Yaşar Vahabzadə: “Yaxşı oyun olan yerdə nəticə də olur”
- 05 Fev 2020 18:00
- 808
Birinci Divizionda təxminən iki aylıq qış fasiləsi başa çatır.
Rekord.az xəbər verir ki, klublar sabahdan çempionatın ikinci hissəsi üçün mübarizəyə başlayacaqlar.
Çempionata hazırlığın son mərhələsini doğma meydanda keçirən “Kəpəz”in baş məşqçisi Yaşar Vahabzadə klubun mətbuat xidmətinə startla bağlı fikirlərini bölüşüb:
“Hansı səviyyədə hazır olduğumuzu hər halda çempionat oyunları göstərəcək. Əvvəlcədən nəsə demək düzgün olmaz. Rəhbərlik tərəfindən məşqlər üçün normal şərait yaradılmışdı. Gəncədə təlim-məşq toplanışı keçib, Bakıda yoxlama oyunlarına çıxdıq. Düzdü, yoldaşlıq görüşləri ilə çempionat arasında fərq var. Mənə elə gəlir ki, komandanın hazırlığı normal vəziyyətdədi”.
Baş məşqçi komandanın heyətinə cəlb olunan futbolçular haqda da danışıb: “Kəpəz”in heyətinə qış fasiləsi müddətində yeni oyunçular dəvət etdik. Komandamız 6 futbolçu ilə güclənib. Rəqabətin olması yaxşıdı. Bu uşaqlara inanırıq. Komandaya uyğunlaşıblar. Bəziləri daha öncə də “Kəpəz”də oynayıb. Uşaqların arasında yaxşı münasibət var, bu da komandanın xeyrinədi”.
Aşağı liqada 2-ci dövrəyə 14-cü turun oyunları ilə start veriləcək. Tur çərçivəsində “Kəpəz” Bakı səfərində MOİK-in qonağı olacaq: “Yaxşı oyun göstərməyə çalışacağıq. Yaxşı oyun olan yerdə nəticə də olur. Hər ikisi bizim üçün vacibdi”.
Sonda xatırladaq ki, fevralın 6-sında keçiriləcək MOİK - “Kəpəz” görüşünə Lökbatan Olimpiya İdman Kompleksinin stadionu ev sahibliyi edəcək. Saat 14:00-da başlayacaq oyunun baş hakimi Fərid Hacıyev olacaq.