sizdən narazı olan bir qrup gəncəli azarkeş də məhz bu məqamı qabardaraq bildirib ki, normal şərait olduğu halda komanda niyə yaxşı nəticə göstərə bilmir, “Zaqatala”ya niyə uduzur...

 

-  Azarkeşlərin fikirlərinə hörmətlə yanaşıram. Ola bilsin, kubokdakı nəticədən sonra bizdən daha artığını gözləyirlər. Mətbuatda gedən narazılıqlar, tənqidlərə gəlincə, açığı həmin yazılara o qədər də fikir vermirəm. Bəli, şərait normaldı. Amma o şərait də mən və icraçı direktor İlqar müəllim komandaya gələndən sonra düzəlib.  Bu gün “Kəpəz”də 15 yerli uşaq oynayır, 3 futbolçumuz müxtəlif yaşlı millilərə cəlb olunur. Hətta bəzi Premyer Liqa klublarından əlaqə saxlayıb bəzi futbolçularımızı istəyirlər. Lakin həmin uşaqların özümüzə də lazım olduğunu bildirib buraxmırıq. Bütün bunlar gördüyümüz işin nəticəsidir.

 

- Etiraf edək ki, təyinatınızın ilk günlərindən təzyiqlərlə üz-üzəsiniz. Gəncəli futbolsevərlərin, futbol ictimaiyyətinin böyük əksəriyyəti sizi istəmir və düşünür ki, Gəncədə gəncəli məşqçi işləməlidir. Yəni özümüzdə xeyli mütəxəssis ola-ola niyə Bakıdan məşqçi gəlib burda işləməlidir...

 

- İndi mən Bakıda futbol oynamışam deyə, Gəncədə işləyə bilmərəm? Gəncəli məşqçilər Bakıda işləmir? Düşünürəm ki, bu cür söhbətlərin yeri yoxdur.

 

- Amma sizin Gəncədə işləməyinizi istəməyən qüvvələrin olması dəqiqdir...

 

- Həmin qüvvələr məni maraqlandırmır. Məni öz işim maraqlandırır. Yuxarıda da qeyd etdiyim kimi, komandaya 15 gəncəli futbolçu cəlb olunub, 3 nəfər futbolçumuz milli komandalara cəlb olunub. İndiyə qədər nə vaxt belə nəticə olub? “Kəpəz” Premyer Liqada çıxış edəndə komandada bir gəncəli var idi, o da Tural Rzayev. Bu gün amma 15 nəfərdi. Demirəm ki, hamısı yüksək səviyyəli futbolçu olacaq. Amma hamısının potensialı var və gələcəkdə 3-4 nəfəri milli səviyyəsində oynasa, bunun özü də böyük nəticə olacaq.

 

-  Yəqin ki, “Kəpəz”ə yeni sponsorun tapılması ilə bağlı xəbərlərdən məlumatınız var. Sponsoru tapan Mehman Allahverdiyevdi və artıq məsələ ilə bağlı AFFA ilə danışıqlar gedir. Komandaya sponsorluq etmək istəyən şəxs isə bildirib ki, o, komandanın prezidenti postunda Mehman Allahverdiyevi görmək istəyir. Əgər bu, reallaşsa yəqin ki, siz “Kəpəz”dən getməli olacaqsınız. Çünki Allahverdiyev “Kəpəz”in baş məşqçisinin gəncəli olmasını istəyəcək.

 

- Təki komandaya sponsor gəlsin, komandaya baxan olsun. Fərqi yoxdur, orda Yaşar işləyəcək, ya qeyrisi. Bizim əsas istəyimiz Gəncədə futbolun varlığıdır.

 

-  Sonda bir futbolçu haqda xüsusi soruşmaq istəyirəm. Söhbət Cavid Qurbanov adlı gənc qapıçıdan gedir. Hansı ki, bir müddət mətbuatda haqqında çox yazıldı. Atası da narazılıq edirdi ki, övladına sahib çıxan yoxdur, qarşısında süni maneələr yaradılır. Bildiyimiz kimi, Cavid “Kəpəz”in U-17 komandasının qapıçısı olub. Yaşar Vahabzadə 195 sm-lik qapıçının imkanından niyə istifadə etmədi?

 

- Birincisi, o qapıçını “Kəpəz”ə mən gətirməmişdim. Onu bizim U-17 komandamızın məşqçiləri dəvət etmişdi. Mən də onların işinə müdaxilə edə bilməzdim. Amma həmin qapıçını mən də izləyirdim. Eyni zamanda haqqında məlumatlıar da toplayırdım. Bizdən əvvəl oynadığı komandalar, nizam-intizamı, xarakteri və s.

 

- Bəlkə sizə yanlış məlumat verirdilər? Çünki atası da iddia edirdi ki, sabiq klubu “Keşlə” Cavidlə bağlı mənfi fikirlər formalaşdıraraq, onun oynamasına imkan vermirdi...

 

- “Keşlə”də onunla Cəmaləddin Əliyev məşğul olmuşdu. Cəmaləddin müəllim də ölkənin təcrübəli məşqçilərindəndir. Bilirsiniz necədir? Yaxşı, bu klubun biri pis olsun, ikisi pis olsun, nə oldu elə hamısı pis oldu? Demək ki, problem futbolçunun özü ilə bağlı olub. Bir ara dedilər ki, Ukraynadan təklif gəlib. Mən də dedim lap yaxşı, imkan yaradaq getsin. Sonra nə oldu? Niyə getmədi?

 

-  Atası imtina etmişdi.

 

- Görürsünüz?

 

- Gəlin sualı konkret qoyaq. Bir futbolçu kimi, Cavid sizi qane etmirdi?

 

- Çox zəif idi. Baxdığım oyunlarda bunu gördüm. Bəlkə də başqa oyunlarda yaxşı dayanıb. Amma mən izlədiyim oyunlarda zəif təsir bağışlamışdı.

 

Anar XANLAROV